Son onilliklərdə dünyada müşahidə olunan iqlim dəyişiklikləri qlobal səviyyədə ciddi sosial, iqtisadi və ekoloji nəticələr doğurmuşdur. Atmosferdə istixana qazlarının artması, orta illik temperaturun yüksəlməsi, təbii fəlakətlərin intensivləşməsi və su ehtiyatlarının azalması kimi məsələlər bunlara nümunədir. Qlobal iqlim böhranı təkcə ekoloji sistemlərə deyil, həm də insan hüquqları, iqtisadi inkişaf və dövlət siyasətlərinə ciddi təsir göstərməkdədir. Bu kontekstdə dövlətlərin beynəlxalq öhdəlikləri ilə yanaşı, milli hüquqi mexanizmlərin formalaşdırılması və icrası da xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası da qlobal iqlim dəyişikliklərinin təsirinə məruz qalan ölkələrdən biri olmaqla, bu sahədə müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş və iqlim dəyişikliyi ilə mübarizə siyasətini hüquqi əsaslarla möhkəmləndirməyə çalışmışdır. Ətraf mühitin mühafizəsi, davamlı inkişafın təmin edilməsi və iqlim dəyişikliklərinə qarşı adaptasiya mexanizmlərinin gücləndirilməsi dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir.
Tədqiqatlar göstərmişdir ki, son bir əsrdə Azərbaycan Respublikasının ərazisində orta illik temperatur göstəricilərində 0,4–1,3°C aralığında yüksəlmə qeydə alınmışdır. Bu artım ölkənin iqlim baxımından daha həssas hala gəlməsinə səbəb olmuşdur. Nəticədə, daşqınlar, quraqlıqlar, güclü küləklər, torpaq eroziyası və su ehtiyatlarının azalması kimi ekstremal hava hadisələri müşahidə olunur. Bu dəyişikliklər insan sağlamlığına, ərzaq və su təhlükəsizliyinə mənfi təsir göstərir, yoxsulluğu və xəstəlikləri artırır, məcburi miqrasiyanı gücləndirir. Ümumdünya Səhiyyə Təşkilatı bu prosesi XXI əsrdə bəşəriyyət üçün ən böyük sağlamlıq riski kimi qiymətləndirir. Mütəxəssislər isə bu təsirlərin bir qisminin uzunmüddətli və davamlı olacağını bildirirlər.
Azərbaycan Respublikası iqlim dəyişikliklərinin fəsadlarının azaldılması və ətraf mühitin qorunması məqsədilə bu sahədə normativ-hüquqi bazanın formalaşdırılmasına xüsusi önəm vermişdir. Dövlətin ekoloji siyasətinin hüquqi əsasını təşkil edən bir sıra qanunlar, strategiyalar və digər normativ aktlar iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində mühüm çərçivə yaradır. Bu hüquqi aktlar həm milli, həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.
Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Bu kontekstdə, Azərbaycan Respublikasının iqlim dəyişiklikləri ilə mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası ətraf mühitin qorunması və iqlim dəyişikliyinin fəsadlarının azaldılması məqsədilə bir sıra beynəlxalq sənədlərə qoşulmuşdur. Bu müqavilələrə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişini nümunə göstərmək olar.
Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) ratifikasiya etmişdir. Kioto Protokolu isə 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul olunmuş və 2005-ci il fevralın 16-da qüvvəyə minmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli qərarı ilə ölkəmiz də bu Protokola qoşulmuşdur. Azərbaycan Respublikası istilik effekti yaradan qaz tullantılarının kadastrının qeydiyyatı, o cümlədən milli məlumatların hazırlanması kimi vəzifələri yerinə yetirir. Dövlətimiz 2016-cı ildə Paris Sazişini ratifikasiya edərək, karbon qazlarının tullatınlarının azaldılması və aşağı karbonlu iqtisadiyyata keçid məqsədilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədindəki öhdəliklərini icra etməyə başlamışdır. Azərbaycanın əsas məqsədi 1990-cı il səviyyəsi ilə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmaqdır. Bu, ölkənin iqlim dəyişikliyinə qarşı öz töhfəsidir.
