Month: Oktyabr 2025

“Pöhrə” təlim və inkişaf mərkəzi artıq rayonumuza öz töhvəsini verməyə başlayıb.

PÖHRƏ
2

🌱 “Pöhrə” Balakəndə Cücərir: Maarifə Yeni Nəfəs

Rayonumuzda fəaliyyətə başlayan “Pöhrə” Təlim və İnkişaf Mərkəzi qısa zamanda uşaqların təlim-tərbiyəsində, dil bacarıqlarının inkişafında və yaradıcı düşüncələrinin formalaşmasında mühüm rol oynamağa başlayıb.

Balakən rayonunda fəaliyyətə başlayan “Pöhrə” Təlim və İnkişaf Mərkəzi artıq yerli maarif həyatına öz töhfəsini verməkdədir. Altı ay ərzində uğurla fəaliyyət göstərən mərkəzdə hazırda 40-dan çox uşaq təlim-tərbiyə alır.

Sentyabr ayından etibarən mərkəzdə bağça qrupları ilə yanaşı məktəbəhazırlıq və təkmilləşdirmə qrupları da fəaliyyətə başlayıb.Qrupun rəhbəri savadlı,iş metodikasıyla fərqlənən,dəyərli müəlliməmiz Elza Nastakalovadır. Tədris prosesi müasir metodologiyaya əsaslanır və uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunur.

Mərkəzdə ingilis dili yüksək səviyyədə tədris olunur. Həm 3–5 yaşlı uşaqlar, həm də məktəbəhazırlıq qrupları üçün həftədə üç dəfə ingilis dili dərsləri keçirilir. Eyni zamanda “Əylənərək öyrənək” prinsipi ilə rus dili məşğələləri də təşkil olunur. Bu yanaşma uşaqların dil öyrənməyə marağını artırır və öyrənmə prosesini daha effektiv edir.

“Pöhrə”nin fərqləndirici cəhətlərindən biri gündəlik əyləncəli fəaliyyətlər, tədbirlər, oyunlar və master-klasların keçirilməsidir. Uşaqlar burada yalnız öyrənmir, həm də yaşayaraq, iştirak edərək bilik qazanırlar.

Mərkəzdə uşaqlar gündə üç dəfə sağlam qida ilə təmin olunur. Sakit və təhlükəsiz şəraitdə yuxu rejimi tətbiq edilir. “Pöhrə”nin əsas məqsədi gələcəyin sağlam, yaradıcı, vətənpərvər və savadlı fərdlərinin təhsilinin möhkəm təməllər üzərində qurulmasıdır.

Mərkəzə daxil olduqda ilk olaraq sizi gülərüzlü administrator Dinarə xanım qarşılayır. O, hər bir valideyni diqqətlə dinləyir, istəkləri nəzərə alaraq uşaqları uyğun qruplara yönləndirir. Bağçanın 3–5 yaş qrupunda 20 ildən artıq pedaqoji təcrübəyə malik ixtisaslı tərbiyəçi Hürü Əliyeva çalışır. Körpə qrupda isə iki dayə və bir müəllim uşaqların qayğısına qalır.

Valideynlər 051 662 28 24 nömrəsi ilə əlaqə saxlayaraq mərkəzin xidmətlərindən yararlana bilərlər.

Yeni balakən

Balakənin Tarixi Anı: DTX əməliyyatı, dəyişən rəhbərlik və yeni ümidlər

Turan Dibirov
4

Yeni Balakən redaksiyasından

 Balakən, 30 oktyabr 2025-ci il — Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən dünən Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində icra başçısı İslam Rzayev saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsaslanır.

Əməliyyatın miqyası və nəticələri

Əməliyyat zamanı İslam Rzayevlə yanaşı, iki digər məmur da saxlanılıb və istintaqa cəlb olunub. Onlar vəzifələrindən azad ediliblər. Hazırda istintaq davam edir. Əməliyyatın miqyası geniş olsa da, İcra Hakimiyyəti binasında çalışan digər əməkdaşlar iş başındadır. İdarəetmədə fasilə yoxdur.

