Month: İyun 2025

MED X DENT Klinikası: Balakənin Yeni Diş-Damaq Sağlamlıq Ünvanı

1

Balakən şəhəri bu gün mühüm bir hadisəyə şahidlik etdi – müasir diş klinikası MED X DENT rəsmi olaraq fəaliyyətə başladı. Bu yeni tibb müəssisəsi, bölgə sakinlərinə yüksək keyfiyyətli stomatoloji xidmətlər təqdim edərək, diş sağlamlığı sahəsində yeni bir dövr açacaq.

Açılış Mərasimi: Təntənəli Başlanğıc

Açılış tədbirində yerli və mərkəzi mətbuat nümayəndələri, tibb mütəxəssisləri,həkimlər, klinikanın rəhbərliyi və digər qonaqlar iştirak etdi. Klinikada tətbiq olunan müasir texnologiyalar, innovativ müalicə üsulları və pasiyent rahatlığını təmin edən şərait tədbir iştirakçılarının diqqətini çəkdi.

Klinikanın təsisçisi, baş həkimi dok. Xəqani Məmmədov çıxışı zamanı MED X DENT-in əsas məqsədinin “pasiyentlərə sağlam, gözəl və rahat təbəssüm qazandırmaq” olduğunu vurğuladı. O, ən son tibbi avadanlıqlardan və peşəkar mütəxəssis komandasının xidmətlərindən bəhs edərək, pasiyent məmnuniyyətinin ön planda olduğunu bildirdi.

MED X DENT: Yüksək Keyfiyyət və Müasir Standartlar

Bu yeni tibb müəssisəsi aşağıdakı üstünlükləri ilə seçilir:

  • Son texnologiyaya əsaslanan müayinə və müalicə metodları
  • Təcrübəli həkim heyəti
  • Pasiyentlər üçün komfortlu mühit
  • Əlçatan və yüksək keyfiyyətli xidmətlər

Balakən sakinləri üçün MED X DENT, sadəcə bir diş klinikası deyil, həm də sağlam və parlaq təbəssümün ünvanıdır!

Son zəng

1

Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində son zəng çalınır.Məktəbi bitirən məzunlar yeni,müstəqil həyata qədəm qoyurlar.Kimisi təhsilini ali məktəblərdə davam etdirəcək,kimisi hərbi xidmətə yollanacaq..

Balakən rayonunun 46 məktəbində də bugün son zəng çalındı.Rayon üzrə təhsil alan 12647 şagirddən 1087-si 9-cu,713-ü isə 11-ci sinifi bitirdilər.

İştirak etdiyim son zəng tədbirlərindən,Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunlarının hazırlağı çıxışlar izlənməyə dəyərdi..Xüsusilə iki çıxış,biri 11-cilərin bayraqlarıyla hazırladığı Türk Dövlətləri Birliyinə,digəri 8b rus sinfinin vətənpərvərlik mövzusunda,istənilən şəraitdə mütləq qalibiyyəti,qələbəni əldən edərək Azərbaycan bayrağını zirvədə dalğalanmasımı göstərən çıxışları,onların toxunduğu mövzu məndə çox xoş təəssürat yaratdı və əmin oldum ki,belə məzunlar buraxan məktəb,onları yetişdirən o dəyərli müəllimlər olduqca,Nizami məktəbi bu ənənəsini,rayon təhsilindəki öncülüyünü qoruduqca Balakənimin gələcəyi etibarlı əllərdədir.

Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin məzunlarının rəngarəng çıxışları da maraqlı idi.Məktəb illərinə əlvida deyirdilər.Doluxsunmuş gözlərlə son kərə seyr edirdilər 11 illik şagird ömrünü yaşadıqları məktəbi,onlara dərs keçən müəllimləri..

Balakənimin və ölkəmizin bütün məzunlarına uğurlar diləyirik.Yeni,müstəqil həyata qədəmləri mübarək olsun.

15.06.2025-tarixdə Balakən şəhəri, S.Gözəlov küçəsi 105 ünvanında “MED X DENT” diş klinakısının açılışıdır.

