Category: Siyasət

Zəfərlə gözəl  bayramınız mübarək!

Azərbaycan Bayrağı
0

Zəfərin işığında sizlərə – 2026-ya salam!

Əziz şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları!

2026-cı ilə qədəm qoyarkən “Yeni Balakən” qəzeti ilk yazısını sizlərə və Ali Baş Komandanımıza ünvanladığı təbriklə açır.

Sizin və övladlarınızın fədakarlığı sayəsində Azərbaycanımız bu gün bütöv, suveren və qürurlu bir dövlət kimi bütün bayramlarını – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü, Yeni İli və digər milli-mənəvi günləri – ərazisinin hər qarışında qeyd edir. Bu, sadəcə bir bayram deyil, həm də tariximizin ən şərəfli səhifəsidir.

Sizlər canınızla, qanınızla, biləyinizlə, zəkanızla zamanın yaddaşına əbədi bir zəfər tarixi yazdınız. Bu zəfər, gələcək nəsillərə yol göstərən, milli birliyimizi möhkəmləndirən, Azərbaycan xalqının gücünü dünyaya nümayiş etdirən bir işıqdır.

2026-cı ilin ilk səhifəsini açarkən biz bir daha qürurla deyirik:

Azərbaycan əbədi var olacaq, əbədi bütöv olacaq!

Zəfərlə gözəl  bayramınız mübarək!

Media nümayəndələri ilə görüş

Media nümayəndələri ilə görüş
1

“Media ilə rəhbərlik arasında səmimi dialoq”

Balakən Rayon İcra Hakimiyyətində rayon rəhbəri Natiq Ağayevin bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüşü keçirildi. Görüşdə qəzet, televiziya, sayt və informasiya agentliklərinin əməkdaşları iştirak edərək, öz sahələrinə aid məsələləri, rastlaşdıqları problemləri və təkliflərini səsləndirdilər.

Uzun illər Balakəndə bir çox  media nümayəndələri tam və ətraflı fəaliyyət göstərə bilmirdi. Bunun səbəbi əvvəlki rəhbərliyin idarəetmədəki səriştəsizliyi və media nümayəndələrinə göstərdiyi münasibətlə bağlı idi. Yeni rəhbərlik isə ilk gündən mətbuatla səmimi münasibət quraraq, dördüncü hakimiyyətin dövlət və cəmiyyət həyatındakı roluna xüsusi diqqət yetirdi.

“Yeni Balakən” qəzeti olaraq biz də həmin tədbirdə iştirak etdik. Rəhbər bizə söz verdikdə, qəzetin redaksiya otağının olmaması və digər problemləri dilə gətirdik. Natiq müəllim məsələlərin müsbət yöndə həll olunacağını bildirdi, qəzetlə bağlı əhəmiyyətli tövsiyələr verdi. Media nümayəndələri də öz sahələrində informasiya təminatında rastlaşdıqları çətinlikləri, irad və təkliflərini səsləndirdilər.

Natiq Ağayev Balakən rayonunda indiyə qədər görülməyən, görülməkdə olan və görüləcək işlərdən danışaraq, bu proseslərin mediada düzgün təqdimatının gələcəkdə işlərin daha asan və keyfiyyətli olmasına, sakinlərin də məlumatlı olmasına xidmət edəcəyini vurğuladı.

Bu sadəcə bir toplantı deyildi, Balakən və bölgədə fəaliyyət göstərən media nümayəndələri üçün bu görüş yeni bir səhifə açdı. Açıq dialoq və rəhbərliyin diqqəti bizə göstərdi ki, bundan sonra bölgənin informasiya təminatı daha güclü və şəffaf olacaq. “Yeni Balakən” qəzeti olaraq biz də bu prosesin önündə dayanaraq, hər bir vətəndaşın səsini eşidilən bir mətbuat orqanı olmağa davam edəcəyik. Görüşün yaratdığı ümid və ruh yüksəkliyi isə bizə gələcəyə daha böyük inamla baxmağa imkan verir.

