Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak etdilər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi.
Tədbiri giriş nitqi ilə açan icra başçısı İslam Rzayev Dövlət Suverenliyi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində formalaşıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Rayon rəhbəri bildirib ki, 2024-cü il 19 sentyabr tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başlayıb. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin məntiqi yekunu, həm də qəhrəmanlıqla yazılan tariximizin rəsmi dövlət səviyyəsində əbədiləşdirilməsidir. 20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.
Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıb. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildirib.
Tədbir rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.











Yeni Balakən