Yeni rəhbərlik: Turan Dibirov

Dövlət idarəçiliyinin prinsiplərinə uyğun olaraq, rəhbərlik şəxslərə deyil, funksiyalara bağlıdır. Bu səbəbdən, Prezident Administrasiyasının kuratoru tərəfindən təqdim edilən sənədlə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirova müvəqqəti olaraq rəhbərlik səlahiyyətləri rəsmən verildi. Bu gündən etibarən rayonun idarəçiliyi onun əllərindədir.

Biz, “Yeni Balakən” redaksiyası olaraq, Turan Dibirova uğurlar arzulayırıq. Arzumuz budur ki, bu müvəqqəti etimad daimi etimada çevrilsin.

 Yaddaş və məsuliyyət

Bu hadisə təkcə hüquqi yox, həm də ictimai yaddaş hadisəsidir. 15 ilə yaxın bir dövrü əhatə edən korrupsiya şəbəkəsinin yalnız üç nəfərlə məhdudlaşmadığını bilirik. Cəmiyyətin sualı haqlıdır: “Bəs digərləri?” Hələ də bəzi idarə və müəssisələrdə vəzifə başında olan şəxslərin məsuliyyətə cəlb olunmaması narahatlıq doğurur.

 Mətbuatın vəzifəsi: xatırlatmaq və soruşmaq

Dövlətin dördüncü təməli olan mətbuatın vəzifəsi təkcə xəbər vermək deyil, həm də yaddaş yaratmaq və xatırlatmaqdır. Biz susmuruq. Biz xatırladırıq. Biz soruşuruq: “Bu prosesin sonu haraya qədər gedəcək?”

📌 Hörmətlə, “Yeni Balakən” qəzeti və yenibalaken.az rəsmi saytı

1 noyabr 2025-ci il tarixində Balakən rayonunda “AyMed” klinikasında “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirici aksiya keçiriləcək

"AyMed" klinika
2

Aksiya PAŞA Holding və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Gün boyu davam edəcək tədbirdə ödənişsiz tibbi xidmətlər aşağıdakı sahələri əhatə edəcək:
• Qanda şəkər səviyyəsinin və arterial təzyiqin yoxlanılması;
• İlkin laborator analizlər;
• Terapevt və endokrinoloq müayinələri;
• Qalxanvari vəzin USM müayinəsi;
• Ginekoloji müayinələr;
• Travmatoloji müayinələr;
• Oftalmoloji xidmətlər.
Səyyar həkimlərin müayinəsi ödənişsizdir,müayinə zamanı olunacaq analizlər 30% endirimlədir.Qəbul canlı növbə şəklindədır.
Yeni Balakən

Balakəndə V Xurma festivalı keçirildi

Xurma Festivalı
2

Oktyabrın 29-da Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə V Xurma festivalı keçirildi.

               Balakənlilər tarixən məhsul yığımını, məhsul bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd ediblər. 2017-ci ildə rayonda ilk dəfə Xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyulub.

Qoz-fındığı, tərəvəzi, meyvəsi ilə tanınan Balakən beşinci dəfə Xurma festivalına ev sahibliyi edib. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda nazirlik və dövlət qurumlarının nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak etdilər.

Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar. Festival iştirakçıları parkın ərazisində xurma ağacları əkdilər.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin  qonaqlar kənd təsərrüfatı məhsullarının satışı yarmarkası ilə tanış olublar, Balakən mətbəxinin nümunələrindən dadıblar, folklor kollektivlərinin çıxışı festivalın ab-havasına xüsusi rəng qatdı.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır. Diqqətə çatdırılıb ki, Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 838 hektar xurma bağı var.

Qeyd edilib ki, son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan “Balxurma” və “Balacans” Konserv zavodlarının nəzdində “Balakan Foods” müəssisələri yaradılıb. Müəssisəsində istehsal üçün meyvələr rayonun və digər rayonların sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik, ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.

Tədbirdə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qadir Yusifov çıxış edərək, bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu vurğulayıb, festivalın işinə uğurlar arzuladılar.

V Xurma festivalı respublikanın və yerli tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə başa çatdı.

                                                                     Yeni Balakən

Şəhid Vahid Əlisoltanovun 5-ci Anım Günü: Tarixi Qəhrəmanlığa Duyğusal Hörmət

Anım tədbiri
0

27 sentyabr – 10 noyabr 2020. Bu 44 gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi. Bir neçə gündən sonra bu tarixi zəfərin 5 illiyi tamamlanacaq. Bu 44 gündə yalnız torpaqlarımız azad olunmadı — Türk dünyasının vizionu dəyişdi, Azərbaycan öz gücünü, iradəsini və milli kimliyini dünyaya nümayiş etdirdi.

Vahid Azərbaycan — gələcəkdə olacağımız bir ideal deyil, qədimlərdən bəri sahib olduğumuz, ruhən yaşadığımız bir bütöv varlıqdır. 44 günlük Vətən müharibəsi bu bütövlüyə doğru atılan konkret addım idi. Bu addımın memarları Ali Baş Komandan və onun komuta etdiyi ordunun igid əsgərləri, şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçılarıdır.

 Vahid Əlisoltanov – Müasir Tank Döyüşlərinin Siması

Bu gün Balakənin igid oğlu, gizir Vahid Tahir oğlu Əlisoltanovun şəhadətinin 5-ci ildönümüdür. 2020-ci ilin oktyabrında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Vahid, Həzi Aslanov məktəbinin müasir nümunəsi kimi yaddaşlara həkk olundu.

Anım Mərasimi – Xalqın Vəfa Borcu

Balakənin Şəhidlər xiyabanında keçirilən anım tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Tədbiri respublika səviyyəli müsabiqələrin qalibi, Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Səadət Cerciyeva aparırdı.

Din xadimi Rövşən İbrahimov Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərin ruhuna dualar etdi. Rəsmi hissədə çıxış edən Ağa Ağayev, Hacı Muradov,Balakəndən və digər rayonlardan olan şəhid valideynləri,şəhidin müəlliməsi Vahidin qəhrəmanlığından danışaraq onunla qürur duyduqlarını bildirdilər.

Məktəblilərin səsləndirdiyi şeirlər tədbirə poetik ruh qatdı, gənclərin vətənpərvərlik hisslərini alovlandırdı.

Sonda Tahir ata iştirakçılara təşəkkür edərək onları “QRAND PALACE” ailəvi məkanında təşkil etdiyi ehsan süfrəsinə dəvət etdi.

 İctimaiyyətin Tam Tərkibdə İştirakı

Tədbirdə Balakən RİH, din xadimləri, qazilər, şəhid ailələri, məktəblilər, YAP, Asan Xidmət, QHT-lər və rayon ictimaiyyəti tam tərkibdə iştirak etdi. Bu, Vahid Əlisoltanovun xatirəsinə olan ümumxalq ehtiramının bariz nümunəsi idi.

Ehsan Süfrəsi – Dualarla Dolu Gün

Tədbir “QRAND PALACE” ailəvi məkanında təşkil olunan ehsan süfrəsi ilə davam etdi. Burada şəhidin ruhuna dualar oxundu, onun ailəsinə və yaxınlarına mənəvi dəstək göstərildi.

Qəhrəmanlar Unudulmur, Onlar Yaşayır

Vahid Əlisoltanov kimi igidlər ölmür — onlar xalqın yaddaşında, dualarda, şeirlərdə, məktəblilərin baxışlarında, bayrağın dalğasında yaşayırlar. Onların canı ilə yazdığı tarix, bizim sabahımıza işıq tutur. Hər dəfə “Vətən” deyəndə, hər dəfə bayrağımız yüksəldikcə, biz Vahidi və onun kimi şəhidlərimizi bir daha yaşadırıq.

Bu anım günü təkcə bir xatirə deyil — bu, bir çağırışdır: daha güclü olmaq, daha birliyə can atmaq, daha çox vətənə xidmət etmək. Vahid Əlisoltanovun adı Yeni Balakənin yaddaşında, Balakənin ürəyində, Azərbaycanın ruhunda əbədi yaşayacaq.

Ruhu şad olsun. Qəhrəmanlar unudulmur.

Tankın içində doğuldu zəfər, 

Bir oğul şəhidliklə yazdı əsər. 

Vətən deyə döyündü hər nəfəsi, 

Qanla boyandı bayrağın rəngi.

Beş il keçdi, izləri silinmir, 

Adı tarixdə, ruhu göylərdədir. 

Hər daşda, hər çiçəkdə izi var, 

Vahid — bir ömürlük Vətən izidir.

O, susmadı, danışdı mərmi səsləriylə, 

Yazdı tarixini öz nəfəsiylə. 

Qəhrəmanlar ölməz — deyir bu torpaq, 

Onlarla döyünür hər ürək, hər dağ.

Vahid Əlisoltanov — igid bir ad, 

Şəhidlik zirvəsində ucalan fəxrad. 

Biz yaşadıqca, sən də yaşayacaqsan, 

Bayrağımızla birgə dalğalanacaqsan.

P.S.”QRAND PALACE” –nin sahibi,iş adamı Şamil Qebeyev vətənpərvər,xeyirxah,gözəl gəlbə malik insandır.Hələ 44 günlük Vətən Müharibəsi təzə başlayanda,müharibənin ilk günlərindən başlayaraq cəbhənin müxtəlif bölgələrinə ərzaq,isti,qalın geyimlər və sairə yardımlar aparır,cəbhədə savaşan əsgərlərimizə dəstək olurdu.Bu gün də o missiyanı bir başqa şəkildə davam etdirir.Onun idarə etdiyi şadlıq sarayında keçirilən şəhid ailələrinin istər toy mərasimlərini,istər ad günü,anım günü və digər tədbirlərini heç bir təmanna güdmədən,pulsuz həyata keçirir.Bu günkü ehsan süfrəsi də həmçinin.Şəhid atası Tahir Əlisoltanov “Yeni Balakən” qəzeti vasitəsilə xeyirxah iş adamı Şamil Qebeyevə təşəkkürünü bildirir,şəhid anası Validə ana Şamilə Allahdan xeyir-bərəkət duası edir.

                                                                                        Ramazan Abal

Balakən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rayon əhalisinə müraciəti

Balakən Polis Şöbəsi
1

Hörmətli Balakən rayon sakinləri!

Məlum edirik ki, 2025-cı ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək Balakən Rayon

Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən Balakən rayon ərazisində Təmiz hava aylığı keçirilir.

Aylığın keçirilməsində məqsəd Azərbaycan Respublikası Daxılı

İşlər və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nəzirlikləri tərəfindən

nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısını

almaqdan, mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq

olan nəqliyyat vasitələrini müəyyən edib qanunvericiliyə uyğun tədbirlər görməkdən ibarətdir.

“Yol hərəkəti haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan

Respublikası Qanunlarının tələblərini rəhbər tutaraq, Daxili İşlər Orqanları tərəfindən

nəqliyyat vasitələrinin saz saxlanılması ilə bağlı aparılan nəzarət tədbirlərinə baxmayaraq,

yollarda hələ də texniki vəziyyəti yol hərəkəti təhlükəsizliyinin tələblərinə cavab verməyən,

habelə normadan artıq tüstü və digər çirkləndirici maddələr buraxmaqla ətraf mühitə və

insan sağlamlığına zərər vuran avtomobillərə tez-tez rast olunur.

Nəqliyyat vasitələrinin itsismarı nəticəsində ətraf mühitin zərərli qazlarla çirklənməsinin

qarşısının alınması və belə pozuntuların insanların həyat və sağlamlığına ciddi təhlükə

törətməsi barədə sürücülərə, sərnişin və yük daşıma fəaliyyətini həyata keçirən fiziki və hüquqi

şəxslərə bölmə əməkdaşları tərəfindən müntəzəm olaraq müvafiq izahlar verilir. Aylıq

çərçivəsində uzun müddət yaşayış binalarının, evlərin həyətlərində, küçə və yollarda saxlanılan

istismara tam yararsız vəziyyətdə olan nəqliyyat vasitələrinin həmin ərazilərdən götürülməsi və

dövlət qeydiyyatından çıxdaş edilməsi məqsədilə onların sahibləri ilə profilaktik söhbətlərin

aparılması da əsas məsələlərdən biridir.

Odur ki, Balakən Dövlət Yol Polisi rayonumuzun avtonəqliyyat vasitələrinin sahiblərinə

müraciət edərək onlardan tələb edir ki, istifadələrində olan avtonəqliyyat vasitələrini “Yol

hərəkəti haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan

Respublikası Qanunlarının tələblərinə uyğun olaraq saz vəziyyətdə saxlanılmasına riayət

etsinlər. Bununla siz əhalinin sağlamlığının qorunması və atmosfer havasının mühafizəsi

işində mühüm rol oynamış olursunuz.

Gəlin, birlikdə əhalimizin sağlamlığının qeydinə qalaql

Balakən RPŞ-nin DYPB-si

Balakəndə Energetiklərin Peşə Bayramı qeyd olundu

Xatirə foto
0

20 oktyabr Azərbaycanda Energetiklərin Peşə Bayramı kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir. Sərəncamda qeyd olunur:

Bu münasibətlə Balakən Elektrik Şəbəkəsinin kollektivi Dağüstü parkda keçirilən tədbirdə bir araya gəldi. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək energetikləri peşə bayramı münasibətilə təbrik etdi. O, energetika sahəsinin çətin və məsuliyyətli olduğunu vurğulayaraq, xidmət sahələrində çalışanların vətəndaşlara operativ, keyfiyyətli və qüsursuz xidmət göstərməsinin vacibliyini xatırlatdı. Rzayev Balakən Elektrik Şəbəkəsinin fəaliyyətindən razılığını ifadə edərək kollektivə uğurlar arzuladı.

Şəbəkənin rəisi Sabit Məmmədov çıxışında rayon rəhbərinə təşəkkürünü bildirərək, kollektivin nümunəvi xidmət göstərməkdə qərarlı olduğunu qeyd etdi.

Tədbirdə işlərində fərqlənən bir qrup əməkdaşlar da mükafatlandırıldı. Balakən RİH-in başçısı İslam Rzayev aşağıdakı əməkdaşları “Fəxri Fərman”la təltif etdi:

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.

Energetiklərə Dəyər Verən Cəmiyyət Güclü Cəmiyyətdir

Energetika sahəsində çalışanların əməyi gündəlik həyatımızın ayrılmaz hissəsidir. Onların fədakar və məsuliyyətli fəaliyyəti sayəsində evlərimiz işıqlanır, müəssisələr işləyir, ölkə inkişaf edir. Balakəndə keçirilən bu tədbir bir daha göstərdi ki, energetiklərə verilən dəyər təkcə sözlə deyil, əməli şəkildə də ifadə olunur. Bu gün onların bayramı idi — həm təbrik, həm təşəkkür, həm də ruhlandırıcı bir görüş.

Tədbirdən çəkilən fotolar bu günün yaddaşlarda qalmasına xidmət edəcək. Energetiklərin peşə bayramı münasibətilə keçirilən bu görüş həm kollektiv ruhunu gücləndirdi, həm də gələcək uğurlar üçün motivasiya yaratdı.

                                                                  Ramazan Abal

Balakəndə “Əfsanəvi kəşfiyyatçı – türk Harun” kitabının təqdimatı keçirildi

Əfsanəvi kəşfiyyatçı Harun Alqayev
0

Balakən rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, XTQ baş kəşfiyyatçısı Harun Məhəmməd oğlu Alqayevin anım günü münasibətilə onun qəhrəmanlıq yoluna həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı – türk Harun” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbir Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi, Balakən rayon Mədəniyyət Mərkəzi və Talalar kənd Sənətkarlıq Evinin birgə təşkilatçılığı ilə baş tutdu. Mərasimə Bakı şəhərindən dəvət olunmuş qonaqlar, kitabın müəllifləri — filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri Səkinə Bayramova və dosent Yeganə Qəhrəmanova, şəhid ailələri, qazilər, təhsil işçiləri və rayon ictimaiyyəti qatılmışdı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Mərasimi Balakən Mədəniyyət Mərkəzinin direktoru, ustad sənətkar Arzu Ocaqverdiyev aparırdı.

Çıxış edənlər — Ağa Ağayev, Hacı Muradov, Harunun valideynləri Məhəmməd ata və Kifayət ana, gəlinbacısı Pirdas xanım, müəlliflər Səkinə Bayramova və Yeganə Qəhrəmanova — Harun Alqayevin igidliyindən, vətənə olan sonsuz sevgisindən və döyüş yolundan danışaraq onun qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğuladılar.

Zaqatala rayonundan gəlmiş şəhid analarının çıxışları tədbirə xüsusi duyğusallıq qatdı. Onlar şəhid övladlarının cismən yoxluğunu mənən varlıqları ilə yaşatdıqlarını ifadə etdilər. Şəhid bacısı Mehparə Murtuzəliyevanın çıxışı isə iştirakçılara duyğulu, həzin anlar yaşatdı.

Harun Alqayevin müəlliməsi olmuş Ayşə Alqayeva çıxışında Harunun hələ məktəb illərində hərbiyə olan marağını xatırlayaraq, onun qəhrəman olacağını öncədən hiss etdiyini bildirdi və belə bir igidin müəllimi olmaqdan qürur duyduğunu söylədi.

Tədbirin bədii hissəsində şəhidin həyatına həsr olunmuş film nümayiş olundu, şeir kompozisiyaları təqdim edildi, vətənpərvərlik ruhunda mahnılar səsləndirildi və “Türk Harun” adlı səhnəcik nümayiş etdirildi.

Bu təqdimat mərasimi bir daha sübut etdi ki, Harun Alqayev kimi igidlərin xatirəsi təkcə ailələrinin deyil, bütün xalqın yaddaşında əbədi yaşayır. “Əfsanəvi kəşfiyyatçı – türk Harun” kitabı onun döyüş yolunu, vətənə olan sevgisini gələcək nəsillərə çatdırmaq üçün yazılmış bir mənəvi körpüdür. Balakən bu gün bir daha öz qəhrəmanına baş əydi, onun ruhunu yaşatdı.

Balakəndə narkomaniyaya və dini radikalizmə qarşı birgə mübarizə: maarifləndirmə tədbiri keçirildi

“Gənclərimizin sağlam gələcəyi naminə birgə addımlar!
0

Oktyabrın 7-də Balakən rayonu N.Davudov adına Şərif 1 saylı kənd tam orta məktəbində narkomaniya,dini radikalizmə və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbir Balakən Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə, Balakən Rayon Təhsil Sektoru, “Balakən rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və din xadimlərinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nin birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Turan Dibirov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. O, proqramdan irəli gələn vəzifələri tədbir iştirakçılarına izah edərək, ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərə dair geniş məlumat verib.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, RPŞ-nın Qabaqçöl bölməsi üzrə rəisi Vilayət Allahverdiyev, Təhsil sektorunun müdiri Mehparə Murtuzəliyeva, cərrahiyyə şöbəsinin həkim-narkoloqu Əsgər Axundov, DQİDK-nın Zaqatala bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev və Qabaqçöl qəsəbə məscidinin imamı Ramazan Xutrayev narkomaniyanın fəsadları, onun cəmiyyətə və gənclərə təsiri, eləcə də bu bəla ilə mübarizədə maarifləndirmənin rolu barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılar auditoriyanın suallarını cavablandıraraq, iştirakçılara maarifləndirici bukletlər paylanılıb,gənclərin bu sahədə məlumatlı olmasının vacibliyini vurğulayıblar.

                                                                     Yeni Balakən