                                                         Yeni Balakən

12.12.2025-Heydər Əliyevin anım günü

Anım günü
0

Balakəndə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Bu gün ölkəmizin inkişaf yoluna, dövlətçilik təməllərinə, müstəqilliyimizin möhkəmlənməsinə ömrünü həsr etmiş böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xatirəsi Balakənda böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİHB aparatının kollektivi, rayon hüquq-mühafizə orqanlarının və idarə, müəssisələrin rəhbərləri, əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları Ulu Öndərin abidəsini ziyarət ediblər. Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzülüb, onun əziz və unudulmaz xatirəsinə ehtiram ifadə olunub.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin hörmət əlaməti olaraq Şəhidlər Xiyabanı ziyarət edilib.

Daha sonra “Qubek” otelində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Balakən Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev çıxışında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Ömrünü öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb.

Digər çıxış edənlər bildiriblər ki, Ulu Öndərin xatirəsi hər bir azərbaycanlı üçün əziz və müqəddəsdir. Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunub. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaqdır.

Konfransın sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Sonra Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan mərasimi təşkil olunub.

                                                Yeni Balakən

Natiq Ağayevin dindarlarla görüşü

Dindarlarla görüş
0

“Dövlətlə xalqın birliyi: Balakən Cümə Məscidində görüş”

Bu gün Balakən Cümə Məscidində rayon rəhbəri Natiq Ağayev rayonun din xadimləri və dindarları ilə görüş keçirdi. Görüşdə rayonun müxtəlif bölgələrindən gələn din xadimləri, Dini Komitənin əməkdaşları iştirak edirdi. Qonaqlar əvvəlcə məscid və minarə ilə tanış oldular, daha sonra Balakən qazısı İbrahim İbrahimovun müşayiəti ilə məscidə daxil oldular.

Məsciddə onları gözləyən dindarlarla salamlaşan Natiq Ağayev çıxışına başlayaraq, Balakənin din xadimlərini və dindarlarını görməkdən məmnun olduğunu, belə gözəl insanları və təbiəti olan rayona rəhbər təyin edilməsindən qürur duyduğunu bildirdi. Din xadimləri və tədbir iştirakçıları da rəhbəri “Xoş gəldin” sözləri ilə qarşılayaraq, onun fəaliyyətində uğurlar arzuladılar.

Natiq Ağayev çıxışında vurğuladı ki, görüşün əsas məqsədi insanlarla birbaşa ünsiyyətdə olmaq, onların dərd-sərlərini dinləmək, problemlərin həllinə kömək etmək və dövlətə olan inamı möhkəmləndirməkdir. O, dindarların rayonun nüfuzlu şəxsləri, ağsaqqalları olduğunu qeyd edərək, onların rayon həyatında fəal iştirakını, görülən işlərə münasibət bildirməsini, məsləhət və tövsiyələrini eşitmək istədiyini söylədi.

Rayon rəhbəri qarşıda görüləcək işlərdən danışaraq, elektrik, su və kanalizasiya problemlərinin həlli üçün lazımi materialların və işçi qüvvəsinin artıq gətirildiyini, işlərin bir neçə gün ərzində başlanacağını bildirdi. O, Balakənin strateji mövqeyinə toxunaraq, iki dövlətlə həmsərhəd olan bu bölgədən həm dostun, həm də düşmənin keçdiyini vurğuladı və problemlərin birlikdə həll olunmasının vacibliyini qeyd etdi.

Natiq Ağayev ehsan süfrələrində ifrat və israfın az olduğunu məmnuniyyətlə qeyd etsə də, dilənçilərin, xüsusilə də kiçik yaşlı uşaqların çoxluğundan narahatlığını dilə gətirdi. Onların məktəbə gedib təhsil almalı olduqlarını vurğulayaraq, bu məsələdə maarifləndirici tədbirlərin keçirilməsini zəruri saydı.

Görüş İkindi namazı üçün oxunan azanla sona çatdı. Rayon rəhbəri ayrılarkən növbəti dəfə eyni safda, camaatla birgə namaz qılmaq və yenidən görüşmək arzusunu ifadə etdi.

Ramazan Abal

Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə

Prezident İlham Əliyev “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları”nı təsdiqləyib.
Yeni Balakən.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Dövlət başçısı həmçinin 27 dekabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, məlumatlandırma mexanizmi sahəsində:

– sifarişçi tərəfindən Torpaq Məcəlləsində nəzərdə tutulmuş müvəqqəti tikililər barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi;

– məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

– Tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi;

– məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə ötürülməsi;

– məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi nəzərdə tutulur.

