81 yaşlı müəlliməyə bayram ziyarəti – həmrəylik və minnətdarlıq
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Balakən rayonunun Qaysa kəndində tənha yaşayan, uzun illər Qabaxçöl peşə məktəbində çalışmış Amalova Məleykə Ramazan qızı ziyarət olundu. Bu mənalı görüş Balakən rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, idarə heyətinin üzvləri Maqsud Bazarov və Meysarat Qaysayeva, Balakən RİH yanında İctimai Şuranın sədri Ramazan Molulovun təşəbbüsü ilə baş tutdu.
81 yaşlı Məleykə xanım tənha yaşasa da, bu bayram günü onun evində sevgi və hörmət dolu anlar yaşandı. Qonaqlar onu xoşladığı hədiyyələrlə sevindirdilər, bayram münasibətilə təbriklərini çatdırdılar. Məleykə Amalova Sovet dövründə Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, mühasib və iqtisadçı kimi çalışmış, Azərbaycanın müstəqillik illərində isə Qabaxçöl peşə məktəbində dərs demişdir. 70 yaşında təqaüdə çıxana qədər bu təhsil ocağında fədakarcasına fəaliyyət göstərmişdir.
Ziyarət zamanı Məleykə xanım peşə məktəbi kollektivindən razılığını bildirdi. Xüsusilə vida tədbirində ona göstərilən diqqət və hörməti unutmayan Məleykə xanım, məktəbin direktoru Azad Dibirova “Yeni Balakən” qəzeti vasitəsilə təşəkkürünü çatdırmağı xahiş etdi:
“Hörmətli Azad Dibirov, sizin mənə göstərdiyiniz xoş münasibəti, anlayışınızı, zəhmətimə verdiyiniz dəyəri unutmuram və hər yerdə bunu qiymətləndirirəm. Sizə təşəkkür edirəm.”
Məleykə xanım həmçinin qonşularına, qohumlarına və xüsusilə Sosial Xidmətlər Agentliyinin sosial işçisi Svetlana Bazarovaya göstərdikləri qayğıya görə minnətdarlığını bildirdi. Dövlətin ona göstərdiyi diqqətə görə cənab Prezidentə təşəkkürünü dilə gətirdi.
Sevincin gücü
Ziyarət günü Məleykə xanımın sevinc dolu anları yadda qaldı. Adətən yeriməkdə çətinlik çəkən, iki tutacaqlı, dörd ayaqlı xüsusi vasitədən istifadə edən Məleykə xanım, qonaqların gələcəyini əvvəlcədən bildiyindən həyətdə onları görəndə sevincindən hər şeyi unutdu. Ayaqda qalmaqda çətinlik çəksə də, heç bir vasitə olmadan bir neçə addım ataraq balkona çıxdı və qonaqları ayaqda qarşıladı. Bu an sevginin və diqqətin insan həyatında necə böyük gücə sahib olduğunu bir daha göstərdi.
Bu ziyarət həmrəylik gününün ruhuna uyğun olaraq, yaşlılara göstərilən hörmətin, keçmişə olan ehtiramın və insanlıq dəyərlərinin gözəl nümunəsi oldu.
Yeni Balakən









