Month: Oktyabr 2025

Müəllim Adı – Şərəfin Zirvəsi

Balakən müəllimlər günü tədbiri
1

Balakəndə 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirildi

“Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram.”

5 Oktyabr – Ümumdünya Müəllimlər Günü dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da böyük ehtiramla qeyd olunur. Müəllimlik peşəsi yalnız bilik vermək deyil, həm də insan yetişdirmək, cəmiyyətin gələcəyini formalaşdırmaq missiyasıdır. Bu müqəddəs peşənin sahiblərinə hörmət və minnətdarlıq ifadə etmək üçün Balakəndə də xüsusi tədbir təşkil olundu.

Tədbir günün ikinci yarısında başladı. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılış edildi. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Rauf Əsədov, Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, məktəb direktorları, bağça müdirləri, müəllimlər, şagirdlər və şəhid ailələri iştirak edirdilər.

İlk çıxış edən Nəzakət Rüstəmova Balakən təhsilinin uğurlarından söz açaraq, yüksək bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olan tələbələrin yetişdirilməsində əməyi olan müəllimlərə təşəkkürünü bildirdi. O, həmçinin Balakən RİH başçısı İslam Rzayevin təbriklərini pedaqoji kollektivə çatdırdı.

Ardınca çıxış edən Rauf Əsədov region təhsilindəki inkişafdan danışaraq Balakənin bu uğurlara verdiyi töhfəni vurğuladı. O, Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın təbriklərini çatdıraraq müəllimlərə uğurlar arzuladı.

Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva isə çıxışında müəllimlərin peşəkarlığını, onların yetişdirdiyi şagirdlərin respublika miqyasında göstərdiyi nəticələri qeyd etdi. Bildirdi ki, bu ilki məzunların 50%-dən çoxu ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. O, tədbir iştirakçılarına təşəkkürünü bildirərək, birlikdə Balakən təhsilinin adını daha da yüksəklərə qaldıracaqlarına inandığını vurğuladı.

Tədbirdə şəhid anaları – Zümrüd müəllimə və Tinay müəllimə də çıxış edərək müəllimin el-oba üçün yanan şam olduğunu, bilik ziyası ilə cəhalət qaranlığını aydınlatdığını poetik dillə ifadə etdilər. Onlar şagirdlərinin uğuruna öz övladlarının uğurundan daha çox sevindiklərini qeyd etdilər.

Tədbirə bədii rəng qatan anlar da oldu: məktəb direktorunun öz yazdığı şeirin səsləndirilməsi, şagirdlərin poetik çıxışları və şəhid İbadov Faiqin oğlu İsmixanla şəhid Köklərov Sərxanın qızı Məryəmin birgə rəqsi alqışlarla qarşılandı.

Sonda təhsil sahəsində fərqlənən bir qrup direktor, müəllim və əməkdaş Balakən RİH, Elm və Təhsil Nazirliyi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Balakən Rayon Təhsil Sektoru və ETİHİ Balakən rayon Komitəsi tərəfindən Fəxri Fərmanlarla təltif olundu. Tədbir xatirə fotosu ilə yekunlaşdı.

…və sonda

Balakənin təhsil camiəsi bu bayram günündə bir daha sübut etdi ki, müəllimlik sadəcə peşə deyil – bu, ürəklə seçilən bir missiyadır. Müəllimlərimiz təkcə bilik vermir, həm də şəxsiyyət formalaşdırır, gələcəyin memarlarını yetişdirirlər. Onların əməyi ilə Balakən daha işıqlı, daha savadlı sabahlara doğru addımlayır.

Bu bayram günündə bir daha əmin olduq:

Müəllim – elin nurudur, cəmiyyətin vicdanıdır, gələcəyin yolçusudur.

                                                           Ramazan Abal

Tədbirin fotoları qəzetin facebook səhifəsində

KONSTİTUSİON VƏ DEMOKRATİK DÖVLƏT DÖRD TƏMƏL ÜZƏRİNDƏ QURULUR: QANUNVERİCİ,İCRAEDİCİ,MƏHKƏMƏ VƏ MÜSTƏQİL MEDİA.

Rüstəm Məlikov
1

Bu təməllərin hər birinin subyekti o dövlətin konstitusiya əsaslı qanunlarıyla fəaliyyət göstərirlər.Ölkəmizdə bu sahədə tək bir çatışmamazlıq vardı; onu da cənab Prezident, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanı ilə aradan qaldırdı.Belə ki,4-cü təməldəki(media) subyektlərin qeydiyyatı 2-ci təməldəki(ədliyyə nazirliyi) subyekti tərəfindən aparılırdı,halbuku bütün təməllər təməl olaraq bərabər hüquqlara malikdirlər konstitusiyanın nəzərində.Birinin digəri üzərində üstünlüyü yoxdur..

Cənab Prezidentin məlum fərmanı ilə hüquqən müstəqil,icrası yönündən Prezidentin nəzarətində olan yep-yeni bir qurum yaradıldı: AZƏRBAYCAN RESPUBLİKASI MEDİA REYESTRİ

Artıq bu gün istənilən audio,vizual,çap,onlayn və sairə media subyektlərinin rəsmi qeydiyyatının aparılması,quruluş və fəaliyyət şəhadətnaməsinin verilməsi AZƏRBAYCAN RESPUBLİKASI MEDİA REYESTRİ tərəfindən həyata keçirilir.Media reyestrinin şəhadətnaməsinə sahib mediya subyekti qanuni və rəsmi media subyekti hesab olunur.

