Balakən şəhəri Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin 05.11.2025-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində “Zəfər müjdəli Azərbaycan” adlı tədbiri keçirilib. Ədəbi, bədii kompozisiyanı liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Papaxova Sədaqət Seyfullah qızı Vb sinif şağirdləri ilə birlikdə hazırlayıb. Tədbir 8 noyabr Zəfər gününün şanlı tarixinə, qəhrəman ordumuzun igidliyinə həsr olunub.
Tədbirdə Balakən RİH başçısı vəzifəsini müvəqqəti icra edən Turan Dibirov, rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Sektorunun müdiri Mehparə Murtuzəliyeva, şəhid ailələri, qazilər, liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra canlarını vətənin bütövlüyü uğrunda fəda edən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir 8 noyabr “Zəfər günü”nə və 9 noyabr “Bayraq günü” həsr olunmuşdu. Səhnədə şagirdlər müxtəlif kompozisiyalar və vətənpərvər mahnılarla çıxış edərək tamaşaçılara xalqımızın qəhrəmanlıq salnaməsini, azad və müstəqil Azərbaycan uğrunda şirin canlarından keçən şəhidlərimizin, rəşadətli ordumuzun misilsiz hünərlərini əks etdirdilər. Kompozisiyada Balakən şəhidləri haqqında videoçarx nümayiş etdirildi. Turan müəllim tədbirdə çıxışı ilə xalqımızın qəhrəmanlıq salnaməsində ən parlaq səhifənin 8 noyabr “Zəfər günü” olduğunu vurğulayaraq qeyd etdi ki, 2020-ci ilin payızında Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Bu təkcə hərbi qələbə deyil, həm də xalqın birliyinin, inamının və vətən sevgisinin təntənəsi idi. O, qeyd etdi ki, dövlətimiz hər zaman şəhid ailələrinə dəstək göstərir.
Tədbirdə qonaqlardan Nəzakət Rüstəmova, şəhid bacısı Mehparə Murtuzəliyeva, liseyin adını daşıdığı Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun atası Tacəddin Novruzov, şəhid Elmir Kərimovun anası Gülşən Kərimova, 5-cilərin ibtidai sinif müəllimi Kəmalə Abdullayeva öz çıxışlarında balaca fidanlara ifa etdikləri kompozisiya və mahnılara, rəqslərə və şeirlərə görə minnətdarlıqlarını bildirdilər. Sonda liseyin direktoru Şaban Abdullayev qənaqlara və tədbirin ərsəyə gəlməsində köməklik göstərən valideynlərə və 5-cilərin sinif rəhbəri Sədaqət müəllimə təşəkkürünü bildirdi.
Yeni Balakən
Daha çox foto üçün üstdəki Facebook ikonuna tıkla








