Category: Yazılar

Bu gün onun doğum günüdür

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”
0

Nəsib Məhəməliyev: “Hər zaman çalışımışam doğru, dürüst həyat sürüm”

Azərbaycanın ictimai-siyasi, dövlətçilik həyatında mühüm yer tutan, hansı vəzifədə və postda oturmasından asılı olmayaraq əsas amalı dövlətə və dövlətçiliyə, eyni zamanda vətəndaşa xidmət olan Milli Məclisin deputatı Nəsib Məhəməliyevin fevralın 11-də 65 yaşı tamam olur. Yubiley ərəfəsində millət vəkili ilə görüşüb ötən 65 ilə qısaca nəzər saldıq.
-Nəsib müəllim, fevralın 11-də Sizin 65 yaşınız tamam olur. Əvvəla səmimi qəlbdən təbrik edir və uzun ömür, möhkəm can sağlığı arzu edirəm. Nəsib müəllim, ilk sualım belədir. 65 ilə nəzər salanda nə qənaətə gələ bilirsiniz. 65 il şəxsi və ictimai-siyasi həyatınızda Sizə nələr qazandırdı?
-Əvvəla, təbrikə və xoş arzulara görə təşəkkürlərimi bildirirəm. Altmış beş ilə nəzər salanda, əsas qənaətim odur ki, hər zaman çalışımışam doğru, dürüst həyat sürüm. Heç zaman əqidəmə, dostlarıma, həmkarlarıma xəyanət etməmişəm və bu mümkün də deyil. Kimliyindən asılı olmayaraq, maksimum dərəcədə çalışmışam ki, insanlara yardım edim. Ələlxüsus, ehtiyacı olanlara, mədəniyyəti, əxlaqı, abırlı davranışları ilə seçilənlərə.
Şəxsi həyatımda özümü xoşbəxt hesab edə bilərəm. Məni sözsüz başa düşən, müasir düşüncəli, vətənpərvər, hər hansı şöhrətpərəstlikdən, merkantil dəyərlərdən uzaq, təvazökar ailəm var.

İctimai-siyasi planda da, hər şey göz önündədir. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə icra başçısı vəzifəsinə təyin olunmuşam. Daha sonra, cənab Prezident tərəfindən başqa rayona rəhbər təyin edilmişəm. Artıq üçüncü çağırışdır ki, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tövsiyəsi ilə, doğma rayonumdan, Milli Məclisə deputat seçilmişəm. Bu göstəricilər, mərkəzdən uzaq, sərhədyanı rayonda boya-başa çatmış, kənar dəstəyi olmayan istənilən fərd üçün uğurlu sayıla bilər. Bütün bunlara görə, Ulu Öndərimizə hər zaman, Allahdan rəhmət diləyir, cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. 65 illik həyat nə qazandırdı məsələsinə gəldikdə isə, təvazökarlıqdan uzaq olsa da, minlərlə insanın sevgisini, hörmətini, dualarını qazandırdı.
Hər şeyi şükranlıqla qəbul edən insanam.
-65 il ürəyinizcə olubmu, həyatı arzuladığınız kimi yaşamısınızmı?
-Şükürlər olsun Allaha. Həyat keşməkeşlidir, enişli-yoxuşlu, mürəkkəbdir. Yüzdə yüz heç nə olmur. Hər zaman maksimalist olmuş, qarşıma ciddi məqsədlər qoymuşam. Demək olar ki, əsasən nail olmuşam. Əsas odur ki, həyatı şərəflə yaşayasan. Səni ləkələmək üçün, bədxahların əlinə arqument verməyəsən.
-Ötən 65 ildə həyatınızda ən yadda qalan hadisə nə olub?
-Altmış beş il insan həyatı üçün az müddət deyil. O qədər hadisələr baş verib ki, hansı birini deyəsən. Həyatımızın əhəmiyyətli hissəsi sovet dövrünə düşür. Fərqli ictimai formasiyada, fərqli ideoloji prinsiplərlə böyümüşük. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq, SSRİ adlı superdövlət süquta uğramağa başladı. Qərbi Azərbaycandan soydaşlarımız qovuldu, 20 yanvar faciəsi, daha sonra Qarabağda təxribatlar baş verdi. Sovetlər İttifaqı dağıldı. Torpaqlarımız işğal olundu. Xocalıda və digər yaşayış məntəqələrində erməni separatçıları tərəfindən soyqırım aktları törədildi. 88-ci ildən 93-cü ilə qədər, altı siyasi rəhbərlik dəyişdi. Qətiyyətsiz, qorxaq, bəzi hallarda isə təcrübəsiz, insanlar hakimiyyətə gəldilər və bir balaca gərginlik yaranan kimi, başlarını götürüb qaçdılar. Təsəvvür edin, hər siyasi dəyişiklik cəmiyyətdə teropiya şoku yaşadır, yüz minlərlə məcburi köçkün ordusunun yaranması, torpaqların işğal olunması ilə nəticələnirdi. Bunlardan əlavə 93-cü ilin Gəncə hadisələrini, qardaş qanının axıdılmasını unutmaq qeyri-mümkündür. Ölkə, separatizm və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, başdan başa kriminallaşmışdı. Qardaş qardaşı tanımaq istəmirdi. Bu proseslər yaşadığım Balakən rayonunda da, çox ağrılı, ziddiyətli proseslərlə müşaiyət olunmuşdu. Bu gün, qətiyyətlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycan xalqlnı, dövlətini xilas etdi.
Yadda qalan hadisələr sırasında, çoxsaylı maliyyə-bank sahəsindəki qəfil islahatları, dövlət çevrilişlərinə cəhdləri, siyasi, ictimai xadimlərin qətllərini, Qarabağla, ölkənin ərazi bütövlüyü ilə bağlı beynəlxalq görüşləri, məsələn, prinsipial Lissabon sammitini, qonşu ölkələrlə sərhədlərin delimitasiya, demarkasiya proseslərini, aprel döyüşlərini, nəhayət 44 günlük Vətən Müharibəsinin hər gününü, xüsusilə, Şuşanın azad olunmasını, suverenliyin tam bərpası üçün aparılan döyüş əməliyyatlarını unutmaq mümkün deyil. Bütün bunlar bizim tariximizdir.
Şəxsi həyatımda, təbii ki, unudulması mümkün olmayan, çoxsaylı yadda qalan hadisələr baş verib. Ancaq, şəxsi həyatımla bağlı danışmağı, ailə daxili məsələləri ictimailəşdirməyi sevmirəm. Belə bir deyim var; xoşbəxtlik sakitliyi sevir. Həyatımızda baş vermiş hadisələrin, hansının çox, hansının az yaddaşlara həkk olunması, xüsusi əhəmiyyət kəsb etmir, fərdi məsələdir.
-Əgər zamanı geri qaytarmaq mümkün olsaydı həyatınızda nələrə yenidən baxar, nələri korrektə edərdiniz?
-Psixoloji aspektdən yanaşsaq, insanın özünü xoşbəxt hiss etməsinə üç şey mane olur.
Birincisi odur ki, daim gələcəklə bağlı nigarançılıqla, narahatlıqla, pessimist düşünürsən.
İkincisi, düşünürsən ki, dünyaya yenidən gəlsəm, bu və ya digər məsələlərdə fərqli davranardım, filankəsləri vəzifələrə təyin etməzdim, yaxın buraxmazdım, cəzalandırardım və s.
Üçüncüsü isə, mövcud vəziyyəti düzgün qiymətləndirməmək, hər zaman, hamıdan, hər şeydən narazı qalmaq. Bütün uğursuzluqlarının günahını başqalarında axtarmaq. Bax, bu üç amil insanların, xoşbəxtliklərini dərk etməsinə mane olur.

