Anım Günü ilə əlaqədar sentyabrın 27-də Balakən rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Anım Gününün beşinci ildönümünə həsr edilən ümumrayon tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin məsul şəxsləri,YAP Balakən rayon təşkilatı,siyasi rəhbər Azad Balayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Anım günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası həyata keçirilib.Rayonun Qazbinə,Katex ərazilərində yol kənarlarındakı sahələrə şam ağacları əkilib.Sonra Balakən şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlərimizin məzarlarına tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Daha sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Ümumrayon tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Balakən şəhidlərinə həsr edilmiş film nümayiş etdirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan ordusunun misilsiz fədakarlığı, yüksək peşəkarlığı və əzmi nəticəsində mümkün olub. Bu müharibədə Azərbaycan əsgəri dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi yazdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız daim xalqımızın qəlbində yaşayacaqdır. 27 sentyabr Anım Gününün xalqımız üçün milli birlik rəmzi olduğunu qeyd edən rayon rəhbəri vətənpərvərlik ruhunun gənc nəsillərə ötürülməsinin vacibliyini, milli həmrəyliyin və birliyin xalqımızın qüdrətinin əsas dayağı olduğunu diqqətə çatdırıb, müqəddəs şəhidlərimizin canlarını fəda etdikləri torpaqlarda aparılan böyük quruculuq işlərindən bəhs edib.
Tədbirdə şəhid anası Gülşən Kərimova, şəhid atası Şəmsəddin Tuhumov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış edərək Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin daim hörmət və ehtiramla yad olunacağını qeyd ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı hərbçilərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs edən çıxışçılar, həmçinin, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər ifa olunub və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin fotoları üçün qəzetin Facebook səhifəsindəki paylaşıma daxil olun: https://www.facebook.com/share/p/1776j488kb/
Yeni Balakən