Sahibkarlarla görüş

Sahibkarlarla görüş
0

Natiq Ağayev sahibkarların yanında, maneələr tarixə qovuşur

Bu gün Balakən RİH-in inzibati binasında iş adamları və sahibkarlarla rayon rəhbəri Natiq Ağayevin görüşü oldu. Son 14 ildəki görüşlərdən fərqli olaraq bu dəfə tədbirdə xeyli sayda iş adamı və sahibkar iştirak edirdi. Təbii ki, səbəb də bəlli idi: hər zamankı kimi seçilmiş bir neçə nəfər, daim “yüklənənlər” deyil, görüş elanını eşidib gələn hər kəs iştirak etmişdi. Hətta o qədər çox idi ki, zal adam tutmurdu, koridorda kürsü qoyub oturmuşdular.

Unutmayaq ki, son 14 ildə Balakənin quruculuq işlərində cənab Prezidentin ayırdığı böyük məbləğli vəsaitlə görülən işlər istisna olmaqla, qalan işlərin az qala tamamını Balakənin iş adamları və sahibkarları “yüklənmə” yolu ilə həyata keçiriblər.

Tədbiri Natiq müəllim iştirakçıları salamlayaraq açdı. Rəhbər əvvəlki vəziyyətdən tam hali olduğunu göstərərək çıxışına iş adamlarını əmin etməklə başladı:

•             Tam arxayın, əmin şəraitdə işinizi quracaq, fəaliyyət göstərəcəksiniz.

•             Heç kim sizə münasibətdə neqativ hallara yol verməyəcək, haqsız və əsassız tələblər irəli sürülməyəcək.

•             Əvvəlki eybəcər istəklər, “yükləmələr” olmayacaq, iş adamlarına heç bir maneə yaradılmayacaq.

O, xaricdəki iş adamlarını da dəvət edərək Balakənə investisiya qoymağa çağırdı. Qanun çərçivəsində işlərini qurmaq üçün hərtərəfli dəstək veriləcəyini, hüquqi məsləhətlərdən tutmuş bilik səviyyəsində köməklik göstəriləcəyini vurğuladı.

Sonra söz Şəki-Zaqatala Regional Məşğulluq Filialının Təhlil və Tərəfdaşlarla İş şöbəsinin müdiri Vaqif Əsədullayevə verildi. O, iş adamlarına təqdim olunan güzəştlərdən, məşğulluğun təminində müəyyən kateqoriyalara tanınan imtiyazlardan, iş mühitinin inkişafı üçün yaradılan şəraitdən danışdı və bildirdi ki, sahibkarlar müraciətlərini elektron hökumət portalı üzərindən də edə bilərlər.

Təkliflər və müzakirələr

Natiq müəllim əlavə etdi ki, iş adamlarına avadanlıqlar ona görə veriləcək ki, onlar müəyyən sayda işçi götürsünlər. O, iş yerlərinin açılması və iş şəraitinin yaradılması üçün bir çox istiqamətlər göstərdi. Bəzi məmurlara isə yerindəcə xəbərdarlıq edərək süründürməçiliyə yol verməməyi, iş adamlarına ciddi və həssaslıqla yanaşmağı tapşırdı.

Sahibkar Musalxan İbrahimov elektrik problemi ilə üzləşdiyini bildirdi və turizmin inkişafını təklif etdi. Natiq müəllim cavabında Balakəndə turizmin inkişafının vacib sahələrdən olduğunu, Katex şəlaləsi istiqamətində marşrutun açılmasının gündəmdə olduğunu, quru sərhədlərin açılması ilə turizmin beşqat artacağını qeyd etdi. Elektrik problemi ilə bağlı isə deputat Nəsib müəllimlə də görüşdüklərini,çox böyük dəstək verəcəyini və yaxın zamanda çatışmazlıqların aradan qaldırılacağını vurğuladı. Şəhərdə su və kanalizasiya xətlərinin mərhələli şəkildə yenilənəcəyi də bildirildi.

Sahibkar Vidadi Baydarov Balakən parkından və kanat yolunun məşhur dövründən söz açaraq hazırda kanatın işləmədiyini,rayona turist marağının azaldığını qeyd etdi. O, Balakən çayı boyunca Salban kəndinə qədər park-bulvar salınmasını təklif etdi və layihədə iştirak etməyə hazır olduğunu bildirdi.

Sizin gəlişiniz qış fəslinə təsadüf etsədə,bahar havası hiss olunur-deyə sözə başlayan iş adamı Məhəmməd Bazarov isə torpaq koordinatları, bağbanların maarifləndirilməsi və bağçılıq işinə peşəkar dəstəyin göstərilməsi ilə bağlı məsələləri səsləndirdi. Bununla bağlı rəhbərlə ayrıca görüşmək istədiyini bildirdi.Görüş istəyi müsbət qarşılandı.

Başçı sahibkarlara qanuni ət kəsimi yerlərinin yaradılmasını təklif etdi. Bu, həm qiymətlərin ucuzlaşmasına, həm də həkim nəzarətində gigiyenik şəraitdə ətin emalına səbəb olacaq.

Sahibkarların rəyləri

İş adamı Mahir Caniyev görüşü maarifləndirici adlandıraraq xeyli bilgi əldə etdiyini bildirdi. Əfqan Balayev isə Natiq Ağayevdən razı qaldığını, iş adamlarının incidilməyəcəyinə inandığını və yeni rəhbərə, onun timsalında ölkə başçısına güvənərək sahibkarlıq fəaliyyətini davam etdirəcəklərini vurğuladı.

Natiq müəllim gələcəkdə tikiləcək obyektlərin və görüləcək işlərin müasir görünüşlü, Balakən memarlığına və şəhərsalmanın tələblərinə uyğun, keyfiyyətli şəkildə olmasının vacibliyini qeyd etdi. O, görüşdən məmnun qaldığını bildirərək sahibkarlara uğurlar arzuladı.

                                                                Yeni Balakən

Milli Məclisdə Balakənliləri narahat edən problemlər səsləndirilib

Nəsib müəllim
0

Deputat Balakənli seçicilərin istəklərini Milli Məclisdə səsləndirdi.

Artıq iki gündür, 2026-cı ilin Dövlət büdcəsi haqqında qanun layihəsi hökumət üzvlərinin birgə iştirakı ilə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Hələ sabah da davam edəcək müzakirələrdə deputatlar öz fikirlərini səsləndirir, vətəndaşları narahat edən məsələlərə toxunur, təklif və rəylərini bildirirlər. Səsləndirilən fikirlər içərisində hörmətli deputatımız Nəsib Məhəməliyevin toxunduğu bir sıra ciddi narahatlıq doğuran məqamlar var ki, onu izləyicilərin diqqətinə çatdirmağı zəruri hesab edirik.

Millət vəkili hökumət üzvləri qarşısında seçiciləri narahat edən bir sıra məqamlara da toxunub,problemləri də qaldırıb:
“Bir millət vəkili olaraq fürsətdən istifdə edərək, təmsil olunduğum Balakən rayonunun seçiciləri tərəfindən qaldırılmış bəzi problemləri diqqətinizə çatdırmağı özümə borc bilirəm.
1. Regionların 2019-2023 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Balakən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasının başa çatdırılması.
2. Rayon mərkəzindən 18 km aralıda yerləşən və 30 min əhalinin yaşadğı Qabaxçöl qəsəbə xəstəxanasının yenidən tikilməsi. Bu barədə cənab Prezidentin müvafiq göstərişi olmuşdu və aidiyyəti mərkəzi icra orqanları tərəfindən razılıq əldə olunmuşdu. Əgər, yenidən inşası mümkün olmasa, hökumətdən kapital təmir üçün vəsaitin ayrılmasını xahiş edirəm.
3. Balakən dağətəyi rayondur və eko, aqro və digər turizm sahələrinin inkişafı üçün münbit şərait mövcuddur. Bu baxımdan, Katexçay şəlaləsinin turizm marşrutuna daxil edilməsi məqsədə uyğun olardı. Hesab edirəm ki, Milli Qoruqlardan və biosferadan istifadə haqqında qanun qəbul edilməsi, dağətəyi rayonlarda turizmin inkişafına, məşğulluq səviyyəsinin yüksəlməsinə, sosial problemlərin həllinə xidmət edərdi.
4. Rayon ərazisindən axan Dağ çayları sistemində beton-bənd, sahil bərkitmə işlərinin aparılması.
5. İşsizliyin aradan qaldırılması istiqamətində, Özünü məşğulluq proqramlarının genişləndirilməsi.”

Nəsib müəllimin qaldırdığı bu məsələlərin müsbət həlli Balakənin iqtisadi,sosial həyatında önəmli ölçüdə dəyişikliklər yaradacağı aşıkardır.Balakənlinin səsi olduğunu bir daha göstərən hörmətli millət vəkilimizə uğurlar və qaldırdığı məsələlərin qısa zamanda həllini tapmasını dilyəyirik.

                                                                                                                             Yeni Balakən

Vətəndaş qəbulu

“İlk qəbul günü Balakən sakinləri ümidlə RİH binasında”
0

Yeni başlanğıc: Natiq Ağayevin ilk vətəndaş qəbulu

Balakən Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev bu gün ilk dəfə vətəndaşlarla rəsmi görüş keçirdi. Qəbul RİH binasında baş tutdu və yerli sakinlərin müxtəlif sosial, iqtisadi və məişət məsələləri ilə bağlı müraciətləri dinlənildi.

Bilindiyi kimi, Balakən RİH-də vətəndaş qəbulları hər həftənin üçüncü günü İcra Hakimiyyətinin inzibati binasında, dördüncü günlər isə kənd və qəsəbələrdə keçirilir. Bu görüşlər rayon rəhbərliyinin vətəndaşlara daha yaxın olmaq, onların problemlərini yerindəcə dinləmək və operativ həll yolları tapmaq məqsədini daşıyır.

Natiq Ağayevdən öncə onun Göyçayda vətəndaş sevgisi ilə qazandığı ad-sanı, ünü gəlib çatmışdı Balakənə. Bəlkə bu, bəlkə də gəldiyi ilk gündən Balakəndə gördüyü işlərin sakinlərdə yaratdığı xoş təəssürat, inam hissi idi — bilmirik. Amma bir şey aydın idi: bu günki qəbulda xeyli insan vardı. Xeyli də dərd, problem gətirmişdilər. Sanki uzun illərin dərd-sərlərinə çarə, ümid işığını görürdülər Natiq Ağayevin nurlu üzündə, dodaqlarının arasından çıxacaq hər kəlməsində, sözündə… Elə olacağa da bənzəyirdi.

Başçı hər bir müraciəti diqqətlə dinləyərək, aidiyyəti üzrə tapşırıqlar verdi və problemlərin mərhələli şəkildə həll olunacağını bildirdi. Bu görüş, Balakəndə yeni bir idarəçilik ruhunun doğulduğunu göstərdi — həm ümidli, həm də insanlara yaxın.

“İnsanların dərdini dinləmək, onları eşitmək — bizim borcumuzdur.” — Natiq Ağayev

                                                                                                    Ramazan Abal

Politoloq sebebleri açıqladı

Zeynal Əmrəliyev
1

İCRA BAŞÇILARININ YERİ NİYƏ DƏYİŞDİRİLDİ ? – ZƏRURİ SƏBƏBLƏR VƏ MÜHÜM GÖZLƏNTİLƏR

Prezident İlham Əliyev müxtəlif bölgələrə yeni rəhbərlər təyin etdi. Fuad Nəcəfli Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edildi. Mahiyyət etibarı ilə səlahiyyətli nümayəndəlik xüsusi nümayəndəliklə birlikdə yeni regional idarəetmə modeli idi. Bu həm kadrlar, həm yeni yaradılan sistem üçün bir imtahandır. Görünür ki, Fuad Nəcəfli bu imtahandan keçə bilmədi. Son zamanlar Muxtar Respublikadan olan bəzi ictimaiyyət nümayəndələri problemlərlə bağlı öz narazılıqlarını ifadə edirdilər. Eyni zamanda Fuad Nəcəflinin Muxtar Respublikadakı qurumların fəaliyyətinə müdaxiləsi də hiss edilirdi. Məsələn, Naxçıvanda bəzi qurumların, o cümlədən Ali Məclisin rəhbəri yoxdur. Bu ümumi idarəetmə sisteminə mənfi təsir göstərən amildir. Yəni təyin edilən səlahiyyətli nümayəndə Ceyhun Cəlilov isə nisbətən gənc və daha mülayim kadr imici yaradır. Cəlilov Azərbaycanın ASAN Xidmətlə bərabər ən uğurlu lahiyyərltindən olan DOST Xidmətin rəhbərliyində çalışıb. Sonradan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, daha sonra isə Muxtar Respublikasının Baş Naziri olub. Həm yeni idarəçilik metodunu mənimsəyib, həm də Naxçıvanın idarəçiliyində yaxından iştirak edib. Eyni zamanda muxtar respublika əhalisinin problemlərini bu sahəyə rəhbərlik etmiş şəxs olaraq dərindən bilir ki, bu önəmli faktdır. Çünki Naxçıvanda əhalinin sosial məsələlərinin və idarəetmənin sağlamlaşdırılmasına ciddi şəkildə ehtiyyac var. Ceyhun Cəlilov bu baxımdan uğurlu kadrdır. Dövlət başçısı eyni zamanda Elşən Həsənlinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da Sərəncam imzaladı. Elşən Həsənli bu təyinata qədər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1 – ci müavini olub. İcra strukturlarında yetişmiş kadrdır. Eyni zamanda bu sahədə icra başçılarının strukturun öz daxilindən gəlməsi ənənəsini də qoya bilər. İlham Əliyev həmçinin Elxan İbrahimovu Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Elxan İbrahimov Azərbaycanda Qərb təhsilli yeganə rayon rəhbəridir. Dövlət başçısının onu paytaxtın mərkəzinə təyin etməsi son zamanlar Bakıda keçirilən beynəlxalq tədbirlərin təşkili baxımından əhəmiyyətlidir. İnnovativ və geniş xaric dil bilgisi olan kadrların paytaxt rayonlarına rəhbər təyin edilməsi həm Bakının idarəetməsinin müasirləşdirilməsi, həm də xarici tədbirlərin daha səmərəli keçirilməsinə yardım edəcəkdir. Prezident İlham Əliyev Vüqar Novruzovu Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, Orxan Mürsəlovu isə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Hər iki icra başçısının başqa rayonlara təyinat alması onların əvvəl işlədiyi bölgələrdə etimadı doğrultduğunu göstərir. Dövlət başçısı eyni zamanda Elvin Paşayevi Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Qax rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Elvin Paşayev Kənd Təsərrüfatı Nazirliyindən gəlmiş kadrdır. Bölgələrdə bu sahələrin dirçəldilməsinə ciddi ehtiyac var. Qaxda həbs edilmiş icra başçısı Musa Şəkiliyevin dövründə buraxılmış kobud səhvlərə görə aqrar sahənin inkişafı xeyli geridə qalırdı. Yeni icra başçısının ilk işi ehtimal ki, Qaxda kənd təsərrüfatı sahəsinin canlandırılması olacaq. Prezident İlham Əliyev həmçinin Natiq Ağayevin Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Natiq Ağayev uzun illər təhlükəsizlik orqanlarında çalışıb, 2022 – ci ildə Göyçaya icra başçısı təyin edilib. Əvvəlki icra başçısı İslam Rzayevin dövründə buraxılan olduqca ciddi səhvlər, bir çox sahədə baş qaldıran nöqsanlar rayonda DTX – nın əməliyyat keçirməsi və icra başçısının həbs edilməsi ilə nəticələndi. Qeyd edim ki, Natiq Ağayev Balakən tarixində icra başçısı təcrübəsi olan ilk rayon rəhbəri kimi tarixə düşəcək. Azərbaycan müstəqillik qazandıqdan sonra Balakənə heç vaxt başqa rayonda təcrübəsi olan icra başçısı təyin edilməyib. Bu isə rayon idarəçiliyinə daha peşakar yanaşmanın göstərilməsi baxımından önəmlidir. Natiq Ağayevin Balakəndə mövcud olan bir çox problemi yerinə qoyacağı, sağlam mühit yaradacağı da şübhəsizdir. Yeni icra başçısının Göyçayda göstərdiyi müsbət nəticə, haqqında söylənilən yüksək fikirlər bu fikirlərin formalaşması üçün ciddi zəmin hazırlayır.

Politoloq-tarixçi

Zeynal Əmralıyev

P.S.Bəziləri deyir ki,rayona nə tez başçı qoyuldu..İdarəetmə heç nəyi,heç kimi gözləmir.İlin sonuna yaxın bütün rəhbərlik yerləri tam səlahiyyətlilərlə dolu olmalıdır,çünki noyabr ayı və büdcə işləri gələn ilin, 2026-cı ilin büdcə proqnozlarının,dəqiqləşmələrinin rayon və şəhərlərdən mərkəzə təqdim olunduğu,rayon rəhbərlərinin imzasıyla təsdiq olunduğu ay və işlərdəndəndir.