Mən fərqli düşünürəm və realistəm. İllyüzalarla yaşamıram. Nə olub, necə olub, fərqi yoxdur. Bütün səhvləri, yanlışlıqları ilə, bu mənim həyatımdı. Əgər, belə bir imkan olsaydı, təbii ki, müəyyən korrektələr olardı. Təcrübə zamanla gəlir.
-Maraqlıdır, Nəsib Məhəməliyev ad günlərini, xüsusilə yubileyləri kimlərlə qeyd edir, dəbdəbəli ad günləri keçirirmi?
-25 yaşdan sonra doğum günlərimi ümumiyyətlə qeyd etmirdim. Bu da, həmin tarixdən cəmi dörd gün sonra atamın qəflətən dünyasını dəyişməsi idi. 50 yaş və ondan sonra övladlarımın təkidi ilə, ailə daxilində, bəzi vaxtlar isə, yaxın dostların əhatəsində qeyd etməyə başladıq. Təmtəraqlı, dəbdəbəli tədbirləri xoşlamıram. Bu qəbildən olan tədbirlər, ancaq ailə üzvlərinin iştirakı ilə keçirilir.
-Yuniley ərəfəsində kimlərdən təbriklər, zənglər gözləyirsiniz?
-Tam səmimi deyirəm. Bu barədə heç zaman düşünmürəm. Təbrik edən də, etməyən də sağ olsun. Fərqli insanam, belə bir aludəçiliyim yoxdur. Məni xoşbəxt edən, mənəvi rahatlıq gətirən, insanların problemlərini həll edəndən sonra, “Allah balalarını saxlasın” kimi səsləndirdikləri səmimi fikirlərdir. Yoxsa, filankəs bayramda təbrik etdi və yaxud etmədi. Belə şeylərlə özümü yükləmirəm. Mənə qarşı bir addım atanlara, iki addım atıram. Əks halda, kimliyindən asılı olmayaraq, həmin insan mənimçün yoxdur.
-Bundan sonrakı həyatınızı necə davam etdirməyi düşünürsünüz?
-Hər bir insanın formalaşması, təcrübə toplaması üçün uzun illər, əldə olunan təcrübənin yeni gələn nəsillərə ötürülməsi lazımdır. İlk dəfə sizə açıqlayıram, gənclik illərindən bəri, qarşıma məqsəd qoymuşam ki, hər gün kimlərəsə kömək, yaxşılıq etməliyəm.
Bundan sonra da, ictimai-siyasi həyatda fəaliyyətimi davam etdirməyi, dövlətçilik tariximizi, təmsil olunduğum siyasi düşərgənin, Dövlət Başçımızın apardığı siyasətin mahiyyətini ictimaiyyətə çatdırmağı, imkan daxilində gənclərə dəstək olmağı, şəhid ailələrinin, seçicilərin problemlərinin həllində yardımçı olmağı düşünürəm.

                                                                        Yeni Balakən

Balakəndə Dilənçilik: Vicdanı Sarsıdan Mənzərə

Balakəndə Dilənçilik: Vicdanı Sarsıdan Mənzərə
0

Balakəndə Dilənçilik: Vicdanı Sarsıdan Mənzərə

Balakənin gündəlik həyatında artıq adiləşmiş, lakin heç vaxt adiləşməməli olan bir mənzərə var: dilənçilər. Küçələrdə, prospektlərdə, bazar önündə, xəstəxana girişində — demək olar ki, hər yerdə qarşımıza çıxırlar. Bu insanlar sadəcə yardım istəmir, onlar cəmiyyətin aynasıdır: sosial problemlərin, hüquq pozuntularının, vicdan sınağının aynası.

Sosioloqlar Dilənçiliyin Beş Növünü Ayırd Edir:

1.           Əmək qabiliyyəti olmayan fiziki qüsurlu və ya xəstə şəxslər.

2.           Narkomaniya, alkoqolizm və ailə qarşıdurmaları səbəbilə evsiz qalanlar.

3.           İnsan alverinin qurbanları — dilənçiliyi peşəyə çevirənlər.

4.           İşsizlik və ya tənbəllik səbəbilə çalışan, lakin ehtiyaclarını ödəyə bilməyənlər.

5.           Ağır ailə problemləri, xəstəlik və digər səbəblərlə məcbur qalanlar.

Bu kateqoriyalar dilənçiliyin səbəblərini anlamağa kömək etsə də, Balakəndə müşahidə etdiyimiz mənzərə daha acınacaqlıdır. Dilənçilər arasında dələduzlar və kölələr əsas qruplardır. Dələduzlar bu işi gəlir mənbəyinə çevirənlərdir. Kölələr isə — xüsusilə uşaqlar — bu sistemin qurbanlarıdır.

Balakənin Dilənçilik Xəritəsi

H.Əliyev prospekti, S.Gözəlov küçəsi, “Qalaktika” ərazisi, bazar önü, xəstəxana girişi — bu yerlər artıq dilənçilərin “iş nöqtələri”nə çevrilib. Hər birinin bir hekayəsi var: “Uşağım xəstədir”, “Allah balanı saxlasın”, “Allah rızası üçün”… Bəziləri qutu qoyur, bəziləri isə uşaqları önə çəkir. Ən acınacaqlısı isə azyaşlıların dilənçiliyə cəlb edilməsidir.

Uşaqların İstismarı: Cinayət və Köləlik

Bu gün bazardan Bayraq meydanına gedərkən 9-13 yaş arası bir neçə uşaq dilənçi ilə qarşılaşdım. Soruşduğum bir oğlan “Məlikzadədən” olduğunu dedi. Bəziləri Qaxdan, bəziləri Yevlaxdan gəlmişdi. Bu uşaqların bu işi özbaşına görməsi mümkün deyil. Onları bura gətirən, yönləndirən, axşam əlindəkini alan “müdürlər” var. Bu, sadəcə inzibati xəta deyil — cinayətdir. Uşağın hüquqlarının pozulması, onun istismarı, köləliyə məcbur edilməsidir.

Halbuki bu uşaqlar məktəbdə olmalı, təhsil almalı, normal vətəndaş kimi yetişməlidirlər. Onların gələcəyi qorunmalı, bilik və savadla silahlanmalıdırlar.

Hüquqi Perspektiv: Qanun Nə Deyir?

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dilənçiliyə sövq etmə, xüsusilə azyaşlıların bu işə cəlb edilməsi cinayət məsuliyyəti yaradır. Bu, uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Uşağın təhsil alma hüququ, normal inkişafı, təhlükəsizliyi — hamısı bu istismar nəticəsində əngəllənir.

Cəmiyyətin Reaksiyası: Laqeydlik və Ya Vicdan?

Bəzən insanlar bu mənzərəni görməməzlikdən gəlir, bəzən isə “yazıqları gəldi” deyib pul verir. Amma bu yardım, əslində, istismarın davamına xidmət edir. Həqiqi yardım — bu uşaqları bu sistemdən çıxarmaq, onları təhsilə, normal həyata qaytarmaqdır.

Balakənə Layiq Görüntü: Dilənçisiz Küçələr

Balakən 200-ə yaxın şəhidin, beş Vətən Müharibəsi Qəhrəmanının yurdudur. Bu torpağın adına yaraşmayan görüntüləri birlikdə dəyişməliyik. Hökumət, vətəndaş, cəmiyyət — hamımız əl-ələ verərək bu sosial yaraya son qoymalıyıq. Dilənçisiz Balakən tablosu yaratmaq mümkündür — yetər ki, istək və iradə olsun.

Nəticə: Hər Kəsin Məsuliyyəti Var

Bu yazı bir çağırışdır — vicdanlara, qanunlara, cəmiyyətə. Uşaqların göz yaşları, dilənən qadınların susqunluğu, yaşlıların ümidsiz baxışları — bunlar sadəcə görüntü deyil, bir SOS siqnalıdır. Bu siqnalı eşidək. Balakəni bu yükdən azad edək.

                                                    Ramazan Abal

🕊️ Qəhrəmanlıq qələmin gücü ilə yaşayır

Xalq Balakəndən yazır
0

İlqar Həsənovun qələmindən: Fərid Əliyevin hekayəti

Balakənin torpağı yalnız gözəl təbiəti ilə deyil, həm də igid övladları ilə tanınır. Bu torpağın yetirdiyi Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev haqqında yazılmış hər bir sətir, xalqımızın yaddaşına həkk olunmuş bir qəhrəmanlıq salnaməsidir. “Xalq qəzetinin” bölgə müxbiri İlqar Həsənovun qələmindən doğan “Bir qəhrəmanın hekayəti…” adlı yazı, bu salnamənin ən dəyərli səhifələrindən biridir.

✍️ Peşəkar jurnalistikanın gücü

İlqar Həsənovun yazısı sadəcə bir bioqrafik məqalə deyil. O, oxucunu Fərid Əliyevin həyatına, mübarizəsinə və insani dəyərlərinə doğru səmimi bir səyahətə çıxarır. Yazının dili sadə, lakin təsirlidir. Hər cümlədə həm fakt, həm də duyğu var. İlqarın peşəkarlığı onun hadisələri yalnız müşahidə etməsi ilə deyil, onları yaşaması ilə seçilir. O, Fəridin hekayəsini elə ustalıqla təqdim edir ki, oxucu sanki həmin görüşdə iştirak edir, həmin söhbətə qulaq asır.

🎖️ Fərid Əliyev – Balakənin qürur mənbəyi

Yazıda Fərid Əliyevin döyüş yolu, göstərdiyi şücaət, vətənə olan sevgisi və müharibədən sonrakı həyatına dair dəyərli məlumatlar yer alır. Onun sadəliyi, cəsarəti və xalqına bağlılığı bu yazıda bir daha ön plana çıxır. İlqar Həsənovun təqdim etdiyi bu obraz, gənclər üçün bir örnək, böyüklər üçün isə bir fəxarət mənbəyidir.

📚 “Yeni Balakən”də bu yazının yeri

Biz “Yeni Balakən” olaraq, belə yazıları yalnız paylaşmaqla kifayətlənmirik – biz onları yaşadırıq. İlqar Həsənovun bu yazısı, qəzetimizin ruhuna tam uyğun gəlir: yerli dəyərləri yaşatmaq, qəhrəmanlarımızı tanıtmaq və oxuculara həm bilgi, həm də ilham vermək. Bu yazı vasitəsilə biz Balakənin qəhrəman övladlarını daha yaxından tanıyır, onların hekayələrini gələcək nəsillərə ötürürük.

P.S. Həqiqətən,görəsən o əsgər son nəfəsində nə demək istəyirdi..?

                                                                                                     Ramazan Abal

Sarıbulaqda ilk addımlar: Xatirə müəllimənin sinfi dərsə başladı

Məktəbəqədər hazırlıq sinfi
3

Bu gün, oktyabrın 1-i, respublikamızın bütün ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq siniflərində dərslər başladı. Beş yaşı tamam olmuş balacalar ilk dəfə parta arxasında əyləşdilər — kimisi maraqla, kimisi həyəcanla, kimisi də anasından ayrılmaq istəmədiyindən göz yaşlarıyla. İlk dəfə müəllim qarşısında oturmaq, ilk dəfə “müəllim” sözünü eşitmək, ilk dəfə sinif yoldaşları ilə tanış olmaq — bu gün onların həyatında unudulmaz bir başlanğıc oldu.

Bu başlanğıclardan biri də M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində yaşandı. Baradova Xatirə müəllimənin sinif rəhbəri olduğu məktəbəqədər hazırlıq sinfi bu gün ilk dərsini keçdi. Sinif otağında balacaların maraqlı baxışları, valideynlərin sevinc və həyəcan dolu gözləri, müəllimənin qürurla dolu ürəyi bir araya gəldi. Valideynlər əlindən tutub məktəbə gətirdikləri övladlarının parta arxasında oturuşundan, ilk addımlarından fərəh duyur, gələcək arzularının ilk pilləsinə qədəm qoyduqlarını hiss edirdilər.

Xatirə müəllimə üçün bu gün ikiqat bayram idi. Bu onun müəllimlik həyatında ilk sinifi idi. İllərdir arzuladığı, kəndin balalarına bilik, təlim və tərbiyə vermək istədiyi o müqəddəs an nəhayət gerçəkləşdi. Müəllimlik peşəsinin şərəfini, məsuliyyətini və sevgisini ürəyində daşıyan Xatirə müəllimə bu sinifi öz vəsaiti ilə zövqlə bəzəmiş, balacaları sevgi ilə qarşılamışdı.

Valideynlərin dəstəyi bu uğurun arxasında dayanan ən böyük güc idi. Onlar Xatirə müəllimənin savadına, pedaqoji bacarığına inanaraq təkidlə övladlarının onun sinfində olmasını istəmişdilər. Hətta əgər bu sinif ona verilməzsə, uşaqlarını başqa məktəbə aparacaqlarını bildirmişdilər. Bu həm müəlliməyə olan inamın, həm də təhsilə olan dərin bağlılığın göstəricisi idi.

“Bəziləri”, savadsız və laqeydlər ucbatından peşəkar müəllimlərə sinif verilmirdi. Amma bu gün Sarıbulaqda həm valideynlərin, həm də Xatirə müəllimənin arzuları gerçəkləşdi. Bu sinif — sevgi ilə bəzədilmiş, inamla qurulmuş, gələcəyə ümidlə açılmış bir qapıdır.

Bu günün sevinci, bu sinifin başlanğıcı — gələcəyin uğurlarının müjdəçisidir. Körpə fidanlar Xatirə müəllimənin qayğısı ilə böyüyəcək, məktəbin uğurlarında onun da imzası olacaq. Və bir gün bu balacalar böyüyəndə, ilk müəllimlərini — Xatirə müəlliməni — sevgi ilə xatırlayacaqlar…

                                                                                Ramazan Abal

XUTRA RAMAZAN – 77

2

Bu günlərdə həmyerlimiz,tanınmış şair,Azərbaycan YB-nin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Xutra Ramazanın 77 yaşı tamam olur.Bu münasibətlə onunla görüşüb müsahibə aldıq.

-Ramazan müəllim,doğum gününüz münasibətilə sizi təbrik edirik,sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.Şərəfli ömür yolu keçibsiniz.Bütün mənalı həyatınızı Vətənə,dövlətimizə və xalqımıza həsr etmisiniz.Bu gün dönüb geriyə baxanda hansı hissləri yaşayırsınız?

-Bəli,Allah Təalanın verdiyi ömrün ahıl payımı da yaşamaq mənə nəsib olub.Həyatımdan razıyam.Ömrümü hədər keçirməmişəm.Cəmiyyətə əməyimin və əməlimin töhvəsini verməyə çalışmışam.Çox şadam ki,əvəzində insanların hüsn-rəğbətini hiss etmişəm.Bu,məni daha məsuliyyətlə və həvəslə yazıb-yaratmağa sövq edir.

-Həyat və yaradıcılığınız haqqında məlumat verməyinizi istərdik.

-Mən 1948-ci il avqustun 17-də Balakən rayonu Şərif kəndində anadan olmuşam.Orta təhsilimi Qabaxçöldə yerləşən Xalatala orta məktəbində almışam.1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakultəsini bitirib doğma kəndimə riyaziyyat müəllimi göndərilmişəm.Əvvəl təlim – tərbiyə işləri üzrə direktor müavini,sonra həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşam.Hal-hazırda təqaüddəyəm və bədii yaradıcılıqla məşğul oluram.

2018-ci ildən AYB-nin üzvü,7 kitab müəllifiyəm.Respublikanın 20-dən çox mətbu orqanlarında və televiziya kanallarında çıxış edirəm.Haqqımda filmlər çəkilib.23 poemanın müəllifiyəm.

Yaradıcılığım vətənə,doğma torpağıma,gözəlliklər məskəni bölgəmizin füsunkar təbiətinə və bu təbiətin özü qədər gözəl,saf insanlarına olan sevgidən qaynaqlanır.Məhəbbət mövzusu onun bütün təzahürləri ilə əsərlərimin ana xəttini təşkil edir.

İki dildə-Azərbaycan və Avar dillərində yazıb-yaradan Azərbaycanın avar oğluyam.Fəaliyyətimlə bu iki millət arasında canlı körpü yaradıram.

-Şair,bildiyimə görə Qarabağ mövzusunu,xüsusən 1-ci və 2-ci Vətən müharibələri ilə bağlı geniş yaradıcılıq işləriniz var.

-Əlbəttə 30 illik ağrısını yaşadığımız, həsrətin cəkdiyimiz doğma Qarabağ hər bir vətənpərvər  yazarın, o cümlədən mənim də daimi mövzümdur. Bu baxımdan, vətənə, onun ayrılmaz hissəsi olan Qarabağa hədsiz sevgi və can yanğısı ilə qələmə aldığım coxsaylı poema və şeirlər arasında 44 günlükVətən müharibəsini tərənnüm edən əsərlərim xüsusi yer tutur. Sonadək qələmə sarılıb cəbhədə fədakarlıqla döyüşən əsgərlərin sırasında oldum. Qanını mürəkkəb edərək vətən oğullarının qəhramanlığını yazdım. Qısa zaman kəsiyində vətən uğrunda səhid olan igidlərin, gəhramanların, qazilərin döyüş yoluna həsr etdiyim “Qartallar Şuşaya uçur” kitabını arsəyə gətirdim.ı Kitab böyük maraq və sevgi ilə qarşaılandı. Kitaba ön sözü yazan böyük şair-publisist, “Kredo” qazetinin Baş redaktoru, Beynalxalq Rəsul Rza laureatı Əli Rza Xələfli kitabı “Sözün Möhtəşəm abidəsi” adlandırır.

-Yaradıcılığınıza bələd olanlar sizi bahar və gözəllik şairi adlandırır. Şeirlərinizdən bahar təravəti gəlir. Lirikanız çox məlahətli səslənir. Baharı çox sevirsiniz, eləmi?

-Əlbəttə mən anamız təbiətin bakirə qızı olan baharın vurğunuyam, bizi əhatə edən hər şeydə-təbiətdə, insanlarda bahar gözəlliyini görürəm. Baharın gəlişini səbirsizliklə gözləyirəm.İlk bənövşəni görəndə qəlbimə ən ülvi duyğular dolur. Bu duyğular məni ilhama cağırır.

Bahar mənim üçüm tərifə alınmayan ilahi gözəllikdir:

Qoy sözlərim qonsun gülə-çiçəyə,

Bahar ətri gəlsin nəğmələrimdən.

Açım ürəyimi hər gözəlliyə,

Əzəldən gözəllik aşigiyəm mən.

Məni yaşadan da, şeirimə qanad verən də bahardır, gözəllikdir. Yazıram ki,insanlara bu gözəlliyi tövhə verim, sevinc bəxş edim.

İnanıram ana təbiətin füsünkar gözəlliyi, birdə insanların mənəvi gözəlliyi dünyamızı xilas edəcəkdir.

-Ramazan müəllim,siz istedadlı şair olmaqla yanaşı,adlı-sanlı müəllimsiz.Çoxsaylı yetirmələriniz hər sahədə çalışır,bir çoxları davamçılarınızdır.Rəhbərlik etdiyiniz məktəbin xoş sədaları hələ də yayılmadadır.Sizcə müəllim və şair məfhumları bir-biri ilə necə uzlaşır?

-Qismətimə mənəvi dünyamızın təmənnasız sakini olmaq düşüb.Ziyalı adını şərəflə daşıyıram,bununla qürur duyuram.Müəllim adı müqəddəsdir,o,bir yanar günəşdir ki,ziyası bəşər övladının zəkasını nurlandırır.Əslində şair və müəllim anlayışları bir-birini tamamlayır.Çünki hər ikisi yaradıcı fəaliyyətə bağlıdır.Biri zehnin memarıdır,o biri qəlbin.Məşhur alman alimi Veyerştrus deyirdi:”Qəlbən şair olmayan əsl riyaziyyatçı olmaz”.Əgər müəllim kamil insan tərbiyə etmək qayğısıyla yaşayırsa,şair olan isə ürəklərdə humanizm və məhəbbət toxumları səpməyə can atır.Doğma olan hər şeyi tərənnüm etmək necə də gözəldir!

Bütün bunların müqabilində şair zaman-zaman cəmiyyətdən diqqət və qayğı görür.Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyevin 100 illik medalları ilə təltif olunmuşam.Mahmud Kaşqari adına beynəlxalq fondun və digər mükafatları almışam.

Mən xalqıma və dövlətimə əmin-amanlıq,rifah və əbədi xöşbəxtlik arzulayıram.

-Dəyərli müsahibə üçün təşəkkür edirəm.Uğurlarınız bol olsun!

                                                                           Ramazan Abal.

HANSINDAN DEYİM

Çoxdur bizim yerin zövqü-səfası,

Наnsından söz açım, hansından deyim?

Yaxından, uzaqdan gələr sədası,

Çəmənin, çiçəyin nazından deyim.

Bu dilbər məkana cənnət dedilər,

Təbiət adına afət dedilər,

Qızıl payızına nemət dedilər,

Mən isə bakirə yazından deyim.

Qayaya kök atan qoşa qovaqdan,

Daşlardan süzülən zümrüd bulaqdan,

Dağların qoynunda yaşıl yaylaqdan,

Zirvəsində qarlı qışından deyim.

Bu gözəl diyara zinətdir insan, –

Avarla azəri bir ürək, bir can.

Söz açım mərdindən, qəhrəmanından,

Hünərvər oğlundan, qızından deyim.

Hər evin qapısı qonaq-qaralı,

Analar, gəlinlər əli sayalı,

Dərmandı süfrənin qaymağı,balı,

Sülhülü dadından, duzundan deyim.

Ramazan vurğundur gözəl hüsnünə,

Ulu keçmişinə, hər xoş gününə.

Min hava üstündə köklənib yenə

Sinəmin sözündən, sazındam deyim.

Sara ilə ucalan qadın — Nəriman Həsənzadə yaradıcılığında

“Aysun Məzahir qızı — gənc yazar, Bakı Qızlar Universiteti tələbəsi”
2

Redaksiyadan:

Yeni Balakən qəzeti olaraq gənc istedadlarımızı, qabiliyyətli gənclərimizi önə çıxartmaq, tanıtmaq, onların irəli getməsində, kövrək addımlarının inamla, güvənlə atdığı ilk yer — platforma olması yönündə fəaliyyətimiz, media dəstəyimiz bir növ missiyamızdır. Bu qəbildən növbəti tanıdacağımız gənc yazar — Asan xidmət könüllüsü, GİKM-də təlim-tədris mütəxəssisliyi üzrə məzun təcrübəçi, Bakı Qızlar Universitetinin 3-cü kurs tələbəsi Aysun Məzahir qızıdır. Onun ilk yazısı — “Sara ilə ucalan qadın — Nəriman Həsənzadə yaradıcılığında” — qadın obrazının ədəbiyyatda ucalığını poetik və duyğusal baxışla təqdim edir.

Sara ilə ucalan qadın — Nəriman Həsənzadə yaradıcılığında

Aysun Məzahir qızının ilk ədəbi essesi

Qadınların rolu, həyatı, mübarizəsi və cəmiyyətdəki mövqeyi həm klassik, həm də müasir ədəbiyyatda müxtəlif şəkillərlə təsvir olunub. Əsrlər boyu ədəbiyyatımızın ayrılmaz parçası olan qadın obrazı Nəriman Həsənzadə yaradıcılığında da öz yerini tutmuşdur.

Azərbaycan ədəbiyyatının nurlu simalarından biri olan xalq şairi Nəriman Həsənzadə qadını ən gözəl şəkildə vəsf edərək onu yüksək, əlçatmaz mərtəbəyə qaldırır. Onun poetik dünyası sevgini, vətəni, insanı, qadını ən incə çalarlarla ifadə edən bir xəzinədir. Misralarında gizlənən duyğular, həyat hekayələri oxucunu sözün sehrinə aparır.

Bu misralar qadına verilən dəyərin poetik ifadəsidir. Şairin həyat yoldaşı Sara xanım onun yaradıcılığının, ruhunun və ilhamının ayrılmaz parçası olmuşdur. Sara haqqında yazdığı sətirlərdə sevgi, ehtiram və minnətdarlıq bir-birinə qarışır. O, qadını yalnız bir obraz kimi deyil, həyatın dayağı, ailənin dirəyi, insanın mənəvi gücü kimi təqdim edir.

Sara xanımın gənclik illərindən başlayaraq şairin həyatına daxil olması, onunla bir ömür paylaşması və yaradıcılığının mərkəzinə çevrilməsi bu yazının əsas xəttini təşkil edir. Sara yalnız bir həyat yoldaşı deyil — o, şairin sirdaşı, tənqidçisi, ilham mənbəyi və ruh yoldaşıdır.

Sara xanımın vəfatından sonra Nəriman Həsənzadənin həyatında yaranan boşluq, onun şeirlərindəki kədər və tənhalıq hissi bu yazıda incəliklə təqdim olunur. “Ayrılıq” şeirindən gətirilən misralar bu hissləri daha da gücləndirir.

Aysun Məzahir qızı bu yazısında yalnız bir şairin həyatına deyil, qadının ədəbiyyatdakı ucalığına, onun mənəvi gücünə və insan həyatındakı yerinə poetik baxışla yanaşır. Bu ilk yazısı ilə o, ədəbiyyata olan sevgisini, duyğularını və düşüncələrini oxucularla bölüşür.

 Aysun Məzahir qızı

Bakı Qızlar Universiteti, III kurs tələbəsi

Asan xidmət könüllüsü, GİKM-də təlim-tədris mütəxəssisliyi üzrə məzun təcrübəçi.

