15 sentyabr – Bilik Günü münasibətilə Balakənin bütün ümumtəhsil müəssisələrində ilk zəng səsləndi. Kimisi bir sinif yuxarı keçdi, kimisi isə ilk dəfə məktəb həyatı ilə tanış oldu. Bu gün, şagirdlərin, müəllimlərin və valideynlərin yaddaşında sevinc dolu anlarla qalacaq.
2200-dən çox şagirdin təhsil aldığı Nizami Gəncəvi adına Balakən şəhər 1 saylı tam orta məktəbdə də Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbiri məktəbin direktoru Şəfiqə Tütünçüyeva açaraq məktəbin son illərdəki uğurlarından bəhs etdi. O, olimpiada və müsabiqələrdə fərqlənən şagirdləri iştirakçılara təqdim edərək onların nailiyyətlərini vurğuladı.
Tədbirdə iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Sektorunun müdiri Mehparə Murtuzəliyeva yeni dərs ilinə başlayan şagirdləri və müəllimləri təbrik edərək onlara uğurlar arzuladılar. Şagirdlərin ifasında səslənən mahnılar, şeirlər və rəqs nömrələri alqışlarla qarşılandı.
Qonaqlar müsabiqə qalibləri ilə xatirə şəkli çəkdirdikdən sonra bir neçə sinfin, o cümlədən 4a rus sinfinin ilk dərsində iştirak etdilər. Sinif rəhbəri Esmira Firudin qızı ilk dərsi Azərbaycan Respublikasının Konstitusiyasına həsr edərək, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildiyini vurğuladı və bu mövzu ilə bağlı şagirdlərə geniş məlumat verdi.
Yeni dərs ili Balakəndə ümid və sevinc dolu notlarla başladı.

