Bütün media subyektlərinin Ədliyyə Nazirliyi tərəfindən olan media qeydiyyatlarına,media təsisçilik hüququ isə mərkəsi icra hakimiyyətinin 10 qurumu istisna olmaqla,digər mərkəzi və yerli icra hakimiyyətlərin təsisçiliyinə ölkə Başçısı,Azərbaycan Respublikası Prezidentinin bir digər sərəncamı ilə xitam verilmişdir.Sənədlərini qaydaya salmaq üçün media quruluşlarına tanınan zaman başa çatmış və bütün media quruluşları AZƏRBAYCAN RESPUBLİKASI  MEDİA REYSTRİ-dən qeydiyyat keçərək şəhadətnamələrini alırlar.Bu gün qeydiyyatdan keçərək şəhadətnaməsini alıb ilk nömrəsi çap olunan Salyanın yeni “ANA KÜRÜM” qəzetidir.”ANA KÜRÜM” Salyanın ilk metbuat vasitəsi,çap mediası, əvvəlki adı “Qələbə” olan qəzətin davamçısı,maddi-mənəvi varisidir.”ANA KÜRÜM”-ün rəsmi media subyekti statusu alması münasibətlə dəyərli həmkarım,dostum ”ANA KÜRÜM” qəzetinin təsisçisi,məsul redaktoru Rüstəm Məlikovu,redaksiya kollektivini təbrik edirəm:

P.S. Salyanın İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilova təşəkkür edirəm,mətbuata,Salyanın mediasına verdiyi dəstəyə,göstərdiyi köməkliyə görə.Darısı bizimkinin başına…

Sarıbulaqda ilk addımlar: Xatirə müəllimənin sinfi dərsə başladı

Məktəbəqədər hazırlıq sinfi
3

Bu gün, oktyabrın 1-i, respublikamızın bütün ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq siniflərində dərslər başladı. Beş yaşı tamam olmuş balacalar ilk dəfə parta arxasında əyləşdilər — kimisi maraqla, kimisi həyəcanla, kimisi də anasından ayrılmaq istəmədiyindən göz yaşlarıyla. İlk dəfə müəllim qarşısında oturmaq, ilk dəfə “müəllim” sözünü eşitmək, ilk dəfə sinif yoldaşları ilə tanış olmaq — bu gün onların həyatında unudulmaz bir başlanğıc oldu.

Bu başlanğıclardan biri də M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində yaşandı. Baradova Xatirə müəllimənin sinif rəhbəri olduğu məktəbəqədər hazırlıq sinfi bu gün ilk dərsini keçdi. Sinif otağında balacaların maraqlı baxışları, valideynlərin sevinc və həyəcan dolu gözləri, müəllimənin qürurla dolu ürəyi bir araya gəldi. Valideynlər əlindən tutub məktəbə gətirdikləri övladlarının parta arxasında oturuşundan, ilk addımlarından fərəh duyur, gələcək arzularının ilk pilləsinə qədəm qoyduqlarını hiss edirdilər.

Xatirə müəllimə üçün bu gün ikiqat bayram idi. Bu onun müəllimlik həyatında ilk sinifi idi. İllərdir arzuladığı, kəndin balalarına bilik, təlim və tərbiyə vermək istədiyi o müqəddəs an nəhayət gerçəkləşdi. Müəllimlik peşəsinin şərəfini, məsuliyyətini və sevgisini ürəyində daşıyan Xatirə müəllimə bu sinifi öz vəsaiti ilə zövqlə bəzəmiş, balacaları sevgi ilə qarşılamışdı.

Valideynlərin dəstəyi bu uğurun arxasında dayanan ən böyük güc idi. Onlar Xatirə müəllimənin savadına, pedaqoji bacarığına inanaraq təkidlə övladlarının onun sinfində olmasını istəmişdilər. Hətta əgər bu sinif ona verilməzsə, uşaqlarını başqa məktəbə aparacaqlarını bildirmişdilər. Bu həm müəlliməyə olan inamın, həm də təhsilə olan dərin bağlılığın göstəricisi idi.

“Bəziləri”, savadsız və laqeydlər ucbatından peşəkar müəllimlərə sinif verilmirdi. Amma bu gün Sarıbulaqda həm valideynlərin, həm də Xatirə müəllimənin arzuları gerçəkləşdi. Bu sinif — sevgi ilə bəzədilmiş, inamla qurulmuş, gələcəyə ümidlə açılmış bir qapıdır.

Bu günün sevinci, bu sinifin başlanğıcı — gələcəyin uğurlarının müjdəçisidir. Körpə fidanlar Xatirə müəllimənin qayğısı ilə böyüyəcək, məktəbin uğurlarında onun da imzası olacaq. Və bir gün bu balacalar böyüyəndə, ilk müəllimlərini — Xatirə müəlliməni — sevgi ilə xatırlayacaqlar…

                                                                                Ramazan Abal