0

“MED X DENT” diş klinakısının təsisçisi və rəhbəri,Balakənin baş stomatoloqu Xəqani Fərman oğlu Məmmədovun dəvətlisisiniz.Sizləri açılışda görməkdən məmnuqluq duyar,sizinlə bu gözəl xəbəri paylaşmaqdan çox sevinirik!

Əziz dostlar!“MED X DENT” diş klinikası yeni qapılarını açır və bu unudulmaz günü birlikdə qeyd etmək istəyirik. Rahat atmosfer, gülərüz kollektiv və yeni imkanlarla tanış olmaq üçün sizi 15.06.2025 tarixində Balakən şəhəri S. Gözəlov 105(“Qubek” otelin qarşısı) ünvanına gözləyirik!

Sizin iştirakınız bizim üçün dəyərlidir!

Balakəndə Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub

0

15 İyun – Milli Qurtuluş Günü Balakəndə təntənəli şəkildə qeyd edilib. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş nitqi ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 1993-cü ilin iyun hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin ölkəni siyasi böhrandan xilas etdiyini və sabitlik, inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın təməlləri məhz həmin dövrdə qoyulub, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Daha sonra çıxış edən Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, rayon ağsaqqalı Rəşid Musayev Ümummilli Liderin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.

Ardınca Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında Milli Qurtuluş Gününə həsr olunan kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Çerçiyeva Səadət Rövşən qızına Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası veteranlarına mükafatlar və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub. Konsert proqramında rayonun tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.

Konsertin sonunda rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Balakən şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.

Balakən Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

0

İyunun 12-də Balakən Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında keçirilən konfransda Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev konfransı açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Konfransda Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev hesabat məruzəsi dinlənilib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Qurumun rəsmisi tədbirin əhəmiyyətinə toxunaraq, ölkəmizdə ağsaqqal institutuna verilən yüksək dəyərin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

Balakəndə 2025-in ilk son zəngi.

0

Bu gün Balakən Uşaq İncəsənət Məktəbində,məktəbin məzunları “Məzun günü”nə həsr olunmuş “Musiqi dünyasına gedən yol” adlı konsert proqramı ilə çıxış etdilər.Dövlət himni ilə açılan tədbirdə vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anıldı…

Balakən Uşaq İncəsənət Məktəbində 10 ixtisas-fortepiano,tar,kamança,qarmon,nağara,sintezator,vokal,skripka,xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə tədris keçirilir.Məktəbin bu ilkisi 56-cı buraxılışı olan məzunlar-fortepiano,tar,kamança,qarmon,skripka,xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə məktəbi bitirdilər.Müəllimlər biliklərini,bildiklərini lazımınca şagirdlərə ötürə bilmiş, tədrisi keyfiyyət baxımından yüksək səviyyədə keçmişlər.Bunu konsert proqramında məzunların biri birindən maraqlı,qabiliyyətli ifalarında,çıxışlarında açıq görmək olurdu.Şagirdlər hər nə qədər müəllimləri qarşısında imtahanlarını verib məzun olsalar da,əsl imtahanlarını tamaşaçılar qarşısında verdilər,qiymətini alqışlarla aldılar.Müəllimlərinin onların üzərindəki əməyini,bu əməyin bəhrəsini iştirakçılara göstərdilər..

Məzunların içərisində bir çox tanıdıqlarım,elə tədris illəri boyunca müxtəlif müsabiqələrdə iştirak edib yer tutan qabiliyyətli şagirdlər var,onlarla söhbət edirəm.İlk soruşduğum o olur ki,buranı bitirdiniz bəs indi haradır yolunuz?-Cavab:Yola davam.Bu yolu axıra qədər getmək istəyirik,konservatoriyalara,ali musiqi,incəsənət məktəblərinə…

Balakən Uşaq İncəsənət Məktəbinə bir vaxtı bəlkə də valideyinlərinin istəyi ilə gəlmişdilər amma bu gün heç ayrılmaq istəmirdilər,gözləri dolmuş,yaş damlaları isti yanaqlarından süzülürdü..

