Bir çox kollektivlərlə,dəfələrlə Qarabağa səyahət etmişəm.Bu gün səfərini media olaraq müşayət etdiyim kollektiv, Balakən Uşaq İncəsənət Məktəbidir.Balakən UİM-in kollektivi gözəl kollektivdi və bu gözəllik məktəbin direktoru idarəetmədə müasir düşüncəli,klassik ruhlu,mərd,geniş anlayış sahibi,insan sevən Arifə Tağıyevanın rəhbərliyi sayəsindədir.Mən də qatılıram bu gözəl kollektivə,yolumuz Qarabağadır. Balakən UİM-nin Qarabağ səfəri Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsindədir.
Uzun illər işğalda olmuş,10.11.2020-ci il tarixdə isə cəmi 44 günlük müharibəylə ərənlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad olmuş Qarabağımızı görmək,gəzmək hər kəsin istəyi,arzudur.Qarabağ həm də musiqimizin,mədəniyyətimizin beşiyidir,bir çox dahi sənətkarlarımızın,ustadlarımızın məmləkətidir.İncəsənət,musiqi kollektivinin Qarabağı görmək ikiqat arzusudur.
Səhər saat 07:00-da Balakən UİM-in qarşısından bu arzunu reallığa çevirəcək səfərə,gerçəyə aparan yola düşürük.Günortaya yaxın Ağdama çatırıq.Ağdamın bir tərəfi erməni vandallığının ən son həddi yəni bu günün Xirosiması bir tərəfi isə dövlətimiz tərəfindən inşa edilməkdə olan dünyanın ən gözəl şəhəri olacaq Ağdam.Keçmişindəki bütün tarixi abidələr bərpa olunur, həmçinin Ağdam Cümə Məscidi.Səfərimizin ilk durağı Ağdam Cümə Məscididir.Məscidə daxil olub iki rəkəat namaz qıldıqdan sonra məscidin imamı,Ağdamın axundu Mehmanla söhbət edirik.Mehman savadlı,dostcanlı insandır.Bizə Ağdamın,məscidin,yaxınlıqdakı xaraba görünüşündə olan binaların tarixindən danışdı.Mehmanla söhbətimizin ən maraqlısı Ağdam Cümə Məscidinə dövlətimizin Başçısı İlham Əliyev tərəfindən gətirilib qoyulan o kiçicik daş(şəkildə var) parçasını barədə idi.Belə ki,Ağdam işğal altında olduğu zaman ATƏT-in Minsk qrupunun üzvlərindən biri Heydər Əliyevə görüşlərinin birində kiçik bir daş parçası verir və deyir ki: Bu daşı Ağdam Cümə Məscidindən götürmüşəm,sizə xatirə olaraq verirəm.Heydər Əliyev də daşı götürür və cavabında deyir ki: Bu daş aid olduğu yerə,yerinə qayıdacaq.Və elə də olur.30 ildən sonra həmən daşı Heydər Əliyevin oğlu İlham Əliyev Ağdamı işğaldan azad edərək,orda bərpa etdiyi Ağdam Cümə Məscidində yerinə qoyur.. Daş məsciddə şüşə vitrində xatirə olaraq saxlanılır.
Ağdamda ikinci durağımız Şəhidlər Xiyabanıdır.1-ci Qarabağ müharibəsinin əfsanəvi batalyonu “Balakən Qartalları”nın komandiri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edərək Şəhidlərimizin ruhundan fatihə oxuduq. Ağdamdan çıxırıq Əsgərana tərəf.Gəlib çatdıq Əsgəran qalasına.Tarixi qalada xatirə şəkillər çəkərək yolumuza davam edirik üzü Xocalıya.Xocalı adı hər nə qədər kürəsəlçilərin erməni-rus icrasında Türkə qarşı ən böyük soyqırımın ünvanı olaraq qalsada,Şərqi Zəngəzur bölgəsinin ən müasir inkişafına sahib rayonun adı kimi,özü də fərqlənəcək. Bu istiqamətdə böyük işlər görülür orda dövlətimiz tərəfindən. Xocalı kiçik bir rayondur,o başında “Xankəndi” tabelası görünür. Və Xankəndinə daxil oluruq.Elə girişdən başlayan mənzərəylə insanda o qədər hisslər, duyğular oyanır ki..Uzun illərin həsrəti,özləmi, yanında vüsalı.Vüqarı,qüruru.Qalib dövlətin qalib vətəndaşı olduğunun duyğusu orda bir ayrı cürə gəlir sənə,dolğun,olğun hiss edirsən. Ayağını Xankəndi torpağına basdığında şər üzərində qələbənin fəxarətini yaşayırsan..
Xankəndində otelimizə yerləşdikdən sonra gec də olsa naharımızı edib biraz dincəlirik.Xankəndinə dəfələrlə səfər etsəm də heç vaxt gecə qalmamışdım.Xankəndinin gecələri bir başqa olurmuş.Gec nahar etdiyimizdən,biraz da dincəldikdən sonra şəhər gəzintimiz axşam çağına təsadüf edir.Otellər,restoranlarla dolu Xankəndində ən müasir tikinti,quruculuq,bərpa işləri gedir.Xankəndinin hal hazırkı görüntüsü işçilər,sahibkarlar,tələbələr və turislərdir.Böyük marketlər şəbəkələri Xankəndini də sarmış,hər küçədə bir şəbəkə marketinə rast gəlinir.Bir çox görməli,gəzməli yerləri dolaşdıqdan sonra yoruluruq. Şəhərin mərkəzində böyük samovarın qaynadığı bir çay ocağında yorğunluğumuzu çıxartmaq,samovar çayı içmək üçün əyləşirik.Gözəl samovar çayını qurtumlaya-qurtumlaya şəhərin mənzərəsindən həzz alır,şirin söhbət edirik.Necə deyərlər çaylar bahənə,söhbət şahanə..
Gecə düşür.Xankəndinin bir yay gecəsində otelimizə doğru addımlayırıq.Bu gecənin sabahı,Qarabağın tacı Şuşaya qalxacağıq. Sakit,sərin gecəli,təmiz və quru havası olan Xankəndində şirin,rahat yuxu yatırıq.Səhər tezdən başlayan inşaat işlərinin,texnikanın səsinə oyanırıq.Buralarda hələ xoruz banlamır.Səhər yeməyimizi yedikdən sonra Xankəndində dünən çata bilmədiyimiz bir yer qalmışdı: Qarabağ Universiteti.
Bu Universitet Qarabağdakı siyasi qələbəmizin təzahürüdür.İstədiyin yeri hərb gücüylə ala bilərsən,bu hərbi qələbədir. Orada məskunlaşdığın zaman isə bu siyasi qələbədir.”Qarabağ Universiteti” Xankəndində məskunlaşma yaradacaq.Universitetin həyətinə daxil oluruq,xatirə şəkillər çəkirik.Mühafizəyə təşəkkür edirik.Onların müşayəti ilə Universitetin içərisi ilə tanış oluruq,yaradılmış şəraiti əyani görürük.Universitet daha da böyüyür.Bu il 1400 tələbə ilə ilk dərs ilini başa vuran təhsil ocağına gələn il daha çox tələbə gələcək.Universitetin yanında əlavə korpusların tikilməkdə olduğunu da gördük.
Burdan ayrılıb gedirik Şuşaya.Şuşaya qalxdıqca aşağıda biraz əvvəl ayrıldığımız Xankəndi görünür,sanki ovcumuzun içindəymiş kimi.
Şuşaya daxil oluruq.İlk dayanacağımız şəhərin girişindəki Şuşa qalasıdır.Səfər iştirakçıları Şuşa qalası ilə tanış olub burda da xatirə şəkillər çəkdirdikdən sonra şəhərə daxil oluruq.”8 Noyabr” küçəsində Şuşa şəhəri Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi binasının qarşısında qoyulmuş, cənab Prezidentin səyi nəticəsində ölkəyə qaytarılmış üzərində erməni düşmənçiliyinin,vəhşiliyinin izləri olan Xurşidbanu Natəvanın,Bülbülün,Üzeyir Hacıbəyovun ermənilər tərəfindən güllələnmiş büstlərinin olduğu parkı ziyarət edirik.Yaxınlıqda yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinə baş çəkirik.İncəsənət məktəbinin müəllimi, Nəbi müəllimin sevinci yerə göyə sığmır,”Aşağı Gövhər Ağa” məscidinin yanında 15 yaşındaykən,40 il əvvəl gəldiyi sanotoriyanı görür(təbii ki,xarabalıqlarını),xatirələri canlanır gözündə.Xəyalı onu 40 il geriyə aparır və bizə xatırladıqlarını, yerlərini əli ilə göstərərək danışır..
Yuxarı Gövhər ağa məscidinin arxasından dolaşaraq M.P.Vaqifin məqbərəsinə,ordan 30 metr yuxarı Cıdır düzünə qalxırıq.Cıdır düzündə ad günü bu günə təsədüf edən,Balakən UİM-nin bu ilki məzunu Diana balamızı məktəbin direktoru,dərin düşüncəyə malik Arifə müəllimə hədiyyə ilə təbrik etdi.Təbii ki,Diana da Cıdır düzündə qeyd olunan bu doğum gününü unutmayacaq. İlk olaraq hərbi,sonra isə bir çox siyasi,mədəni tədbirlərin məkanı olan Cıdır düzü səfər iştirakçılarının ən yadda qalan xatirələrindən olacaq.Səfərin son dayanaca İsa bulağıdır.Şuşadan Laçın yoluna,ordan da İsa bulağına enirik.İsa bulağının sərin suyu,oranın sakit,yaşıl təbiəti, dadlı hazırlanmış,ləziz nahar yeməyi -hələlik, bu qədər-deyərək həm səfərimizə,həm də yazımıza bir fasilədir.
İnşallah,gələn görüşlərdə görüşmək diləyilə..













































