Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

Balakən rayonunda Zəfər Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya ətraf mühitin mühafizəsi, yaşıllıq zolaqlarının genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədinə xidmət edib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poştbinə kəndi ərazisindən keçən hissəsində keçirilən aksiya zamanı ümumilikdə 500 ədəd bar verən ağac tingi əkilib. Əkilən tinglərin 170-ni qoz, 230-nu şabalıd, 100-nü isə muşmula ağacları təşkil edib. Ağacların sağlam inkişafını təmin etmək məqsədilə ərazi qorunub, tinglər suvarılıb və onlara müvafiq qulluq göstərilib.

Qeyd olunub ki, ölkəmizdə ekoloji layihələrin həyata keçirilməsi, yaşıllıq sahələrinin artırılması və təbii sərvətlərin qorunması istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Balakəndə keçirilən bu aksiya da Zəfər Gününün ruhuna uyğun olaraq gələcək nəsillərə daha yaşıl və sağlam mühitin miras qoyulmasına xidmət edir.

Aksiyanın iştirakçıları belə tədbirlərin ekoloji şüurun artırılması ilə yanaşı, cəmiyyətdə həmrəylik və vətənpərvərlik hisslərinin gücləndirilməsinə də mühüm töhfə verdiyini bildiriblər.

Yeni Balakən ✍️

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir