Category: Xəbərlər

Şəhid Cavanşir Həsənovla vida

Balakəndə şəhid Cavanşir Həsənovla vida mərasimi keçirilib

Balakən rayonunda uzun illər itkin kimi qeydiyyatda olan I Qarabağ müharibəsi şəhidi Cavanşir İsrafil oğlu Həsənovun nəşi ailəsinə təhvil verilib və bu gün Şəhidlər xiyabanında dəfn olunub.

Vida mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1967-ci ildə Balakənin Hənifə kəndində dünyaya gələn Cavanşir Həsənov könüllü olaraq Qarabağ müharibəsinə qatılıb. 1992-ci il iyunun 12-də Ağdam rayonu Surxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən qəhrəmanımızın taleyi uzun illər boyu ailəsi və yaxınları üçün bir ümid işığı olub. Bu gün həmin ümid gerçəyə çevrildi – şəhidimizin məzarı var, adı torpağında əbədiləşdi.

Şəhidin ailəsi üçün bu gün həm kədər, həm də qürur günü oldu. İllərlə yolunu gözlədikləri ata, övlad, qardaş nəhayət doğma torpağa qovuşdu. Onun oğlu – atasının adını daşıyan Cavanşir – atasını görməsə də, bu gün onun qəhrəmanlığını bütün Balakənlə birlikdə yaşadı.

Şəhid Cavanşir Həsənovun nəşinin tapılması və şəxsiyyətinin müəyyən olunması dövlətimizin şəhidlərimizə, itkin düşmüş soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Mərasimdən sonra rayon rəhbərliyi Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri ilə tanış olub, görüləcək işlər barədə tapşırıqlar verib.

                                                          Yeni Balakən

Yaxşı rəhbəri qoruyaq

Yaxşı rəhbəri qoruyaq – Balakən üçün dəyərli bir fürsət
Balakən rayon icra hakimiyyətində hər həftənin üçüncü günü rayon rəhbəri tərəfindən vətəndaş qəbulu keçirilir. Bu qəbul günləri sadəcə bir inzibati prosedur deyil, insanlarla dövlət arasında körpü rolunu oynayan mühüm bir məqamdır.
Uzun illər ərzində əvvəlki rəhbərlik dövründə həll olunmamış məsələlər, yanlış yanaşmalar, məmur səlahiyyətlərindən sui-istifadə halları vətəndaşlarda hökumətə inamı azaldırdı. Lakin yeni təyin olunan icra başçısı Natiq Ağayevin dövlət adamı kimi səmimiyyəti, rayona və insanına sevgisi, hər bir vətəndaşa ağsaqqal kimi yanaşması bu inamı yenidən bərpa etdi. Onun hər qəbulda insanları dinləməsi, dərdlərinə şərik olması, səmimi davranışı Balakənlilərdə rəhbərə, rəhbərin timsalında isə hökumətə güvən yaratdı.
Bu gün hər qəbulda çox sayda vətəndaş iştirak edir. İnsanlar inanırlar ki, onların problemi diqqətlə dinləniləcək, həll yolları araşdırılacaq. Amma unutmamalıyıq: Natiq müəllim də insandır. O da yorulur, hər gün müxtəlif dərdləri dinlədikcə ürəyi yüklənir. Onun məqsədi Balakən üçün keyfiyyətli iş görmək, vicdanlı məmur kimi xalqa xidmət etməkdir.
Təəssüf ki, bəzən vətəndaşlar qəbula aidiyyatı olmayan məsələlərlə gəlirlər. Kimi iş yerində ona “çömçəquyruq” deyildiyini şikayət edir, kimi bankdan kredit götürmək üçün icra hakimiyyətindən zaminlik istəyir, kimi isə şəxsiyyət vəsiqəsində ünvan səhv yazıldığına görə icra başçısına müraciət edir. Bu cür məsələlər nə icra hakimiyyətinin səlahiyyətinə daxildir, nə də rəhbərin həll edə biləcəyi problemlərdir. Belə müraciətlər həm digər vətəndaşların vaxtını alır, həm də rəhbəri lazımsız yorğunluğa salır.
Unutmayaq: icra başçısının əlində sehirli çubuq yoxdur ki, istənilən problemi bir toxunuşla həll etsin. O, sovet dövrünün birinci katibləri deyil ki, kolxoz sədrinə tapşırıq verib hər işi təşkil etdirsin. Bu günün idarəetmə sistemi fərqlidir, hər problemin öz aidiyyatı qurumu var.
Ona görə də gəlin yaxşı rəhbəri qoruyaq. Onu mənasız məsələlərlə yormayaq. Tanış-bilişlərimizi də başa salaq ki, qəbula yalnız həqiqətən icra hakimiyyətinin səlahiyyətinə aid olan problemlərlə gəlsinlər. Kiçik, şəxsi, aidiyyatsız məsələlər üçün doğru ünvanlara müraciət etsinlər.
Balakən bu gün şərəfli, vicdanlı bir rəhbərin diqqətindədir. Bu fürsəti dəyərləndirək. Çünki yaxşı rəhbər hələ bizə çox lazımdır.
Ramazan Abal

Mədəniyyət Konsepsiyası–2040

Mədəniyyət Konsepsiyası–2040
0

Balakəndə “Mədəniyyət Konsepsiyası–2040: Ənənədən Gələcəyə”adlı tədbir keçirilib

Bu gün Balakən Rayon Mədəniyyət Mərkəzində “Mədəniyyət Konsepsiyası–2040: Ənənədən Gələcəyə” başlığı altında tədbir təşkil olunub.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, kollektivlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə rayon Mədəniyyət Mərkəzinin foyesində xalçaçılıq, dekorativ tətbiqi sənət, ağac üzərində oyma, tikmə, toxuculuq nümunələri, təbii dəridən ibarət əl işləri, həmçinin rəsm əsərləri nümayiş etdirilib. Burada yerli ustalar öz əl işlərini və yaradıcılıq nümunələrini təqdim edərək iştirakçılara Balakənin zəngin sənətkarlıq ənənələri və milli mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıblar.

Eyni zamanda tədbirdə “Azərbaycan Mədəniyyəti–2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası haqqında məlumat verilib. Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin formalaşdırılması, habelə mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə qəbul edildiyi bildirilib. Qeyd olunub ki, Konsepsiya milli kimliyin qorunması, qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin rəqabətqabiliyyətinin artırılması və gələcək nəsillərə ötürülməsi baxımından fundamental əhəmiyyət daşıyır.

Tədbirin bədii hissəsində Balakən Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının, “Cahan” avar xalq kollektivinin, “Fidanlar” rəqs qrupu, “Nənələr” ingiloy və “Ebel” avar folklor qruplarının çıxışları, eləcə də müğənnilərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

                                         Yeni Balakən

Deputatdan sərt mövqe

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”
0

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”

Son dövrlər ölkənin milli təhlükəsizlik gündəmi ilə bağlı müzakirələr ictimai diqqətin mərkəzindədir. Xüsusilə dövlət quruluşunun toxunulmazlığı və xarici təsirlərə qarşı dayanıqlılıq məsələləri Azərbaycan cəmiyyətində həssas yanaşma tələb edən mövzular sırasındadır. Bu kontekstdə səsləndirilən iddialar və aparılan araşdırmalar həm hüquqi, həm də siyasi müstəvidə geniş debatlara səbəb olub.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev mətbuata açıqlamasında bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayımlanan materiallarda AXCP nümayəndələrindən birinin paket halında pul vəsaiti alması, digərinin isə telefon danışığında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü ilə bağlı fikirlər səsləndirməsi əks olunub.

Deputatın sözlərinə görə, həmçinin müxtəlif əlaqələr və digər maddi sübutlar dövlət idarəetmə sisteminə və konstitusion quruluşun əsaslarına yönəlmiş təhdid xarakteri daşıyır:

“Burada məsələ sırf milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Bu cür faktları hansısa siyasi proseslərin tərkib hissəsi kimi təqdim etmək doğru olmaz. Dünyada və regionda gedən mürəkkəb geosiyasi prosesləri, eləcə də şimal və cənub qonşularımızın mövcud vəziyyətini nəzərə aldıqda, Azərbaycanın sabitlik məkanı kimi seçildiyini görürük. Ölkəmiz ərazi bütövlüyünü təmin edib, vətəndaşlarımızın təhlükəsizliyi möhkəmlənib, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur və sülh gündəliyi istiqamətində ardıcıl addımlar atılır. Bütün bunların fonunda Azərbaycanı yenidən hansısa xarici asılılıq müstəvisinə çəkmək istəyən qüvvələrin mövcudluğu istisna edilmir. Dövlət Təhlükəsizliyi Xidməti də öz səlahiyyətləri çərçivəsində ölkədə sabitliyin və konstitusion əsasların qorunmasını təmin edib”.

                                            Yeni Balakən

İş Elanı

📰 İş Elanı – Hənifə Bələdiyyəsi
Balakən rayonunun Hənifə kənd bələdiyyəsi aşağıdakı sahələr üzrə işçi qəbulunu elan edir:

  • Mühasib
  • Kargüzar
  • Vergi müfəttişi
    📍 Ünvan: Hənifə kəndi, Hənifə Bələdiyyəsi
    Müraciət etmək istəyən şəxslər bələdiyyəyə yaxınlaşa və ya əlaqə vasitələri ilə müraciət edə bilərlər.

Balakəndə gənclərlə polis xidməti mövzusunda görüş

Balakəndə gənclərlə polis xidməti mövzusunda görüş
0

Balakən Rayon Polis Şöbəsinin təşəbbüsü ilə gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə marağını artırmaq məqsədilə geniş görüş keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, Polis Akademiyasının nümayəndəsi, akademiyada təhsil alan kursantlar və rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində oxuyan 220 şagird iştirak edib.

RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov çıxışında Polis Akademiyasında tətbiq olunan müasir təlim-tədris prosesi barədə ətraflı məlumat verərək, gəncləri hüquq-mühafizə orqanlarında fəaliyyətə təşviq edib.

Polis Akademiyasının nümayəndəsi isə şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları və digər imkanlar barədə geniş təqdimat edib.

Akademiyada təhsil alan kursantlar da öz çıxışlarında tələbə həyatının üstünlüklərini bölüşərək, gəncləri bu yolda cəsarətli addımlar atmağa ruhlandırıblar.

Görüşün sonunda şagirdlərə qanunvericiliklə bağlı kitablar hədiyyə olunub. Bu təşəbbüs gənclərin hüquq sahəsinə marağını artırmaqla yanaşı, onların gələcəkdə dövlətə və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişməsinə töhfə verməyi hədəfləyir.

Yeni Balakən

NARKOMANİYAYA QARŞI MÜBARİZƏ: HÜQUQİ MÜSTƏVİDƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanın qlobal problemlərindən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının yoxa çıxmasına, genefondun tənəzzülünə və digər bir sıra mənfi nəticələrə gətirib çıxarır. Nаrkоmаniyanın gələcək nəsillərin tаlеyində mənfi rоlunu görən Ümummilli lidеr Hеydər Əliyеv qeyd edirdi: “Biz dünyаdа ümumbəşəri prоblеmlərin tеz həll оlunmаsının tərəfdаrıyıq və bundаn sоnrа dа bütün insаnlаr üçün böyük təhlükə оlаn nаrkоmаniyа və nаrkоbiznеslə mübаrizənin ön sırаlаrındа оlаcаğıq”. Respublikamızda 2022-ci ildə 10665, 2023-cü ildə 10057, 2024-cü ildə 8863 sayda bu kateqoriya cinayət törədilmişdir. Narkomaniyaya qarşı mübarizənin aparılması ictimai-siyasi, hüquqi əhəmiyyət kəsb etməklə ölkəmizdə də bu sahədə ciddi addımlar atılmaqdadır. Belə ki, Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 №-li Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiya narkomaniyaya qarşı mübarizədə dövlət siyasətini həyata keçirilməsini təmin etməklə, maarifləndirmə və təbliğat işlərini həyata keçirir. Sözügedən mübarizənin daha səmərəli aparmaq üçün beynəlxalq əməkdaşlığın aparılması və təkmil qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Azərbaycan Respublikası 1 dekabr 1998-ci il tarixli qanunla BMT-nin “Narkotik vasitələr haqqında” Konvensiyasına, 16 fevral 2001-ci il tarixli qanunla “Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Parsial Sazişə qoşulmuşdur. 28 iyun 2005-ci il tarixdə isə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” qanun qəbul edilmişdir. Ümumilikdə, bu sahədə 49 qanun, 21 fərman, 67 sərəncam, 5 dövlət proqramı, Nazirlər Kabinetinin 40 qərarı qəbul edilmişdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 30 dekabr 1999-cu ildə qəbul edilən zaman narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə 26-cı fəsil (234-240-ci maddələr) yer verilmişdir. CM-in 234-cü maddəsi qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddəni və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmanı, 235-ci maddə həmin predmetləri talama və ya hədə-qorxu ilə tələb etməni, 236-cı maddə narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etməni, 237-ci maddə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməni, 238-ci maddə onların istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamanı, 239-cu maddə narkotik vasitə və psixotrop maddə əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırmanı və nəhayət, 240-cı maddə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini qadağan edir. 1999-cu ildən bu günə qədər qeyd etdiyimiz maddələrin təkmilləşdirilməsi istiqamətində mühüm əlavə və dəyişikliklər edilmişdir. Məsələn, 20 oktyabr 2017-ci il tarixli Qanunla CM-nin 234-cü maddəsi ilə qadağan olunan əməllərin dairəsi genişlənərək hazırki vəziyyətə gətirilmiş, 26 aprel 2022-ci il tarixli qanunla satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarını külli miqdarda əldə etmə, hazırlama, saxlama, daşıma, emal etmə əməli CM-ə daxil edilmiş və 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Eyni əməl xeyli miqdarda törədildikdə isə 3 ilədək azadlıqdan məhrumetmə ilə və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Müasir dövrümüzdə insanlar mediadan və sosial şəbəkələrdən çox geniş şəkildə istifadə edirlər. Bunun müsbət cəhətləri ilə yanaşı, mənfi nəticələri də qaçınılmazdır. Bunlardan biri də məhz narkotik vasitələrin satışı zamanı mediadan, sosial şəbəkələrdən vasitə kimi istifadə edilməsi, habelə həmin maddələrin istehlakına sosial şəbəkələr və media vasitəsilə təhrik etmədir. Bu halların qarşısını almaq üçün 29 aprel 2022-ci il tarixli qanunla CM-ə 234.4.4-cü maddə əlavə edilmişdir. Qanuna əsasən, bu tip cinayətlərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göstərilənlərdən əlavə narkomaniya ilə mübarizədə mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli, 721 №-li Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq etməsi idi. Narkomaniya ilə bağlı sayca 5-ci olan bu Proqramda qeyd edilir ki, onun əsas məqsədi müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Proqramda, həmçinin, qlobal trendlər, mövcud vəziyyətin təhlili, hədəf göstəriciləri, əsas məqsədlər, prioritet istiqamətlər, maliyyələşdirmə məsələləri və tədbirlər planı göstərilmişdir. Sözügedən sənəddə digərləri ilə yanaşı, cinayətkarlıqla mübarizə aparan  Azərbaycan Respublikasının Baş Prokurorluğuna da bir sıra tədbirlərin keçirilməsində iştirak etmək tövsiyə olunmuşdur. Bunlara aiddir: ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin və profilaktik tədbirlərin gücləndirilməsi; sözügedən predmetlərin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə etməklə əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminarların, təlimlərin və digər tədbirlərin keçirilməsi; cinayət mühakimə icraatı zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi; narkotik vasitələrin və psixotrop maddələrin gizli pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayəti  törədən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsi istiqamətində təşkilati və praktiki tədbirlərin gücləndirilməsi; cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi ilə bağlı normaların tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və onların tətbiqinə nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə,narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi; narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi və s.

Narkomaniya ilə mübarizədə effektiv üsullardan  biri də maarifləndirmə işlərinin aparılmasıdır. Məhz media ictimaiyyəti narkotik vasitələrin yaratdığı faciələr barədə cəmiyyəti məlumatlandırır.. Eyni zamanda narkomaniyaya qarşı təbliğat işinin aparılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların mediada geniş işıqlandırılması vacib faktorlardandır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, cəmiyyət, ictimai təşkilatlar, xüsusilə, media subyektləri aktiv iştirak etdiyi halda, dövlətin narkomaniya ilə mübarizədə apardığı siyasət öz töhfəsini verə bilər.

Bu sahədə ideoloji işlərin aparılması istiqamətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası müntəzəm iş aparır.

Balakən rayon prokurorluğunun

müstəntiqi vəzifəsi üzrə stajor                                                                          

           Famil Əhmədli

Balakəndə qanvermə aksiyası keçirilib

Balakəndə qanvermə aksiyası keçirilib

Fevralın 4-də Balakən Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyasın təşkil olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin Şəki regional bölməsinin həkim briqadası tərəfindən həyata keçirilən aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyıb.
Aksiyada Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri könüllü iştirak ediblər.
Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən 97 nəfərdən qan götürülüb.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

AZƏRBAYCAN DÜNYANIN MARAQ DAİRƏSİNDƏ – ƏBU-DABİ BAKI İLƏ BUNA GÖRƏ YAXINLAŞIR

Zeynal Əmrəliyev
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb. Daha sonra liderlər arasında görüş keçirilib və bu görüş zamanı iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq kimi dəyərləndirilib.

Görüşdə siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıq əldə edilib. Səfərin ən mühüm və maraqlı hissəsi isə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimi olub. Son dövrlər regionda gərginləşən geosiyasi vəziyyət fonunda Körfəzin ən güclü dövlətlərindən biri olan BƏƏ ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın hərbi sahədə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır və beynəlxalq səviyyədə maraqla qarşılanır.

Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Ölkələr arasında qarşılıqlı niyyət protokolunun imzalanması gələcəkdə daha geniş və sistemli hərbi əməkdaşlığa start veriləcəyi fikrini gücləndirir. Səfər çərçivəsində Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinə məxsus Southern Gas Corridor CJSC şirkətinin qeyri-nəzarətçi payının BƏƏ-nin investisiya bölməsi XRG tərəfindən alınmasına dair sənədin imzalanması da xüsusi əhəmiyyət kəsb edir. Bu addım iki ölkə arasında enerji sahəsində bazar iştirakını və investisiya əməkdaşlığını artırmağa yönəlib.

Əbu-Dabi və Bakı arasında yüksələn enerji əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi, eləcə də BƏƏ-dən olan iş adamlarının Azərbaycan iqtisadiyyatına daha çox investisiya yatırması əsas gözləntilər sırasındadır. Xüsusilə Azərbaycanın zəngin turizm potensialı BƏƏ investorları üçün cəlbedici hesab olunur. Bununla yanaşı, ərəb investorların işğaldan azad edilmiş bölgələrdə müxtəlif layihələr həyata keçirməsi də maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri xarici investorlar üçün “investisiya cənnəti” kimi qiymətləndirilir.

Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən geosiyasi proseslərin, o cümlədən Yaxın Şərqdə yaşanan son hadisələrin də müzakirə edildiyi istisna deyil. Azərbaycan bu gün regionun aparıcı dövləti kimi beynəlxalq siyasətdə də əsas aktorlardan biri qismində çıxış edir. Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında ölkəmizin son dövrlərdə oynadığı fəal rol beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir. Bakı və Əbu-Dabi arasında qardaşlaşma əlaqələri üçün memorandumun imzalanması da bu strateji yaxınlaşmanın bariz göstəricisidir.

                                           Politiloq

                               Zeynal Əmrəliyev

2 Fevral Gənclər Günü Balakəndə

2 fevral gənclər günü Balakəndə
0

Balakəndə “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib

Bu gün Balakən Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon üzrə gənclər və idman sektoru, Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib.

 Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP fəalları, qazilər və fəal gənclər iştirak edib. Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə iştirakçılar əvvəlcə gənclərin əl işlərindən ibarət sərgi və xaricdə yaşayan gənclərin video təbriklərinə baxıblar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edən Balakən rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən baş məsləhətçi Sarxan Hacıyev rayon gənclərinin gördüyü işlər, respublikanın ictimai-siyasi həyatında gənclərin rolu, ölkə idmanında rayon gənclərinin təmsilçiliyi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 Digər çıxış edənlər Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, Balakən Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Aysel Padarova, Balakən regional ASAN Xidmət Mərkəzinin əməkdaşı  Aynur Gülüyeva və fəal gənc Ayşə Qarayeva Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Sərəncamına əsasən, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsindən, gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakından, müxtəlif sahələrdə qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar.

Rayon rəhbəri Natiq Ağayev çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, müstəqil Azərbaycan dövləti gənclərin bacarıq və intellektual potensialının üzə çıxarılması üçün hər zaman geniş imkanlar yaradıb, bu təbəqəyə xüsusi diqqət və qayğı göstərib. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə intellektual, vətənpərvər, savadlı yeni nəsil yetişmişdir. Bildirilib ki, dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olmuş gənclərə partiya vəsiqələri, həmçinin bir qrup fəal gəncə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

                                                               Yeni Balakən