Azərbaycanda hər il noyabrın 1-i “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur. Bu peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə təsis edilib.
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayır. Azərbaycan qədim əkinçilik və heyvandarlıq ənənələrinə malikdir. Tütünçülük, taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, meyvəçilik və tərəvəzçilik ölkənin aqrar sektorunun əsas istiqamətlərini təşkil edir.
Son illər kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin daha da genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə çalışan insanların əməyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Balakəndə də silsilə tədbirlər təşkil olunub. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı sahəsində çalışan əməkdaşlar, fermerlər və sahibkarlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Dağüstü Parkda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra tədbir Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında davam etdirilib.
Tədbirdə iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev əvvəlcə mərkəzdə yaradılmış şərait, göstərilən xidmətlər və iş prosesi ilə tanış olub. Daha sonra DAİM-in dəyirmi masa zalında keçirilən görüşdə kənd təsərrüfatı işçiləri, fermerlər və sahibkarlarla söhbət edən rayon rəhbəri iştirakçıları və onların timsalında bütün kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Natiq Ağayev çıxışında dövlət tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, 2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatının inkişafı proqramı çərçivəsində rayonda görülən və qarşıda duran işlər barədə ətraflı məlumat verib. O, fermerləri və sahibkarları dövlətin yaratdığı münbit şəraitdən və təqdim olunan imkanlardan səmərəli istifadə etməyə çağırıb.
Tədbirdə kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaş Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub:
- Layıcov Elməddin Nəcməddin oğlu
- Əsdiyev Məzahir Heybullah oğlu
- Xəmmədov Ramazan Soltan oğlu
- Məmmədov Tərlan İsmayıl oğlu
- Əmirxanov Səxavət Tahir oğlu
- Fərhadlı Fəzail Fərhad oğlu
- Hacıyev Məhəmməd Ziyavəddin oğlu
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə ölkədə kənd təsərrüfatının inkişafında xüsusi xidmətləri olan bir qrup şəxs dövlət təltiflərinə layiq görülüb. Təltif olunanlar sırasında Balakən rayonunun yetirməsi, “AZZA” MMC-nin təsisçisi, kənd təsərrüfatının müxtəlif sahələrində uğurlu fəaliyyəti ilə tanınan fermer Zaur Əhmədiyev də yer alıb. O, “Tərəqqi” medalı ilə təltif edilib.
Tədbirin sonunda Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elvin Səmədov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə məlumat verib.
Direktor bildirib ki, proqram çərçivəsində rayonda yeni intensiv meyvə bağlarının salınması, günəbaxan yağının istehsalı, gön-dəri emalı müəssisəsinin yaradılması, soyuducu anbarların tikilməsi kimi mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Artıq Dövlət Proqramının icrası istiqamətində təsərrüfatlarda konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Elvin Səmədov vurğulayıb ki, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərərək Dövlət Proqramından irəli gələn tapşırıqların icrasını, kənd təsərrüfatının inkişafını və əhalinin məşğulluğunun artırılmasını daim diqqət mərkəzində saxlayacaqlar.
Sonda rayon rəhbəri Natiq Ağayevə və tədbirin qonaqlarına iştiraklarına görə təşəkkür ifadə olunub, həmçinin kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirilib.
Yeni Balakən

















Leave a Reply