Balakənin tarixi sənətləri,tanınmış sənətkarlarından

Varansov Əhma
3

Papaqçı Əhma – Sənəti Yaşadan, Sənəti Yüksəldən İnsan.

1939-cu ildə Balakən rayonunun Gərəkli kəndində dünyaya gələn Varansov Əhma Məhəmməd oğlu, papaqçılıq sənətinin canlı siması idi. 21 yaşında əsgərlikdən qayıtdıqdan sonra Gürcüstanın Siqnaxi şəhərində tanınmış papaqçı ustanın yanında üç il şagirdlik etdi. Bu illər ərzində papaqçılığın incəliklərini öyrəndi və sənətə olan sevgisini peşəyə çevirdi.

Balakənə qayıtdıqdan sonra, indiki R.Səmədov küçəsində yerləşən papaqçı dükanında ömrünün sonuna qədər bu sənətlə məşğul oldu. Sovet dövründə “Məişət xidməti” qurumunda fəaliyyətini davam etdirən Əhma usta, 1975-ci ildə “Master  Zolotoy Ruk” – “Qızıl Əllər Ustası” medalı ilə təltif olundu. Bu mükafat onun bacarığının və sənətə verdiyi töhfənin rəsmi tanınması idi.
Əhma usta dövrünün məşhur papaqçıları – Səlimov Muxtar, papaqçı Fazil, Əli kişi ilə çiyin-çiyinə çalışmış, özünəməxsus müştəri kontingenti ilə seçilmişdi. Onun dükanına hər təbəqədən insanlar üz tuturdu. Qonşu Dağıstan Respublikasının Balakənlə sərhəd kəndlərində yaşayan dağıstanlılar yay aylarında at üstündə Balakənə gələrək xurcunlarda gətirdikləri motal pendirləri Əhma ustanın tikdiyi papaqlarla dəyişərdilər.Sənətkar ölkədən kənarda da məşhur idi.Rəhmətlik millət vəkili, xeyirxah iş adamı, Balakən Konserv Zavodunun direktoru Əli Ansuski də onun müştəriləri arasında idi.
Şəxsi Xatirə – Bir Papağın Hekayəsi
Usta Əhma ilə bağlı şəxsi xatirəm də var. Rəhmətlik atam onun müştərisi idi. Bir gün atamla dükanının qarşısından keçərkən vitrinə düzülmüş papaqlar diqqətimi çəkdi. Atama “mən də papaq istəyirəm” dedim. Dükanın içində bizi gülərüzlə qarşılayan Əhma usta, atamın işarəsi ilə mənə tərəf əyildi, sol əlini çiynimə qoyaraq “Necə papaq istəyirsən?” – deyə soruşdu. Mən “yoluçnu” materialdan şapka istədiyimi dedim, çünki həmin rəngdə paltom vardı. Usta sanki ürəyimi oxumuşdu – model qəlibdən bir şapka çıxarıb “bu sənin razmerindir” dedi. Həqiqətən də üzərimə biçilmişdi. O papaqla paltomun vəhdəti ayrı bir gözəllik idi.
Sənətkarın Şəxsiyyəti
Əhma kişi yalnız bacarıqlı sənətkar deyil, həm də nümunəvi şəxsiyyət idi. Onu tanıyanlar onun haqqında xoş sözlər söyləyirdilər. Şair Həybullah Şəhmiroğlu onu belə təsvir edir:
“Qeyri-adi, gözəl xasiyyətli, tərbiyəli, əxlaqlı insan idi. El arasında belə bir deyim yaranmışdı: ‘Köhnə kişilərə, Əhma betəyə baxıb nümunə götürün’.”
Həybullah Şəhmiroğlu ona həsr etdiyi misrada deyir:
İllərlə tikib satdın şapkadan qeyrət-namus,
Dedim, kişi tayfası qoy qalmasın binamus.

Yadigarlar və Xatirə

1998-ci ilin avqust ayında dünyasını dəyişən Əhma usta bu gün fiziki olaraq aramızda olmasa da, onun sənəti, şəxsiyyəti və qızıl əllərlə tikdiyi papaqlar bizlərə yadigar qalıb.Ali təhsilli, savadlı iki qız  və bir oğul övladı onun ailə mirasıdır.

Əhma usta sadəcə sənətiylə yüksələnlərdən deyildi – o, sənəti yüksəldənlərdən idi.

                                                         Ramazan Abal

P.S.”Yeni Balakən”qəzetinin bu cür yanaşması Balakənin mədəni irsini yaşatmaq üçün əvəzsizdir. Hər ustanın hekayəsi bir sənət məktəbi, bir həyat dərsi kimidir.

24 Avqust – İlqar Həsənovun Doğum Günüdür.

İlqar Həsənov
1

Bu gün – 24 avqust – bizim üçün sadəcə bir tarix deyil, can dostumuz, əzizimiz İlqar Həsənovun dünyaya gəldiyi gündür. Səni tanımaq, səninlə dostluq etmək bizim üçün bir qürurdur. Azərbaycanımızın hər yerində qazandığın hörmət, insanların qəlbində tutduğun yer, sənin necə dəyərli, sevilən bir insan olduğunu sübut edir.

Sən dostluqda mərd, sadiq, sözünün arxasında duran, ürəyi geniş bir adam,sözün həqiqi mənasındakı-İnsansan. Hər zaman yanımızda olmağın, dəstəyin, səmimiyyətin bizə güc verir. Sənin kimi dostlar həyatda nadir tapılır – biz isə bu nadirliyi sənin varlığında tapmışıq.

Yeni yaşın, sənə yeni ümidlər, yeni uğurlar, yeni gülüşlər gətirsin. Sənin kimi dostlar həyatda az olur – biz isə bu azlığın içində ən gözəlini tapmışıq.

İlqar bəy təkcə şəxsi münasibətlərdə deyil, ictimai mühitdə də nüfuzlu və sevilən bir simadır. Onun varlığı ətrafına güvən, pozitiv enerji və dəyər qatır.

İlqarla keçən illər…

Uzun illərdən bəri bu günə qədər İlqarla paylaşdığımız xatirələr, gülüşlər, çətin günlər və uğurlar — hamısı bir kitabın səhifələri kimidir. Hər səhifədə İlqarın mərdliyi, sadiqliyi, insanlığı yazılıb.

Bu gün o kitabın yeni səhifəsi açılır — İlqarın yeni yaşı. Arzu edirəm ki, bu səhifə sevinc dolu, uğur dolu və sağlamlıqla yazılsın.

Yeni yaşın sənə sağlamlıq, xoşbəxtlik, uğur və sevgi gətirsin. Hər zaman gülərüz, enerjili və ilhamverici qal! Səninlə birgə daha çox gözəl günlər, xatirələr paylaşmaq ümidi ilə…

Ad günün mübarək, əziz Dostum!

Səni sevən və dəyər verən Balakənlilər,dostların adından – Ramazan Abal.

Vətən sərhəddən başlayır.

Tarixçi və Politoloq Zeynal əmrəliyev
0

Balakən rayonunda 18 avqust Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə “Vətən sərhəddən başlayır” adlı tədbir keçirildi. Tədbir rayon ictimaiyyəti,şəhid ailələri,qazilər,1-ci Qarabağ müharibəsi veteranları, sərhədçilər, yerli idarə nümayəndələrinin və digər qonaqların iştirakı ilə baş tutdu.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayan
tədbirin əsas məqsədi gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, sərhədçilərin fədakar xidmətinin tanıdılması və Azərbaycanın təhlükəsizliyində onların rolunun vurğulanması idi.

Rayon Gənclər İdarəsinda,”Əsgər Ailəsi Cəmiyyəti”-nin Balakən rayon şöbəsindən Nəfisət Vahid və Balakən Gənclər Evinin təşkilatçılığı,Balakən RİH-in və digər QHT nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətindən Şamil Nuriyev, Sərhəd Qoşunlarından Musa Muradov, Dövlət Sərhəd Xidmətinin kiçik giziri şəhid Amin Novruzovun atası Tacəddin Novruzov,şəhid anası Gülşən Kərimova,Gənclər İdarəsindən Sərxan Hacıyev,ehtiyatda olan zabitlər Şaban Daşdəmirov,Cavanşir İsmayılov,Sərvan Şibliyev,Vaqif Hümbətov,Aybəniz müəllimə,politoloq və tarixçi Zeynal Əmrəliyev və digər çıxışçılar sərhədçilərin keçdiyi şərəfli yoldan, onların göstərdiyi qəhrəmanlıq nümunələrindən danışdılar. Xüsusilə vurğulandı ki, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında sərhədçilər ön cəbhədə dayanan əsgərlərdir.

Onların çıxışları “Vətən sərhəddən başlayır” ifadəsi tədbirinin ruhunu əks etdirərək, hər bir azərbaycanlının qəlbində sərhədçilərə olan hörmət və minnətdarlığı daha da gücləndirdi.Azərbaycan Dövət Sərhəd Xidmətini başda general-polkovnik Elçin Quliyev,DSX-nin döyüş hazırlığı üzrə müavini fəxrimiz,həmyerlimiz,Vətən Müharibəsi Qəhrəmanı general-leytenant İlham Mehdiyev olmaqla bütün sərhədçiləri 18 Avqust Sərhəd Qoşunlarının Yaranması Günü münaibətilə təbrik edərək vətənin keşiyində hər daim ayıq-sayıq olmağı,Azərbaycan dövlətinə şərəflə xidmət etməyi arzu etdilər.

Bu tədbir bir daha göstərdi ki, sərhəd yalnız coğrafi xətt deyil – o, vətənin qürur nöqtəsidir. Və bu qüruru qoruyan hər bir sərhədçi xalqın qəhrəmanıdır.
Yeni Balakən

Mülki prosessual qanunvericilikdə prokurorun iştirakı

0

Azərbaycan Respublikasının sahəvi qanunvericiliyində prokurorun mülki prosesdə iştirakı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 133-cü maddəsi Azərbaycan Respublikasının prokurorluğunun qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Prokurorun mülki prosesdə iştirakı “Prokurorluq haqqında” Azərbaycan Respublikasının qanunu və mülki prosessual məcəllə ilə tənzimlənir.

Mülki Prosessual Hüquq ədəbiyyatına nəzər saldıqda “Başqa şəxslərin hüquqlarını və dövlət mənafelərini müdafiə etmək üçün məhkəməyə müraciət etmə və dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün prosesdə iştirakı” nəzərdə tutulub. Yeni prosessual məcəllənin qəbuluna qədər prokurorun mülki prosesdə iştirakı iki məqsəd daşıyırdı.

  1. Məhkəmələrin vəzifələrin, şəxslərin və məhkəmə icraatının digər iştirakçılarının fəaliyyətindəki hüquq pozuntularının aşkar edilməsi.
  2. Aşkar edilmiş hüquq pozuntularının qanunla nəzərdə tutulmuş hallarda və qaydalarda kənarlaşdırılması.

Bu məqsədlər prokurora mülki proseslərdə məhkəmənin fəaliyyətinə nəzarətetmə səlahiyyətini uyğunlaşdırırdı. Bu səlahiyyətlərə görə mülki işlər üzrə məhkəmə islahatının, məhkəmə çıxışları qismində prokuror rəyi deyilən bir hissə mövcud idi. 1965-ci il Azərbaycan SSR Mülki Prosessual Məcəllənin 12-ci maddəsinə nəzər salsaq həmin dövrdə SSR İttifaqı və müttəfiq respublikaların mülki mühakimə üsülü Əsaslarının 14-cü maddəsinə uyğun olaraq, SSR İttifaqı, müttəfiq və muxtar respublika qanunlarının mülki mühakimə üsulunda dürüst icrası üzərində nəzarət bilavasitə SSRİ Baş Prokuroru tərəfindən, eləcə də Azərbaycan SSR Prokuroru və ona tabe olan sair prokurorlar tərəfindən həyata keçirilir.

Prokuror mülki mühakimə icraatının bütün mərhələlərində, kim tərəfindən olursa-olsun, baş vermiş hər cür qanun pozuntusunun aradan qaldırılması üçün vaxtında qanunla nəzərdə-tutulan tədbirlər görməlidir.

Prokuror mülki mühakimə icraatında öz səlahiyyətini heç bir orqandan və vəzifəli şəxsdən asılı olmadan, yalnız qanuna tabe olaraq və SSRİ Baş Prokurorunun göstərişlərini rəhbər tutaraq həyata keçirir.

Prokuror baxılan işlə bağlı məhkəmənin fəaliyyəti barədə öz mülahizələrini bildirir və bu hissə imperativ hissə hesab olunurdu.

Yeni mülki prosessual məcəllənin və məhkəmə islahatlarının keçirilməsi mülki prosessual qanunvericiliyə dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq məhkəmə hakimiyyətinin bir qolu olmaq etibarı ilə tam müstəqil heç kimdən asılı olmayan iş çəkişmə icraatında fəaliyyət göstərən məhkəmə sisteminin yaranması ilə prokurorun mülki prosesdə iştirakı yalnız dövlət mənafelərinin müdafiəsi ilə əlaqədar olaraq məhkəmədə iddia qaldırmaq istiqamətində “Prokurorluq haqqında” qanunun 26-cı maddəsinə istinadən müəyyənləşdirilmişdir. Prokurorun iştirak etdiyi işlərin dairəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmişdir. Prokurorun bu istiqamətdə iştirakı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsində nəzərdə tutulub. Maddəyə əsasən özünün və başqasının mənafeyi naminə iddia qaldırılmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin komentariyasına əsasən fiziki və hüquqi şəxslər, o cümlədən prokuror məhkəməyə ərizə ilə öz maraqlarının müdafiəsi məqsədi ilə yox, başqa şəxslərin hüquqlarının və qanunla qorunan mənafeləri üçün müraciət edirlər. Onlar məhkəməyə ərizə ilə müraciət etdikdə maddi-hüquqi mənada deyil prosessual hüquqi mənada iddiaçı olurlar. Şərh olunan maddənin göstərişinə görə onlar hətta mülki məcəllənin 64.6-cı maddəsinə əsasən «dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları» kimi məhkəmədə iddia qaldıra bilərlər. Hətta maddələrdə belə bir müraciət olmadan prokurorun öz təşəbbüsü ilə iddia qaldırmaq hüququ vardır. Bu isə yeni prosessual məcəllənin əvvəlki prosessual məcəllədən fərqləndirən əsas amildir. Mülki prosessual məcəllənin 50.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsi ilə maraqların müdafiə məsələsi yox, şəxslərin dövlət idarəsi və təşkilatların hüquq və qanunla qorunan mənafelərin müdafiəsi məqsədi ilə məhkəmənin baxdığı mübahisəli məsələnin maddi münasibətlərin birbaşa subyekti deyil, o zaman prosessual mənada iddiaçı hesab olunur. İddiaçılar nəzərdə tutulan bəzi istisnalarla (barışıq sazişi istisna olmaqla) iddiaçının bütün prosessual hüquqlarından istifadə edirlər və vəzifələrini daşıyırlar. Bundan əlavə qeyd etmək olar ki, təkcə Azərbaycan Respublikasının qanunvericiliyində deyil, Roman-German hüquq sisteminə daxil olan digər dövlətlərdə də prokurorun mülki prosesdən iştirakı nəzərdə tutulur. Türkiyə Respublikasının “Hukuk Muhakimelerin Kanunu”nun 70-ci maddəsinə əsasən prokuror qanunla nəzərdə tutulmuş hallarda mülki iddia qaldırır və ya qaldırılmış mülki iddiada tərəf kimi iştirak edir. Rəsmi orqanın xəbərdarlığına baxmayaraq, prokuror iddia qaldırmazsa, xəbərdarlıq edən dövlət orqanı prokurorun tabeliyində fəaliyyət göstərən cəzaçəkmə müəssisəsinə ən yaxın olan birinci instansiya məhkəməsinin hakiminə şikayət verə bilər. Bununla bağlı şikayət 12.04.2004-cü il tarixli, 5271 nömrəli Cinayət-Prosessual Məcəlləsinin 172 və 173-cü maddələrinə uyğun olaraq tətbiq edilir. Tərəflər prokurorun iştirak etdiyi işlərə və məsələlərə sərbəst şəkildə baxa bilməzlər. Rusiya Federasiyasının Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən prokurorun işdə iştirakı nəzərdə tutulur və prokuror vətəndaşların, Rusiya Federasiyasının qeyri-müəyyən sayda şəxslərinin və ya mənafelərinin, Rusiya Federasiyasının təsis qurumlarının və bələdiyyələrin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Vətəndaşın hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini müdafiə etmək üçün ərizəni prokuror yalnız o halda verə bilər ki, vətəndaş səhhətinə, yaşına, iş qabiliyyətinə və digər üzrlü səbəblərə görə özü məhkəməyə müraciət edə bilməsin. Göstərilən məhdudiyyət prokurorun ərizəsinə şamil edilmir. Bunun səbəbi isə vətəndaşların əmək (xidmət) münasibətləri və digər münasibətlər sahəsində pozulmuş və ya mübahisəli sosial hüquqlarının, azadlıqların və qanuni mənafelərin müdafiəsi, həmçinin birbaşa onlarla əlaqəli olan ailənin, analığın, atalığın və uşaqlığın qorunması; sosial müdafiə, o cümlədən sosial təminat; dövlət və bələdiyyə mənzil fondlarında mənzil hüququnun təmin edilməsi; sağıamlığın qorunması, o cümlədən tibbi xidmət; əlverişli ətraf mühit hüququnun təmin edilməsi; təhsil və s. problemlərə görə ona müraciət etməsidir.

Ərizə vermiş prokuror barışıq sazişi bağlamaq hüququ və məhkəmə xərclərini ödəmək öhdəliyi istisna olmaqla, bütün prosessual hüquqlarından istifadə edir və iddiaçının bütün prosessual vəzifələrini daşıyır. Prokuror başqa bir şəxsin qanuni mənafelərinin müdafiəsi üçün verilmiş ərizədən imtina edərsə, həmin şəxs və ya onun qanuni nümayəndəsi iddiadan imtina etmədiyi təqdirdə işin mahiyyəti üzrə baxılması davam edir. İddiaçı iddiadan imtina etdikdə, məhkəmə qanuna zidd olmadıqda və ya başqalarının hüquqlarını və qanuni mənafelərini pozmadıqda məhkəmə işə xitam verir. Bu isə Federal Qanunun 05.04.2009 N 43-F3 nəşrində öz əksini tapır.

Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransadan IV Flipp tərəfindən qoyulsa da hal-hazırda Fransa qanunvericiliyində də prokurorun mülki proses və digər sahələrdə iştirakı nəzərdə tutulur.

Anqlo-Sakson hüquq qanunvericiliyinin əks olunduğu ölkələrə nəzər saldıqda isə, onlarda mülki prosessual məcəllədə prokurorun fəaliyyəti tənzimlənmir və qanunvericilik qüvvədə olan normaya əsasən tənzimlənir.

Azərbaycan Respublikasında iddia icraatından başqa prokuror mülki məhkəmə icraatının digər növü olan xüsusi icraatlı işləri də qaldırmaq hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.3-cü maddəsinə görə Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror iki iş üzrə ərizə verə bilər.

  1. Mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə.
  2. Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.

Prokurorun mülki prosesdə iştirakı birinci instansiya məhkəmələrində iştirak etməklə məhdudlaşmır. Məhkəmə qərarlarının və qanunvericiliyinin yoxlanması üzrə məhkəmələrdə protest verərək apellyasiya və kasassiya məhkəmələrində iddia qaldıraraq iddiaçı kimi çıxış edə bilir. Bu məsələlər bağlı mübahisələr Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenium qərarlarında öz əksini tapır. Hal-hazırda Azərbaycan Respublikasının Milli Məclisinin qanun layihəsində prokurorun mülki prosesdə iştirakı ilə bağlı qanun layihəsi öz əksini tapmaqdadır və prokurorun səlahiyyətlərinin mülki proseslə bağlı daha da genişləndirilməsi aktual məsələlərdəndir

Balakən rayon Prokurorluğunun müstəntiqi

Samirə Kazımlı