Category: Ümuni

Balakende zefer gunu

Balakəndə 8 Noyabr Zəfər Günü 2025
0

Balakəndə  Zəfər Günü silsilə tədbirlər və böyük coşqu ilə qeyd edildi

 Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilib. Zəfər Günü ilə əlaqədar Balakən şəhəri dövlət bayraqları, “Xarı bülbül” təsvirləri ilə bəzədilib, rayon mərkəzində yerləşən monitorda “Xarı bülbül” embleminin, Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları nümayiş etdirilib. Rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri ziyarət olunub.

Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin hörmət əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman Vətən oğullarının xatirəsini yad ediblər.

Daha sonra 8 noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş yürüş və rəsm sərgisi təşkil olunub.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov bildirib ki,  30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir.  Qeyd olunub ki, bu gün qürur, iftixar mənbəyi olan möhtəşəm Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Artıq beş ildir ki, Azərbaycan xalqı yeni bir tarixin sevinci və qürurunu yaşayır. 8 Noyabr – Zəfər Günü tariximizin ən şanlı səhifəsidir və hər bir azərbaycanlı üçün müqəddəs bir gündür. Zəfər Günü – Azərbaycan xalqının mübarizliyinin, dövlət başçısının uzaqgörən siyasətinin, Ulu Öndər ideyalarının təntənəsi və qələbəsidir.

Tədbirdə çıxış edənlər- Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev bildiriblər ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, şanlı Ordumuzun və qəhrəman Xalqımızın sarsılmaz birliyi və iradəsi ilə tariximizin ən böyük, ən ehtişamlı Zəfərini qazanmışdır. Yeniləşən, inkişaf edən, getdikcə qüdrətlənən Azərbaycan Respublikası möhtəşəm Zəfəri, qələbələri və nailiyyətləri ilə bu gün də öz şərəfli tarixinə yeni səhifələr yazır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün bu uğurlar, nailiyyətlər, qələbələr, zəfərlər isə müstəqil və qüdrətli Azərbaycanı, qalib xalqımızı daha uca zirvələrə daşıyacaqdır.

Tədbir konsert proqramı ilə davam etdirilib.   Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri izləyicilərə bayram ovqatı bəxş edib.

Konsert proqramından sonra Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov və Milli Məclisin deputatı Nəsib Məhəməliyev bir qrup şəhid ailələrini ziyarət edərək Zəfər Günü münasibətilə onları təbrik etdilər.Balakənin Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri Olimpiya İdman Kompleksinin stadionunda Balakən və Bərdə futbol komandalarının yarışına start verilərək sona çatdı.

                                                              Yeni Balakən

Tebrik edirik

Təbrik edirik
2

Tarixə yön verən böyük zəfər.

Böyük Türk milləti ailəsinin önəmli üzvü,Türk İslam dövlətlərinin lokomotivlərindən olan Azərbaycanımın kürəsəlçi güdümündə,rus-fars-erməni öncülüyündəki varlığımıza yönəlik təhdit, işğal siyasəti üzərində,onlara qarşı aparılan mübarizədə, qanlı müharibədə tarixi zəfər qazandı,qələbə çaldı.Elə bir zəfər ki,dünyada dastana döndü,dillər əzbəri, örnək oldu,dünya hərb məktəblərində dərsliklərə salındı,Azərbaycanla hər kəs hesablaşmağa başladı.Azərbaycan adlı Dövlətimin bu tarixi zəfəri daha böyük bir oluşuma yol açdı:Türk Dövlətləri Birliyinə.Azərbaycanımın başlatdığı mübarizənin davamı, açdığı yolla hələ qət ediləcək məsafələr var..Növbəti addım:TURAN.İnşallah bir sonrakı addım son 200 ilə qədər tarixən və kökdən, bizə məxsus və idarəçiliyimizdə olan əzəli və əbədi torpaqlarımız,bütöv Azərbaycan üzərində hökmranlığımızın,hakimiyyətimizin bərqərar olmasıdır..

Bu gün tarixi zəfərimizin beş illiyidir.Respublika səviyyəsində,o cümlədən Balakənimdə böyük coşquyla,sevinclə,qürurla qeyd olunur.Bu Zəfər Günü bir ayrı gözəldir,hisslər,duyğular tam dolğun,ən üst həddədir Balakənimdə,Balakənlilərimdə.Bilmirəm nədəndir amma çox gözəldir..

Zəfər Günü münasibəti “Yeni Balakən” KİV olaraq öncə Ali Baş Komandanı,müzəffər ordumuzu,bu zəfəri bizə daddıran şəhidlərimizin valideynlərini,şəhid ailələrini,qazilərimizi,müharibə iştirakçılarını səmimi qəlbdən təbrik edir,Zəfər bayramı sevincini Siz əziz Balakənlilərimin timsalında Azərbaycanımızla,bütöv Türk dünyasıyala paylaşır,bölüşürük.Qoy hər zaman bölüşdükcə çoxalan,paylaşdıqca artan sevinclərimiz,zəfərlərimiz olsun!

                                                                                      “Yeni Balakən” qəzetinin baş redaktoru

                                                                                                          Ramazan Abalov

ELAN

📌 BALAKƏN ŞƏHƏR BƏLƏDİYYƏSİ İŞÇİ AXTARIR
Vəzifə: Kompüter operatoru
İş yeri: Balakən şəhər Bələdiyyəsi
İş rejimi: Tam ştat, həftəiçi iş günləri
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
✅ Vəzifə öhdəlikləri:

  • Bələdiyyə sənədlərinin elektron formatda hazırlanması və arxivləşdirilməsi
  • Məlumatların Excel, Word və digər proqramlarda işlənməsi
  • Elektron məktubların göndərilməsi və cavablandırılması
  • Rəhbərliyin verdiyi texniki tapşırıqların yerinə yetirilməsi
    🧠 Namizədə tələblər:
  • Orta ixtisas və ya ali təhsil
  • Kompüter proqramlarında (Word, Excel, PDF) sərbəst işləmək bacarığı
  • Dəqiqlik, məsuliyyət və komandada işləmək bacarığı
  • Yerli idarəetmə sahəsində təcrübə üstünlükdür

Elan tarixi: 07.11.2025

“Qəhrəmanlıqla yazılan tale: Şəhid Nəcməddin Sarkayevin anım günü Şərif kəndində qeyd olundu”

Nəcməddi Sarkayevin anım günü
0

Balakən rayonunun Şərif kəndində bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri – Sarkayev Nəcməddin Əli oğlunun anım günü keçirildi.

Tədbir şəhidin məzarı önündə, Şərif kənd qəbiristanlığında baş tutdu. Mərasimə Balakən Rayon İcra Hakimiyyətinin müvəqqəti səlahiyyətli rəhbəri Turan Dibirovun başçılığı ilə RİH nümayəndələri, din xadimləri, YAP Balakən təşkilatının və ASAN xidmətin əməkdaşları, Qabaxçöl Polis Bölməsi, şəhid ailələri, qazilər, məktəb kollektivi və kənd ictimaiyyəti qatıldı.

Çıxış edən Turan Dibirov Nəcməddin Sarkayevin Vətənə olan sevgisindən, dövlətə sədaqətindən və cəbhədə göstərdiyi rəşadətdən danışaraq onun bizə zəfəri bəxş edən igidlərdən biri olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin şəhidlərə olan ehtiramından və şəhid ailələrinə göstərilən diqqətdən də söz açdı.

Qabaxçöl Polis Bölməsinin rəisi Vilayət müəllim şəhidin anası Tinay müəlliməyə yaxınlaşaraq duyğulu bir çıxış etdi: “Ana, ağlama, başını dik tut. Sənin oğlun qəhrəmandır.” Bu sözlər tədbir iştirakçılarının qəlbində dərin iz buraxdı.

Tinay müəllimə oğlunun döyüş yoldaşlarının xatirələrindən danışarkən, Nəcməddinin qorxmazlığı və hünəri bir daha qürur hissi oyatdı. Əsgər yoldaşlarının “Nəcməddin, bir az istirahət edək, sonra yenə döyüşərik” sözlərinə o, “Yox, bütün postları almalıyıq, düşməni məhv etməliyik” cavabını vermişdi. Gün ərzində bir neçə postu, o cümlədən bir erməni generalının olduğu mövqeni ələ keçirən Nəcməddin, sonuncu post uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Lakin onun arzusu gerçəkləşdi: Vətən torpağı işğaldan azad edildi.

Şəhidin atası Əli Sarkayev tədbir iştirakçılarına təşəkkür edərək, oğlunun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

Tədbir şəhidin evində təşkil olunan ehsan süfrəsi ilə başa çatdı. Bu mərasim bir daha göstərdi ki, xalqımız öz qəhrəmanlarını unutmur, onların xatirəsini yaşadır və gələcək nəsillərə örnək kimi təqdim edir.

                                                                   Ramazan Abal

Balakəndə Zəfər Gününə Yaşıl Hədiyyə: Poştbinədə Ağacəkmə Aksiyası

Ağac əkmə aksiyası
1

Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin “Zəfər müjdəli Azərbaycan” adlı tədbirindən

Liseyin tədbiri
0

Balakən şəhəri Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin 05.11.2025-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində “Zəfər müjdəli Azərbaycan” adlı tədbiri keçirilib. Ədəbi, bədii kompozisiyanı liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Papaxova Sədaqət Seyfullah qızı  Vb sinif şağirdləri ilə birlikdə hazırlayıb. Tədbir 8 noyabr Zəfər gününün şanlı tarixinə, qəhrəman ordumuzun igidliyinə həsr olunub.

Tədbirdə Balakən RİH başçısı vəzifəsini müvəqqəti icra edən Turan Dibirov, rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Sektorunun müdiri Mehparə Murtuzəliyeva, şəhid ailələri, qazilər, liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Tədbir şagirdlərin ifasında  Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra canlarını vətənin bütövlüyü uğrunda fəda edən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir 8 noyabr “Zəfər günü”nə və 9 noyabr “Bayraq günü” həsr olunmuşdu. Səhnədə şagirdlər müxtəlif kompozisiyalar və vətənpərvər mahnılarla çıxış edərək tamaşaçılara xalqımızın qəhrəmanlıq salnaməsini, azad və müstəqil Azərbaycan uğrunda şirin canlarından keçən şəhidlərimizin, rəşadətli ordumuzun  misilsiz hünərlərini əks etdirdilər. Kompozisiyada Balakən şəhidləri haqqında videoçarx nümayiş etdirildi. Turan müəllim tədbirdə çıxışı ilə xalqımızın qəhrəmanlıq salnaməsində ən parlaq səhifənin 8 noyabr “Zəfər günü” olduğunu vurğulayaraq qeyd etdi ki, 2020-ci ilin payızında Azərbaycan ordusu Ali Baş Komandanın  rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Bu təkcə hərbi qələbə deyil, həm də xalqın birliyinin, inamının və vətən sevgisinin təntənəsi idi. O, qeyd etdi ki, dövlətimiz hər zaman şəhid ailələrinə dəstək göstərir.

Tədbirdə qonaqlardan Nəzakət Rüstəmova, şəhid bacısı Mehparə Murtuzəliyeva, liseyin adını daşıdığı Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun atası Tacəddin Novruzov, şəhid Elmir Kərimovun anası Gülşən Kərimova, 5-cilərin ibtidai sinif müəllimi  Kəmalə Abdullayeva öz çıxışlarında balaca fidanlara ifa etdikləri kompozisiya və mahnılara, rəqslərə və şeirlərə görə minnətdarlıqlarını bildirdilər. Sonda liseyin direktoru Şaban Abdullayev qənaqlara və tədbirin ərsəyə gəlməsində köməklik göstərən valideynlərə və 5-cilərin sinif rəhbəri Sədaqət müəllimə təşəkkürünü bildirdi.

                                                                                            Yeni Balakən

🕊️ Qəhrəmanlıq qələmin gücü ilə yaşayır

Xalq Balakəndən yazır
0

İlqar Həsənovun qələmindən: Fərid Əliyevin hekayəti

Balakənin torpağı yalnız gözəl təbiəti ilə deyil, həm də igid övladları ilə tanınır. Bu torpağın yetirdiyi Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev haqqında yazılmış hər bir sətir, xalqımızın yaddaşına həkk olunmuş bir qəhrəmanlıq salnaməsidir. “Xalq qəzetinin” bölgə müxbiri İlqar Həsənovun qələmindən doğan “Bir qəhrəmanın hekayəti…” adlı yazı, bu salnamənin ən dəyərli səhifələrindən biridir.

✍️ Peşəkar jurnalistikanın gücü

İlqar Həsənovun yazısı sadəcə bir bioqrafik məqalə deyil. O, oxucunu Fərid Əliyevin həyatına, mübarizəsinə və insani dəyərlərinə doğru səmimi bir səyahətə çıxarır. Yazının dili sadə, lakin təsirlidir. Hər cümlədə həm fakt, həm də duyğu var. İlqarın peşəkarlığı onun hadisələri yalnız müşahidə etməsi ilə deyil, onları yaşaması ilə seçilir. O, Fəridin hekayəsini elə ustalıqla təqdim edir ki, oxucu sanki həmin görüşdə iştirak edir, həmin söhbətə qulaq asır.

🎖️ Fərid Əliyev – Balakənin qürur mənbəyi

Yazıda Fərid Əliyevin döyüş yolu, göstərdiyi şücaət, vətənə olan sevgisi və müharibədən sonrakı həyatına dair dəyərli məlumatlar yer alır. Onun sadəliyi, cəsarəti və xalqına bağlılığı bu yazıda bir daha ön plana çıxır. İlqar Həsənovun təqdim etdiyi bu obraz, gənclər üçün bir örnək, böyüklər üçün isə bir fəxarət mənbəyidir.

📚 “Yeni Balakən”də bu yazının yeri

Biz “Yeni Balakən” olaraq, belə yazıları yalnız paylaşmaqla kifayətlənmirik – biz onları yaşadırıq. İlqar Həsənovun bu yazısı, qəzetimizin ruhuna tam uyğun gəlir: yerli dəyərləri yaşatmaq, qəhrəmanlarımızı tanıtmaq və oxuculara həm bilgi, həm də ilham vermək. Bu yazı vasitəsilə biz Balakənin qəhrəman övladlarını daha yaxından tanıyır, onların hekayələrini gələcək nəsillərə ötürürük.

P.S. Həqiqətən,görəsən o əsgər son nəfəsində nə demək istəyirdi..?

                                                                                                     Ramazan Abal

“AyMed” klinikasında “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirici aksiya

AyMed klinikası
1

1 noyabr 2025-ci il tarixində Balakən şəhərində “AyMed” klinikasında “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirici aksiya keçirilib. Aksiya PAŞA Holding və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutub.Lokal dəstək isə “AyMed” klinikası və onun rəhbəri doktor Elşən Kərimov tərəfindən göstərilib.

Bu təşəbbüsün əsas məqsədi bölgədə ictimai sağlamlıq biliklərini artırmaq, erkən diaqnozun vacibliyinə diqqət çəkmək və yerli əhaliyə daha əlçatan tibbi xidmətlər təqdim etməkdir.

Tam ödənişsiz tibbi xidmətlər aşağıdakı sahələri əhatə edib:

  • Qanda şəkər səviyyəsinin və arterial təzyiqin yoxlanılması;
  • İlkin laborator analizlər;
  • Terapevt və endokrinoloq müayinələri;
  • Qalxanvari vəzin USM müayinəsi;
  • Ginekoloji müayinələr;
  • Travmatoloji müayinələr;
  • Oftalmoloji xidmətlər.

Saat 10:00-dan 17:00-dək davam edən tədbirdə Balakən rayonunun sakinləri böyük maraq göstəriblər. 1023 nəfər müayinədən keçib.Aksiyaya qatılan insanlara sağlamlıqla bağlı fərdi məsləhətlər verilib və sağlamlıqları ilə bağlı müvafiq sahələrə yönləndirmələr edilib.

Aksiya zamanı səyyar həkim heyəti risk qrupunda olan şəxsləri müəyyən edərək, onlara fərdi sağlamlıq planları təqdim edib. Qanda şəkər səviyyəsi normal olmayan 263 nəfərə qlükometr cihazları hədiyyə edilib. Bu, onların gündəlik qlikemik nəzarət aparmasına və uzunmüddətli fəsadların qarşısının alınmasına kömək edəcək.

                                                          Yeni Balakən

Balakəndə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Qeyd Olundu

Balakəndə kənd təsərrüfatı işçilərinin bayramı
0

Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini nəzərə alaraq və kənd təsərrüfatı işçilərinin əməyini yüksək qiymətləndirərək qərara alıram:

1. Hər il noyabr ayının 1-i Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Zəhmətə hörmət, torpağa sevgi – Balakən kənd təsərrüfatı işçiləri peşə bayramlarını birlik və qürurla qeyd etdilər.

1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə Balakən rayonunda təntənəli tədbir keçirildi. Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı işçiləri Dağüstü parkda bir araya gələrək bu əlamətdar günü birlikdə qeyd etdilər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin səlahiyyətlərini icra edən və rayona rəhbərlik edən Turan Dibirov da iştirak etdi. O, tədbir iştirakçıları ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydu və xatirəsini ehtiramla andı.

Daha sonra Turan Dibirov çıxış edərək kənd təsərrüfatı sahəsində çalışan əməkçiləri peşə bayramı münasibətilə təbrik etdi. O, Balakən rayonunun qarğıdalı, tütün və baramaçılıq sahələrində respublika miqyasında ön sıralarda yer aldığını vurğuladı. Rayonun kənd təsərrüfatı işçilərinin ölkə iqtisadiyyatına verdiyi töhfələrdən danışaraq onların zəhmətini yüksək qiymətləndirdi.

Rayon rəhbəri həmçinin Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının bölgədə yayılmış Ağ Amerikan kəpənəyi və Qəhvəyi mərmər bağacığına qarşı apardıqları uğurlu mübarizə tədbirlərini qeyd etdi. Kənd təsərrüfatının həyatımızdakı strateji əhəmiyyətini vurğulayan Turan Dibirov bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.Kollektivin 47 il əmək stajı olan Solmaz xanım rayon rəhbəri Turan Dibirova onlara göstərdiyi diqqətə,qayğıya görə,təbrikə gəldiyi və peşə bayramında onlarla birlikdə olduğu üçün kollektiv adından təşəkkür etdi.

Tədbirin sonunda iştirakçılar xatirə olaraq kollektiv foto çəkdirdilər.

Bu bayram yalnız bir peşənin deyil, torpağa bağlılığın, zəhmətə verilən dəyərin bayramıdır. Balakənin kənd təsərrüfatı işçiləri bir daha sübut etdilər ki, əkinin, biçinin, mübarizənin arxasında böyük ürək və vətən sevgisi dayanır. Onların əməyi ilə torpaq yaşar, bölgə inkişaf edər, gələcək qurular.

                                                                        Yeni Balakən

“Pöhrə” təlim və inkişaf mərkəzi artıq rayonumuza öz töhvəsini verməyə başlayıb.

PÖHRƏ
2

🌱 “Pöhrə” Balakəndə Cücərir: Maarifə Yeni Nəfəs

Rayonumuzda fəaliyyətə başlayan “Pöhrə” Təlim və İnkişaf Mərkəzi qısa zamanda uşaqların təlim-tərbiyəsində, dil bacarıqlarının inkişafında və yaradıcı düşüncələrinin formalaşmasında mühüm rol oynamağa başlayıb.

Balakən rayonunda fəaliyyətə başlayan “Pöhrə” Təlim və İnkişaf Mərkəzi artıq yerli maarif həyatına öz töhfəsini verməkdədir. Altı ay ərzində uğurla fəaliyyət göstərən mərkəzdə hazırda 40-dan çox uşaq təlim-tərbiyə alır.

Sentyabr ayından etibarən mərkəzdə bağça qrupları ilə yanaşı məktəbəhazırlıq və təkmilləşdirmə qrupları da fəaliyyətə başlayıb.Qrupun rəhbəri savadlı,iş metodikasıyla fərqlənən,dəyərli müəlliməmiz Elza Nastakalovadır. Tədris prosesi müasir metodologiyaya əsaslanır və uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunur.

Mərkəzdə ingilis dili yüksək səviyyədə tədris olunur. Həm 3–5 yaşlı uşaqlar, həm də məktəbəhazırlıq qrupları üçün həftədə üç dəfə ingilis dili dərsləri keçirilir. Eyni zamanda “Əylənərək öyrənək” prinsipi ilə rus dili məşğələləri də təşkil olunur. Bu yanaşma uşaqların dil öyrənməyə marağını artırır və öyrənmə prosesini daha effektiv edir.

“Pöhrə”nin fərqləndirici cəhətlərindən biri gündəlik əyləncəli fəaliyyətlər, tədbirlər, oyunlar və master-klasların keçirilməsidir. Uşaqlar burada yalnız öyrənmir, həm də yaşayaraq, iştirak edərək bilik qazanırlar.

Mərkəzdə uşaqlar gündə üç dəfə sağlam qida ilə təmin olunur. Sakit və təhlükəsiz şəraitdə yuxu rejimi tətbiq edilir. “Pöhrə”nin əsas məqsədi gələcəyin sağlam, yaradıcı, vətənpərvər və savadlı fərdlərinin təhsilinin möhkəm təməllər üzərində qurulmasıdır.

Mərkəzə daxil olduqda ilk olaraq sizi gülərüzlü administrator Dinarə xanım qarşılayır. O, hər bir valideyni diqqətlə dinləyir, istəkləri nəzərə alaraq uşaqları uyğun qruplara yönləndirir. Bağçanın 3–5 yaş qrupunda 20 ildən artıq pedaqoji təcrübəyə malik ixtisaslı tərbiyəçi Hürü Əliyeva çalışır. Körpə qrupda isə iki dayə və bir müəllim uşaqların qayğısına qalır.

Valideynlər 051 662 28 24 nömrəsi ilə əlaqə saxlayaraq mərkəzin xidmətlərindən yararlana bilərlər.

Yeni balakən