“44 Günlük Savaşda Balakən Fədailəri” – Qəhrəmanlıqla dolu bir kitabın təqdimatı

“44 Günlük Savaşda Balakən Fəailəri”

Bu gün Balakən Mədəniyyət Mərkəzi daha bir mənalı tədbirə ev sahibliyi etdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbiçi mayor Şaban Daşdəmirovun qələmindən çıxan “44 Günlük Savaşda Balakən Fədailəri” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər, Qarabağ müharibəsi veteranları, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və digər sahələrdən qonaqlar iştirak etdilər. Kitaba önsöz yazan tanınmış tarixçi alim Akif Məmmədlinin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Digər natiqlər də kitabın məzmunu, mövzunun əhəmiyyəti və müəllifin yaradıcılığı haqqında geniş çıxışlar etdilər.

Kitab Mingəçevir Poliqrafiya Mərkəzində çap olunmuş, yüksək zövqlə hazırlanmışdır. Təcrübəli dizayner Rübabə xanımın dizaynı və müəllifin ideyası əsasında ərsəyə gələn bu nəşrdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarını fəda etmiş Balakənli şəhidlərin hər birinin rəngli fotosu, bioqrafik məlumatı və müəllifin onlar üçün yazdığı şeirlər yer alır. Bu kitab yalnız bir nəşr deyil – o, həm də bir xatirə, bir tarix, bir vəfa nümunəsidir.

Qələm sahibi Şaban Daşdəmirov – yazarlıq sahəsində “Şaban Abdulla” imzası ilə tanınan – bu əsəri ilə həm öz yaradıcılıq gücünü, həm də vətənə olan sevgisini bir daha sübut etmişdir. Ona yeni-yeni əsərlər yazmağı, yaradıcılığında uğurlar və ilham arzulayırıq.

                                                    Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir