11 İyun 2025-ci il tarixində Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də “Açıq qapı” günü tədbiri keçirildi. Tədbirdə rayonun müxtəlif dövlət qurumlarının nümayəndələri, valideynlər, ictimaiyyət nümayəndələri , əməkdaşlıq etdiyimiz müəssisələrin təmsilçiləri və digər qonaqlar iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərlə tanış oldular.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin direktoru Azad Dibirov çıxış edərək, təhsil ocağının fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ yeni yaradılmış təhsil müəssisəsidir və fəaliyyəti Balakən şəhərində yerləşən 1 nömrəli və 2 nömrəli Peşə Məktəblərinin bazasında təşkil olunmuşdur. Diqqətə çatdırılıb ki, Mərkəzin əsas məqsədi rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir.
Mərkəzimizdə Kompüter sistem inzibatçısı, Turizm sahəsində iaşə üzrə mürtəxəssis, Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, Aşpaz, Dərzi, Dayə, Aqroservis mütəxəssisi, Tərəvəz (dual) və digər ixtisaslar üzrə, ümumilikdə, 6 istiqamət üzrə 21 qrupda 350 tələbə təhsil alır, onlardan 264 nəfəri bu il məzun olacaq. Gələcəkdə Mərkəzdə 3 illik təhsil müddətinə malik qrupların yaradılması və yüksək texniki peşə təhsili pilləsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dual təhsil proqramının əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.
Balakən Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından danışıb, peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti və peşə təhsilinin perspektivlərindən söz açıb, kollektivə uğurlar arzulayıb.Tədbirdə qonaq qismində qonşu rayonlardan Zaqatala və Qax Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-in nümayəndələri də iştirak etdilər.
Tədbir bədii proqramla davam etdi.
Qeyd edək ki, tədbirin əsas məqsədi Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-in fəaliyyət istiqamətləri, təlim-tərbiyə imkanları və tələbələrin əldə etdikləri praktiki bacarıqlar barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də gənclərdə peşə təhsilinə marağı artırmaqdır.Həmçinin Mərkəzin fəaliyyəti, təhsil imkanları, maddi-texniki baza, ixtisaslar və tələbələrin qazandığı bilik və bacarıqları geniş ictimaiyyətə təqdim etmək, eyni zamanda açıq və şəffaf ünsiyyət mühitində fikir mübadiləsi aparmaq idi.

