Sevərək ayrılırdılar.Sevərək ayrılmaq-bitməyən aşkdır.Vüsalı vardır əlbət.Gedirdilər-məktəbə,müəlimlərinə yox,şagird həyatına-əlvida deyərək.Gedirdilər,geri dönmək üçün.Məzun olaraq getdilər,müəllim olaraq qayıdacaqlar..

AZƏRBAYCAN RESPUBLİKASININ İQLİM DƏYİŞİKLİKLİYİ İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ SİYASƏTİ

Son onilliklərdə dünyada müşahidə olunan iqlim dəyişiklikləri qlobal səviyyədə ciddi sosial, iqtisadi və ekoloji nəticələr doğurmuşdur. Atmosferdə istixana qazlarının artması, orta illik temperaturun yüksəlməsi, təbii fəlakətlərin intensivləşməsi və su ehtiyatlarının azalması kimi məsələlər bunlara nümunədir. Qlobal iqlim böhranı təkcə ekoloji sistemlərə deyil, həm də insan hüquqları, iqtisadi inkişaf və dövlət siyasətlərinə ciddi təsir göstərməkdədir. Bu kontekstdə dövlətlərin beynəlxalq öhdəlikləri ilə yanaşı, milli hüquqi mexanizmlərin formalaşdırılması və icrası da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası da qlobal iqlim dəyişikliklərinin təsirinə məruz qalan ölkələrdən biri olmaqla, bu sahədə müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş və iqlim dəyişikliyi ilə mübarizə siyasətini hüquqi əsaslarla möhkəmləndirməyə çalışmışdır. Ətraf mühitin mühafizəsi, davamlı inkişafın təmin edilməsi və iqlim dəyişikliklərinə qarşı adaptasiya mexanizmlərinin gücləndirilməsi dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir.

Tədqiqatlar göstərmişdir ki, son bir əsrdə Azərbaycan Respublikasının ərazisində orta illik temperatur göstəricilərində 0,4–1,3°C aralığında yüksəlmə qeydə alınmışdır. Bu artım ölkənin iqlim baxımından daha həssas hala gəlməsinə səbəb olmuşdur. Nəticədə, daşqınlar, quraqlıqlar, güclü küləklər, torpaq eroziyası və su ehtiyatlarının azalması kimi ekstremal hava hadisələri müşahidə olunur. Bu dəyişikliklər insan sağlamlığına, ərzaq və su təhlükəsizliyinə mənfi təsir göstərir, yoxsulluğu və xəstəlikləri artırır, məcburi miqrasiyanı gücləndirir. Ümumdünya Səhiyyə Təşkilatı bu prosesi XXI əsrdə bəşəriyyət üçün ən böyük sağlamlıq riski kimi qiymətləndirir. Mütəxəssislər isə bu təsirlərin bir qisminin uzunmüddətli və davamlı olacağını bildirirlər.

Azərbaycan Respublikası iqlim dəyişikliklərinin fəsadlarının azaldılması və ətraf mühitin qorunması məqsədilə bu sahədə normativ-hüquqi bazanın formalaşdırılmasına xüsusi önəm vermişdir. Dövlətin ekoloji siyasətinin hüquqi əsasını təşkil edən bir sıra qanunlar, strategiyalar və digər normativ aktlar iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində mühüm çərçivə yaradır. Bu hüquqi aktlar həm milli, həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.

Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Bu kontekstdə, Azərbaycan Respublikasının iqlim dəyişiklikləri ilə mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası ətraf mühitin qorunması və iqlim dəyişikliyinin fəsadlarının azaldılması məqsədilə bir sıra beynəlxalq sənədlərə qoşulmuşdur. Bu müqavilələrə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişini nümunə göstərmək olar.

Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) ratifikasiya etmişdir. Kioto Protokolu isə 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul olunmuş və 2005-ci il fevralın 16-da qüvvəyə minmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli qərarı ilə ölkəmiz də bu Protokola qoşulmuşdur. Azərbaycan Respublikası istilik effekti yaradan qaz tullantılarının kadastrının qeydiyyatı, o cümlədən milli məlumatların hazırlanması kimi vəzifələri yerinə yetirir. Dövlətimiz 2016-cı ildə Paris Sazişini ratifikasiya edərək, karbon qazlarının tullatınlarının azaldılması və aşağı karbonlu iqtisadiyyata keçid məqsədilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədindəki öhdəliklərini icra etməyə başlamışdır. Azərbaycanın əsas məqsədi 1990-cı il səviyyəsi ilə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmaqdır. Bu, ölkənin iqlim dəyişikliyinə qarşı öz töhfəsidir.