İqlim dəyişikliyi ilə mübarizə siyasəti kifayət qədər mürəkkəb siyasətdir. Bu siyasət özündə ən vacib şərt kimi beynəlxalq əməkdaşlığı nəzərdə tutur. Çünki bu yalnız bir dövlətin deyil, bütün dünya dövlətlərinin qarşılaşdığı ciddi ekoloji problemdir və bu problemin həlli beynəlxalq əməkdaşlığa əsaslanır. Təsadüfi deyildir ki, ölkəmiz qeyd olunan problemin həlli istiqamətində öz beynəlxalq səylərini daim davam etdirməkdədir. Birincisi, yuxarıda adları qeyd olunan beynəlxalq sənədlərin qəbulu bu prosesə dövlətin nə qədər önəm verdiyini bariz şəkildə əks etdirir.
Digər tərəfdən, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə sahəsində Tərəflər Konfransının (COP29) həyata keçirilməsinə də ev sahibliyi etmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 2 fevral tarixində imzalanmış 2469 saylı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş əsas prioritetdən biri də “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” kimi müəyyən edilmişdir. Bundan əlavə, qlobal səviyyədə iqlim mübarizəsinin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixində verilmiş Sərəncamla 2024-cü il Azərbaycanda “Yaşıl dünya uğrunda həmrəylik ili” elan edilmişdir.
Buna müvafiq olaraq 2024-cü ilin 11-24 noyabr tarixləri arasında Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmişdir. Konfransda dünyanın müxtəlif dövlətlərindən nümayəndələr iştirak edirdi. COP29 Bakı konfransı Azərbaycanın liderliyi altında qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm uğurlar əldə edilən, maliyyə dəstəyi və çoxtərəfli əməkdaşlıq sahəsində dönüş nöqtəsi oldu. Bakı Maliyyə Məqsədi, Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi, İtki və Zərər Fondunun institutlaşdırılması və adaptasiya üzrə yeni yol xəritəsinin yaradılması kimi qərarlar qlobal iqlim fəaliyyətində əsaslı irəliləyişlər təmin etdi və gələcək COP-lar üçün müsbət presedent yaratdı.
İqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycan Respublikasının digər orqanları kimi prokurorluq orqanlarının rolu da xüsusilə qeyd edilməlidir. Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiyada qeyd etmişdir ki, “bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir”. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev müxtəlif tədbirlərdə və konfranslarda Azərbaycan Respublikasının COP29 kimi əhəmiyyətli konfransa ev sahibliyi etməsinin, o cümlədən bu konfransın özünün istiqamətlərinin əhəmiyyətindən danışmışdır.
Qeyd etmək lazımdır ki, prokurorluq orqanları ətraf mühitin mühafizəsi sahəsində uzun illər ərzində davamlı və sistemli şəkildə fəaliyyət göstərərək bu sahədə hüquqi nəzarətin gücləndirilməsi, ekoloji cinayətlərin qarşısının alınması və təbii resursların qorunması istiqamətində mühüm rol oynamışdır. Azərbaycan Respublikasının prokurorluq orqanları həmçinin ətraf mühitin qorunması ilə bağlı qanunvericiliyin tətbiqinə ciddi diqqət ayıraraq, ekoloji təhlükəsizliyin və davamlı inkişafın təmin olunması üçün fəal tədbirlər həyata keçirirlər. Qeyd olunan tədbirlər içərisində ağacəkmə aksiyaları xüsusilə qeyd edilməlidir.
Balakəndə belə aksiyaların təşkilində,həyata keçməsində rayon prokuroru Camal Firudin oğlu Bağırovun rəhbərliyində prokurorluq əməkdaşları da fəal iştirak edirlər. Bu fəaliyyətlər prokurorluğun ekoloji məsələlərə verdiyi önəmin və vətəndaşların sağlam yaşayış mühitinə olan məsuliyyətinin göstəricisidir.
Beləliklə, qeyd edilməlidir ki, COP29 konfransı qlobal iqlim məsələlərində yeni mərhələ yaradaraq çoxşaxəli əməkdaşlıq və hüquqi nəzarətin gücləndirilməsini təmin etdi. Azərbaycan prokurorluq orqanları da ətraf mühitin qorunmasında mühüm rol oynayaraq, bu prosesə öz töhfələrini verməyə davam edir.
Samirə Kazımlı
Balakən rayon prokurorluğunun müstəntiqi