Yanvarın ayının 12-də rayon icra hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Balakən Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri,şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. Bildirilib ki, ötən il bizim üçün ən mühüm hadisə Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh istiqamətində müsbət nəticələrin əldə edilməsi olub. 2025-ci il dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün böyük təntənə ilə qeyd edilməsi ilə əlamətdar olub. Eyni zamanda RİH başçısı ötən il sosial-iqtisadi sahədə Balakən rayonunda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Balakən Rayon Statistika İdarəsinin müdiri Əsəbəli Alqayev, Meliorasiya və Suvarma Sistemlərinin İstismarı İdarəsinin rəisi Eldəniz Xudeynatov, rayon Elektrik şəbəkəsinin rəisi Sabit Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən, Balakən rayonunda ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışılıb.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Yeni Balakən
P.S. Tədbir Balakəndə 2025-ci ilin yekunuyla bərabər 2026-cı ilin görüləcək işlərini də əhatə edirdi. Tədbirdə millət vəkili Nəsib müəllimin çıxışı digər natiqlərin çıxışından fərqlənirdi.Onun səsləndirdiyi iradlar,nüanslar Balakənlə,balakənliylə bağlı olduğu qədər, mənim anonsunu verdiyim,üzərində işlədiyim,sadəcə saxlanılan sabiq başçının istintitaqı ilə əlaqədar yubanan yazımın motivində,mövzusunda da yer alır.Bu barədə silsilə,geniş yazılar olacaq.Balakənin problemlərini,məsələlərini işıqlandırmağa Balakənin yerli mətbuatı yetir də,artır da.Kənardan gələnlərə,yazanlara heç ehtiyac yoxdu.Kənardan gələn problem üzərindən özünə gün “ağlayarkən”,yerli mətbuat rayonun problemdən qurtulmasına çalışır.Niyyətlər fərqlidir.Korrupsiya,rüşvət həm alana,həm də verənə eyni dərəcədə cinayət məsuliyyəti yüküdür.Verən sanmasın ki,alan tutuldu deyə özü və aralıqçı qurtuldu.Rüşvətlə iş başına gəlib,mayasını çıxarmağa,əgər mümkünsə üntündə xeyrini də götürməyə çalışanlardan Balakənə heç zaman xeyir gəlməyəcək,Balakənliyə faydası toxunmayacaq.Birinci körpələrimizi,uşaqlarımızı qorumaqdan başlayacağıq ki,ilk yazımız da elə bəzi məktəblərdən, direktorlarından olacaq…