İqlim dəyişikliyi ilə mübarizə siyasəti kifayət qədər mürəkkəb siyasətdir. Bu siyasət özündə ən vacib şərt kimi beynəlxalq əməkdaşlığı nəzərdə tutur. Çünki bu yalnız bir dövlətin deyil, bütün dünya dövlətlərinin qarşılaşdığı ciddi ekoloji problemdir və bu problemin həlli beynəlxalq əməkdaşlığa əsaslanır. Təsadüfi deyildir ki, ölkəmiz qeyd olunan problemin həlli istiqamətində öz beynəlxalq səylərini daim davam etdirməkdədir. Birincisi, yuxarıda adları qeyd olunan beynəlxalq sənədlərin qəbulu bu prosesə dövlətin nə qədər önəm verdiyini bariz şəkildə əks etdirir.

Digər tərəfdən, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə sahəsində Tərəflər Konfransının (COP29) həyata keçirilməsinə də ev sahibliyi etmişdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 2 fevral tarixində imzalanmış 2469 saylı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş əsas prioritetdən biri də “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” kimi müəyyən edilmişdir. Bundan əlavə, qlobal səviyyədə iqlim mübarizəsinin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixində verilmiş Sərəncamla 2024-cü il Azərbaycanda “Yaşıl dünya uğrunda həmrəylik ili” elan edilmişdir.

Buna müvafiq olaraq 2024-cü ilin 11-24 noyabr tarixləri arasında Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmişdir. Konfransda dünyanın müxtəlif dövlətlərindən nümayəndələr iştirak edirdi. COP29 Bakı konfransı Azərbaycanın liderliyi altında qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm uğurlar əldə edilən, maliyyə dəstəyi və çoxtərəfli əməkdaşlıq sahəsində dönüş nöqtəsi oldu. Bakı Maliyyə Məqsədi, Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi, İtki və Zərər Fondunun institutlaşdırılması və adaptasiya üzrə yeni yol xəritəsinin yaradılması kimi qərarlar qlobal iqlim fəaliyyətində əsaslı irəliləyişlər təmin etdi və gələcək COP-lar üçün müsbət presedent yaratdı.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycan Respublikasının digər orqanları kimi prokurorluq orqanlarının rolu da xüsusilə qeyd edilməlidir. Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiyada qeyd etmişdir ki, “bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir”. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev müxtəlif tədbirlərdə və konfranslarda Azərbaycan Respublikasının COP29 kimi əhəmiyyətli konfransa ev sahibliyi etməsinin, o cümlədən bu konfransın özünün istiqamətlərinin əhəmiyyətindən danışmışdır.

Qeyd etmək lazımdır ki, prokurorluq orqanları ətraf mühitin mühafizəsi sahəsində uzun illər ərzində davamlı və sistemli şəkildə fəaliyyət göstərərək bu sahədə hüquqi nəzarətin gücləndirilməsi, ekoloji cinayətlərin qarşısının alınması və təbii resursların qorunması istiqamətində mühüm rol oynamışdır. Azərbaycan Respublikasının prokurorluq orqanları həmçinin ətraf mühitin qorunması ilə bağlı qanunvericiliyin tətbiqinə ciddi diqqət ayıraraq, ekoloji təhlükəsizliyin və davamlı inkişafın təmin olunması üçün fəal tədbirlər həyata keçirirlər. Qeyd olunan tədbirlər içərisində ağacəkmə aksiyaları xüsusilə qeyd edilməlidir.
Balakəndə belə aksiyaların təşkilində,həyata keçməsində rayon prokuroru Camal Firudin oğlu Bağırovun rəhbərliyində prokurorluq əməkdaşları da fəal iştirak edirlər. Bu fəaliyyətlər prokurorluğun ekoloji məsələlərə verdiyi önəmin və vətəndaşların sağlam yaşayış mühitinə olan məsuliyyətinin göstəricisidir.

Beləliklə, qeyd edilməlidir ki, COP29 konfransı qlobal iqlim məsələlərində yeni mərhələ yaradaraq çoxşaxəli əməkdaşlıq və hüquqi nəzarətin gücləndirilməsini təmin etdi. Azərbaycan prokurorluq orqanları da ətraf mühitin qorunmasında mühüm rol oynayaraq, bu prosesə öz töhfələrini verməyə davam edir.

Samirə Kazımlı

Balakən rayon prokurorluğunun müstəntiqi

Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də “Açıq qapı” günü.

0

11 İyun 2025-ci il tarixində Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də “Açıq qapı” günü tədbiri keçirildi. Tədbirdə rayonun müxtəlif dövlət qurumlarının nümayəndələri, valideynlər, ictimaiyyət nümayəndələri , əməkdaşlıq etdiyimiz müəssisələrin təmsilçiləri və digər qonaqlar iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərlə tanış oldular.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin direktoru Azad Dibirov çıxış edərək, təhsil ocağının fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ yeni yaradılmış təhsil müəssisəsidir və fəaliyyəti Balakən şəhərində yerləşən 1 nömrəli və 2 nömrəli Peşə Məktəblərinin bazasında təşkil olunmuşdur. Diqqətə çatdırılıb ki, Mərkəzin əsas məqsədi rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir.
Mərkəzimizdə Kompüter sistem inzibatçısı, Turizm sahəsində iaşə üzrə mürtəxəssis, Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, Aşpaz, Dərzi, Dayə, Aqroservis mütəxəssisi, Tərəvəz (dual) və digər ixtisaslar üzrə, ümumilikdə, 6 istiqamət üzrə 21 qrupda 350 tələbə təhsil alır, onlardan 264 nəfəri bu il məzun olacaq. Gələcəkdə Mərkəzdə 3 illik təhsil müddətinə malik qrupların yaradılması və yüksək texniki peşə təhsili pilləsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dual təhsil proqramının əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.
Balakən Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından danışıb, peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti və peşə təhsilinin perspektivlərindən söz açıb, kollektivə uğurlar arzulayıb.Tədbirdə qonaq qismində qonşu rayonlardan Zaqatala və Qax Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-in nümayəndələri də iştirak etdilər.
Tədbir bədii proqramla davam etdi.
Qeyd edək ki, tədbirin əsas məqsədi Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-in fəaliyyət istiqamətləri, təlim-tərbiyə imkanları və tələbələrin əldə etdikləri praktiki bacarıqlar barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də gənclərdə peşə təhsilinə marağı artırmaqdır.Həmçinin Mərkəzin fəaliyyəti, təhsil imkanları, maddi-texniki baza, ixtisaslar və tələbələrin qazandığı bilik və bacarıqları geniş ictimaiyyətə təqdim etmək, eyni zamanda açıq və şəffaf ünsiyyət mühitində fikir mübadiləsi aparmaq idi.

Qızılı sərfəli,endirimli qiymətə hardan almaq olar? Təbii ki,dostlardan..

0

Qızıl çox şeyin dəyərini ifadə edir.Ən yaxşını bildirmək,bənzətmək istəyəndə deyirik:-Qızıldı,qızıl kimidi.Qızıl kağız parçasını pul edəndir.Qızıl həm də zinət əşyası,bəzəyidir xanımların,vaz keçilməz aksesuarıdır.Toyların,ad günlərinin,bayramların və başqa özəl günlərin hədiyyələrinin ən dəyərlisi,qiymətlisi,qalıcısı,hörmətlisi qızıldır.Qızıl alarkən hər kəs istəyir ki,həm gözəl,incə,zərif,nəfis bir şey olsun həm də sərfəli, “yöndəmli” olsun.Bunun üçün həm çox çeşid,seçim həm də insaflı,gözü tox ,dürüst satıcı lazım.Düzdür,rayon yerlərində seçim,çeşid bir o qədər çox olmur amma Bakıda,”Moskva” univermağı kimi tanıdığımız yer və onun ətrafındakı mağazalarda qızıldan hər şey,hər çeşid,çox seçim var.Sanki qızıl zinət əşyaların “yatağıdı”. Sizlərə ordan bir məkan və o məkandan özü də qızıl kimi Alvina xanımı tanıtmaq istəyirəm.Bakı şəhərinin mərkəzində,metro Memar Əcəmidən çıxanda “Moskva” univermağına qalxmamış solda “YAQUT QIZIL ALƏMİ” var.İçəri daxil olduqda girişdəcə solda “Alvina Gold” sizin arzularınızı reallaşdıracaq,zövqünüzü bəzəyəcək,qızıl zinət istehsalında dünyaca məşhur brendlərin,həmçinin rus,türk,ərəb,italyan qızılından istehsal olunmuş hər növ məhsul,minlərlə seçim yolunuzu gözləyir.Ora getmədən burdan da maraqlana bilərsiz. Əsasən zövqlü xanımların,xanımlara qızıldan hədiyyə almaq istəyən bəylərin məhsulları baxıb görə biləcəyi,qiyməti ilə maraqlana,seçim edə,Alvina xanımla əlaqə saxlaya biləcəyi instaqram sosial şəbəkə hesabını,WhatsApp nömrəsini də bura əlavə edirəm. “Alvina Gold”-da tez-tez endirimlər olur.Alvina xanımın idarə etdiyi WhatsApp qrupunda endirimlər,yeni məhsullar,qiyməti daima paylaşılır.Özəl endirimlər WhatsApp qrupunda olanlara şamil olunur.Hər kəs qrupa qoşula bilər,açıq qrupdur,qoşulun,yeniliklərdən müntəzəm xəbərdar olun, seçdiyiniz məhsulu da endirimli,sərfəli almış olun..

Zərifliyin və zənginliyin ünvanı: ALVİNA GOLD. Qızılı qızıl kimi insandan alın.Qızılda güvənilir dostunuz ALVİNA GOLD.

WhatsApp: 050 772 55 17 https://chat.whatsapp.com/IAO3lj8W486IIKzVRiArMY

İnstaqram: https://www.instagram.com/alvina_gold?igsh=eHRhbGg5M3hwbXV4

Qurban Bayramı: Xeyirxahlıq və İnsansevərlik Nümunəsi

1

Hər il olduğu kimi, bu il də Qurban Bayramı paylaşma və mərhəmət ruhu ilə qarşılandı. Bayramın əsas mahiyyəti – ehtiyacı olanlara yardım etmək və birliyin gücünü hiss etdirməkdir.

Hörmətli millət vəkilimiz Nəsib müəllim yalnız bayram günlərində deyil, il boyu xeyirxah əməlləri ilə cəmiyyətə böyük töhfələr verir. Ramazan ayı boyunca təşkil etdiyi iftar süfrələri yüzlərlə insanı bir araya gətirir, birlik və paylaşma ruhunu daha da gücləndirir. O, ehtiyacı olan ailələr üçün ev tikir, kasıb tələbələrin təhsil haqqını ödəyərək onların gələcək uğurlarına dəstək olur.

Bundan əlavə, sağlamlıq problemi yaşayan insanlara yardım əlini uzatmaqla onların müalicə və əməliyyat xərclərini qarşılayır. Onun bu əməlləri cəmiyyətimizdə yardımlaşma və humanizmin dərin köklərə malik olduğunu göstərir.

Qurban Bayramı təkcə dini bayram deyil, həm də insani dəyərlərin ən ali təcəssümüdür. Hörmətli Nəsib müəllimin davamlı xeyirxah əməlləri isə bu dəyərləri yalnız bir gün deyil, hər zaman yaşadır. Hər verilən dəstək, hər uzanan yardım əli, bizə birlik və həmrəylik ruhunu daha dərin hiss etdirir.

Nəsib müəllim bu il də ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və imkansızlara qurban payladı. Onun bu xeyirxah addımı yüzlərlə ailəyə sevinc bəxş etdi, Bayramın ruhunu daha da qüvvətləndirdi.Şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və ehtiyacı olan insanlara yardım etmək – bizə həmrəylik və birlik hissini yaşadır.

Bu gözəl bayram münasibətilə bir daha hər kəsi paylaşmağa, xeyirxah işlər görməyə təşviq edirik.Hər paylaşılan nemət, hər uzanan yardım əli cəmiyyətimizi daha da gücləndirir, bizə birlik və həmrəylik ruhunu daha dərin yaşamağa kömək edir. Çünki birlikdə daha güclüyük!

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü

2

5 iyun- bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür.Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və  meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə Balakəndə tədbir keçirildi.İlk öncə ulu öndər Heydər Əliyevin dağüstü parkdakı abidəsi və Şəhid Xiyabanı çiçəklərlə ziyarət edilərək,şəhidlərimizin və ulu Öndərin ruhundan Fatihə oxundu. Tədbiri rayon rəhbəri İslam Rzayev açaraq Balakəndə çalışan Su təsərrüfatı və Meliorasiya işçilərini 5 İyun peşə bayramları günü münasibətilə təbrik edərək,onların işlərindən razılığını bildirdi.Onlara işlərində uğurlar diləyərək bir qrup işində fərqlənən,aşağıda adları çəkilən işçiləri Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.

1. Nastakalov Eldar İbrahim oğlu – Ekskvatorçu

2.İbrahimov Eşqin Oruc oğlu – Traktorçu

3.Qardaşova Rəfiqə zahid qızı – Nizamlayıcı

4.Əlisgəndərov Yaşar İsfəndiyar oğlu – Nizamlayıcı

5.Gondolov Fərrux Məhəmməd – Usta

6.Xalayev Elxan Nəsrəddin oğlu – Təmirçi çilingər

İslam müəllim Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxs tərəfindən təltif edilən iki işçinin-Cabbarov Əliyar Natiq oğlunun və Muquşov Rəsul Nəcməddin oğlunun “Fəxri Fərman”larını da təqdim etdi.Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Eldəniz Xudeynatov rayon rəhbərinə və digər qonaqlara bu peşə bayramı günündə onlarla birlikdə olduqlarına görə təşəkker edərək indidən sonra daha da yaxşı çalışacaqlarını,Balakənlilərin xidmətində olacaqlarını bildirdi.

Sonda bu gündən xatirə olaraq foto şəkil çəkdirildi.

Daha bir istedadımız.

0

Bu gün, 1 İyunda daha bir istedadımızı, Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Xacay Əhmədiyevanı,daha doğrusu onun ilk yazısını təqdim edirəm.Xacayı biz Balakən rayonunda keçirilən tədbirlərdən,tədbirlərin bacarıqlı,qabiliyyətli iştirakçısı olaraq tanıyırıq.O, tədbirlərdə gözəl nitq söyləyir,şeirlər səsləndirir,qəşənq rəqs edir.Bundan əlavə sosial şəbəkə hesabındakı səhifəsində öz “istehsalı” olan qısa film-roliklərlə çıxış edir.Yəni ssenarini özü yazır,özü səhnələşdirir,bütün rolları özü oynayır,özü də telefonu ilə çəkir.Həm senarist,həm rejissor,həm aktyor həm də operatordu.Tək əldə beş barmağın hər barmağında bir mərifət..Xacaydan birində soruşdum ki,gələcəkdə kim olmaq,hansı peşəyə yiyələnmək istərdin?-Jurnalist olmaq istərdim-dedi.Və gördüm ki,Xacay sözün,məntiqin,tərzin,kəlam elminin kökünə enmək istəyir..Doğma Balakənimdə belə düşünən bir istedadın varlığına sevindim və Xacayın bu sahədə ilk addımlarını atmasını,dünən Şərif kəndində açılan park barədə Qabaxçöl sakininin təəssuratını yazmasını,bu yazını da “Yeni Balakən” qəzetində Xacayın ilk yazısı olaraq vermək istədim.(hələ bu yazı ayaqüstü yazılıb)

Ramazan Abal

                                       Mənim parkım
Qabaqçölün Şərif kəndində yeni bir parkın açılışı kənd sakinləri üçün sevindirici bir hadisə oldu. Təzə salınmış bu park, kəndin abadlaşdırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Park müasir tələblərə cavab verən şəkildə dizayn olunub. Burada həm uşaqlar, həm də böyüklər üçün müxtəlif istirahət guşələri yaradılıb. Parkın ərazisində dekorativ ağaclar və gül kolları əkilib. Gecə vaxtı parkın işıqlandırılması xüsusi diqqətlə təşkil olunub. Park ərazisinə çəkilən asfalt yollar və oturacaqlar hər kəsin rahatlığı üçün nəzərdə tutulub. Park kəndin mərkəzinə yaxın yerdə yerləşdiyi üçün əlçatanlığı da yüksəkdir. Açılış mərasimində yerli sakinlərlə yanaşı, icra nümayəndələri də iştirak etdilər. Onlar parkın istifadəyə verilməsini kəndin sosial inkişafı baxımından müsbət dəyərləndirdilər. Sakinlər yeni parkın uşaqlar üçün təhlükəsiz və səmərəli istirahət yeri olduğunu bildirirlər. Park həm də kəndin ümumi görünüşünə gözəllik qatıb. Yaşıllıqlar arasında dincəlmək istəyən hər kəs üçün bu park əvəzsiz məkandır. Yeni park Şərif kəndinin simasını dəyişən, gələcəyə ümid verən bir layihə kimi qiymətləndirilir. Belə təşəbbüslərin davamlı olmasını arzu edirik və parkin salınmasında əsas rol oynayan Qabaxçölün,kəndin xaricdə yaşayan iş adamlarına,zəhməti olan hər kəsə bütün kənd sakinləri adından öz dərin təşəkkürümü bildirirəm!!
Xacay Əhmədiyeva

Bizim istedadlar.

0

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.1 iyun uşaq bayramından yazmayacağam,1 iyunda Balakənimin istedadlı uşaqlarından yazaraq onları tanıtmaq istəyirəm.

Səadət Çerçiyeva Nizami adına Balakən şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir,rus sektorunda oxuyur.Ölkəmizdə keçirilən müsabiqələr adətən azərbaycan dilində olur.Səadət bir çox müsabiqələrdə iştirak edib,iştirak etdiyi müsabiqələrin də qalibidir.Balakəni qürurla təmsil edərək yer tutmuş, rayona yüksək titulla,adla qayıtmışdır.Onun qatıldığı müsabiqələrdən biri,2007-ci ildən hər il 10 mayda Heydər Əliyevin anadan olması münasibətilə təşkil olunan 3 mərhələdən ibarət “Ən yaxşı təqdimat” müsabiqəsidir.Bu il ulu Öndərin anadan olmasının 102-ci illiyinə həsr olunmuş müsabibiqənin 1-ci mərhələsini Balakəndə,2-cini Şəkidə və finalı Bakı şəhərində keçib, yer tutub qalibiyyətlə başa vuran Səadət Çerçiyeva və digər yer tutanların elə Bakı şəhərində Təhsil naziri,YAP sədrinin müavini və digər hörmətli qonaqların iştirakı ilə keçən möbətər tədbirdə təltif və təqdimatları oldu.Səadətin mükafatını və hədiyyəsini MÜTDA-nın rəhbəri Eşqi Bağırov təqdim etdi. Təhsil naziri Emin Əmrullayev,YAP sədrinin müavini Əli Əhmədov və digər hörmətli qonaqlar əlini sıxaraq təbrik etdilər.Əlbəttə onlar da fərqində idilər,təhsilini rus dilində alan Səadət azərbaycan dilində belə mükəmməl təqdimat hazırlamışsa-bu sırf istedaddır…

“Ən yaxşı təqdimat” müsabiqəsi böyük tədbirdir və respublikanın tamamını əhatə edir.Bu istedadların yarışıdır və ordan qalibiyyətlə,diplomla,qiymətli hədiyyə ilə Balakənimə qayıdan Səadət Çerçiyevanı bütün Balakənlilər adından təbrik edir,rayonumuzun adını savadda,bilikdə,istedadda önə çıxardığı üçün təşəkkür edirik.